“Qarabağ ekoturizm baxımından xüsusi əhəmiyyətə malikdir”

“Qarabağ ekoturizm baxımından xüsusi əhəmiyyətə malikdir”
  17 İyul 2024    Oxunub:1411
Ekspert Vamiq Babayev: “Azad edilmiş ərazilərə infoturların təşkili, ərazi üzrə bələdçilərin formalaşdırılması, bölgədə turizm savadlılığının artırılması, regionun ekoturizmlə yanaşı, digər turizm növlərinin təbliğatının aparılması bölgədə turizmin əhəmiyyətli dərəcədə inkişafına səbəb ola biləcək”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.
Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.
Müsahibimiz ekspert,"Şəfəq" Ekoturizm İctimai Birliyinin rəhbəri Vamiq Babayevdir.

- Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- İşğaldan azad olunmuş ərazilərimiz ekoloji baxımdan zəngin, təbii imkanları geniş olan ərazilərimizdəndir. Bu ərazilərdə mövzud olan su hövzələri, axan çaylar, mineral bulaqlar əsil təbii sərvətimizdir. Amma buna baxmayaraq, Azərbaycan sərhədlərində, Ermənistan ərazisində su hövzələri yaxınlığında fəaliyyət göstərən metalurgiya zavodlarının fəaliyyəti nəticəsində həmin su hövzələri məqsədli şəkildə zəhərli kimyəvi tullantlarla çirkləndirilirdi. Bundan irəli gələrək, Ermənistanın ətraf mühitə vəhşicəsinə yanaşmasına susa bilməyərək və həm dövlətimizin, həm medianın, həm də vətəndaş cəmiyyətinin aparıcı qolu olan QHT-lərin ardıcıl apardığı tədbirlər nəticəsində qeyd olunan problemin qarşısını qismən də olsa almaq mümkün oldu. Hazırda ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərimizdə tikinti yenidən qurma işləri bütün ekoloji norma və prinsiplərə riayət olunmaqla həyata keçirilir, su resurslarından səmərəli istifadə olunmasına hesablanmış layihələr ardıcıl şəkildə icra olunur. Əlbəttə, qeyd olunan məqamlar öz növbəsində “yaşıl artım” prinsiplərinə əməl edilməsi baxımından əhəmiyyət kəsb edir.
- “Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
-Məlumat üçün bildirim ki, Qafqazın gözü olan Azərbaycanın bütün bölgələri turizm, o cümlədən ekoturizm baxımından əhəmiyyətlidir. Amma işğaldan azad edilmiş Qarabağ bölgəsi isə ekoturizm baxımından xüsusi əhəmiyyətə malikdir. Düzdür, 30 illik işğal dövründə erməni vandallığına məruz qalan bu bölgəmizdə çox sayda turizm resurslarımız məhv edilib. Amma yenə də buna baxmayaraq həmin ərazilərdə mövcud olan təbii sərvətlərimiz – flora və fauna müxtəlifliyi, eyni zamanda relyefi bunu deməyə əsas verir ki, region əsl turizm mərkəzidir. Zamanla həmin ərazilərə infoturların təşkili, ərazi üzrə bələdçilərin formalaşdırılması, “Böyük qayıdış” proqramının icrası ilə yanaşı, bölgədə turizm savadlılığının artırılması, turizmlə bağlı regionun ekoturizmlə yanaşı digər turizm növlərinin təbliğatının aparılması bölgədə turizmin əhəmiyyətli dərəcədə inkişafına səbəb ola biləcək. İşğaldan azad edilmiş ərazilərdə turizm potensialının artırılması əlbətdə ki, orada yaşayan əhalinin məşğulluq probleminin həllinə və regionun iqtisadi dayanıqlığına təsir edəcək. Bununla yanaşı dünya vətəndaşlarına erməni vəhşiliyinin tanıdılmasına geniş imkanlarımız yaranacaq.
-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Ümumiyyətlə maarifləndirmə tədbirləri necə olmalıdır? Hansı cərimələr tətbiq edilə bilər?
- Əlbətdə ki, bölgəyə köçürülən əhalini maarifləndirmək əsas işlərdən biridir və xüsusi əhəmiyyətə malikdir. İnsanlar təbiətə qayğı ilə yanaşmağı bacarmalı, istirahəti düzgün qaydada təşkil etməyi, müxtəlif formada turizm fəaliyyəti ilə məşğul olarkən dövlətimizin qanunlarına əməl etməyi əsas götürməlidirlər. İşğaldan azad olunan ərazilər həm də hazırkı dönəmdə mina təhlükəsindədir. Ona görə də cəmiyyətin, o cümlədən bölgəyə köçən əhalinin, səfərə gedən turistlərin, ən əsası isə ekoturistlərin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Maarifləndirmə və məlumatlandırma tədbirlərini müxtəlif media (KİV) vasitələri, eyni zamanda Qeyri-Hökumət Təşkilatlarının layihə və proqramları çərçivəsində təşkil etməklə buna nail ola bilərik. Cərimə məsələsinə gəldikdə bu dövlətin və onun ali orqanının səlahiyyətində olan məsələdir. Düşünürəm ki, yaşıl dünyamızı qrumaq üçün zərurət yaranarsa cərimələr, hətta sərt qaydalar da tətbiq olunmalıdır.
- Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?
- İşğaldan azad edilmiş ərazilər Azərbaycan Respublikasının ərazisidir və həmin bölgələrdə qanunsuz ov edənlərə və təbiətə ziyan vuranlara qarşı Azərbaycan Respublikasının qanunları çərçivəsində lazımi tədbirlər görülməlidir. İlk növbədə əraziyə köçən insanlar təbiətə qayğı ilə yanaşmağı öyrənməli və bunu təbliğ etməlidir. Bunun üçün də təbii ki, maarifləndirmə tədbirləri önəmlidir.
- Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yeni media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?
- Hazırda elə bir dövrdə yaşayırıq ki, yaşlı nəsildən başqa hər kəsin ən azı 1 smartfon telefonu, 2 sosial çəbəkə hesabı var. Eyni zamanda internet əsrində yaşayırıq. Bunlar da kifayət edir ki, müəyyən elanları paylaşmaqla böyük bir kütləni məlumatlandırmış olaq. Amma buna baxmayaraq bu hər kəsin diqqətini çəkəcəkmi yoxsa yox, hər kəsin diqqətini çəkə bilərik yoxsa yox, əsasən hədəf kütləni əhatə edə bilərik yoxsa yox məlum deyil. Bəzən daha geniş məlumatlandırma təbliğat üçün qapı-qapı gedərək, tədbirlər, təlim seminarlar icra edərək hədəf qrupun məlumatlanmasına nail omaq olur. Yaxşı olar ki, keçirilən tədbirlərlə bağlı yeni media hesablarında ictimaiyyətə də məlumat verilsin.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.

Tural Tağıyev
AzVision.az





Teqlər: Ekoturizm  





Xəbər lenti