"Ozon" Azərbaycanda: Qazanan kim olacaq?

   "Ozon" Azərbaycanda:  Qazanan kim olacaq?
  08 Avqust 2024    Oxunub:1386
Rusiyanın nəhəng elektron mağazası Ozon.ru onlayn pərakəndə satış şirkəti Azərbaycan sakinləri üçün satışa başlayıb. İstifadəçilər bazarda 30 milyon məhsuldan istənilən birini sifariş edə bilərlər. Amma yaxın gələcəkdə çeşidlərin 10 dəfə artırılacağı vəd edilib.
Qeyd edək ki, Ozon Rusiyada ilk e-ticarət şirkətlərindən biridir və bəzən " Rusiyanın Amazonu" adlandırılır. 1998-ci ildə Rusiyada onlayn kitab mağazası kimi qurulan Ozon 2019-cu ilə qədər ölkənin üç ən böyük onlayn pərakəndə platformasından biri olub. Hazırda şirkət Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da təmsil olunur.

2022-ci ildə Ozon Türkiyədə nümayəndəliklərini, Çində ofisini açıb.

Qeyd edək ki, hazırda ölkədə "Trendyol" və "Temu" kimi onlayn alış-veriş platformalarından da kifayət qədər istifadə edənlər var.

İqtisadçı ekspert Eldəniz Əmirov AzVision.az -a bildirib ki, istənilən istiqamətdə rəqabət mühitinin son dərəcə əhəmiyyəti vardır:

"Məhz onlayn satış platformasında rəqabət mühitinin formalaşması üçün digər şirkətlərin də bazara daxil olması çox vacibdir. Bu baxımdan sözügedən şirkətin də bilavasitə pərakəndə satış xidməti göstərməsi düşünürəm ki, Azərbaycan istehlakçıları, onlayn sifarişçilər üçün əlavə imkanlar yaradacaqdır.

Bu imkan özünü ilk növbədə keyfiyyətin yüksəlməsində və qiymətlərin ucuzlaşmasında göstərəcəkdir. Rəqabət mühiti olmayan halda istənilən təsərrüfat subyekti üçün geniş meydan yaradılır ki, daha aşağı keyfiyyətə daha yuxarı qiymətlə xidmət göstərsin. Bu baxımdan yeni şirkətlərin Azərbaycan bazarına daxil olması müsbət dəyərləndirilir".

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, müştərilər üçün nə qədər çox seçim imkanı olacaqsa, bir o qədər yaxşıdır:

""Trendyol", "Temu" kimi şirkətlərdən hansısa birinin digərləri ilə rəqabətindən ancaq müştəri qazana bilər. Amma onların bazarda başqalarını sıxışdırıb çıxarmasına imkan vermək olmaz. Bu halda Azərbaycan vətəndaşları üçün seçim imkanı çoxalacaq. Rəqabətli mühitdə məhsulların daha ucuz olması ehtimalı artacaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Ozon   e-ticarət   Temu   Trendyol  





Xəbər lenti