Nicat Aslanov: “Azad edilmiş ərazilərdə ekoturizm güclü iqtisadi alət rolunu oynaya bilər”
- Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Azad olunmuş ərazilərdə ətraf mühitin, o cümlədən su hövzələrinin və bioresursların qorunması dövlətin əsas prioritetlərindən biridir. Məlum olduğu kimi, 2022-ci ilin iyul ayında "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunub. Həmin sənəddə təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə üzrə təbii resurslardan dayanıqlı və davamlı istifadənin təmin olunması öz əksini tapıb. Qeyd olunub ki, hidrometeroloji müşahidələr, ətraf mühitin monitorinqi sistemləri müasirləşdiriləcək, bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, akvakulturanın inkişafı təmin olunacaq, meşə ilə örtülən ərazilərin və yaşıllıqların mühafizəsi gücləndiriləcək. Bundan əlavə, 2022-ci ilin noyabrında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb. Bu sənəddə də işğaldan azad edilmiş ərazilərdə ekoloji mühit keyfiyyətinin yaxşılaşdırılması, ekoloji təmiz texnologiyalardan istifadə, ərazilərdə meşə fondunun, flora və faunanın bərpa edilməsi, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiq olunması, su ehtiyatlarından səmərəli istifadənin təşkili, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturlarla təmini kimi məsələlər əsas prioritet seçilmişdir. Hər iki sənəd dövlətin azad edilmiş ərazilərdə “yaşıl artım” prinsiplərinin tətbiqində marağının göstəricisidir.
-“Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
-Zəngin flora və faunaya malik meşələr, ecazkar dağ mənzərələri, təbii mineral bulaqları Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ekoturizm potensialını səciyyələndirir. Bölgənin qədim tarixi və mədəniyyəti turistlərin gözündə ərazini daha da cəlbedici edir. Qeyd edim ki, ermənilər hələ işğal dövründə Qarabağ ərazisindən Ermənistana kimi uzanan 500 km-lik “Janapar” adlı ekoturizm marşrutu tərtib etmiş və qanunsuz şəkildə həmin marşrut boyunca ekoturlar təşkil edirdilər. Məlum olduğu kimi ekoturizm yerli icmaya dəstək verən və insanları ətraf mühiti qorumağa təşviq edən bir turizm növüdür. Hazırda məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması və onların məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir. Bu baxımdan ekoturizm güclü bir iqtisadi alət rolunu oynaya bilər. Ekoturizmin bölgədə inkişaf etdirilməsi ilə həm insanlar əlavə qazanc əldə edə biləcək, həm də ətraf mühitə qarşı daha həssas davranış sərgiləyəcək. Təəssüf ki, hazırda ərazilərimizin böyük hissəsinin mina ilə çirkləndirilməsi bölgənin ekoturizm potensialından tam istifadə edilməsinə mane olur. Gələcəkdə digər bölgələrimizdə olduğu kimi Qarabağ və Şərqi Zəngəzur ərazisində də yeni ekoturizm marşrutlarının tərtib edilməsi gözlənilir. Yalnız təhlükəsizliyin tam bərpasından sonra bölgədə ekoturizmin sürətli inkişafına şahidlik edə bilərik.
-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Ümumiyyətlə maarifləndirmə tədbirləri necə olmalıdır? Hansı cərimələr tətbiq edilə bilər?
-Ekoturizmin müsbət xüsusiyyətlərindən biri də, yerli icma üzvlərində yaşadıqları ərazinin təbiətinin və mədəniyyətinin qorunmasında fərqindəlik yaratmaqdır. Ekoturizmdən gəlir qazandığını görən yerli əhali bölgə təbiətinin qorunmasına və onun tanıdılmasına daha çox təşəbbüs göstərir. Nəticə olaraq isə həm insanlar əlavə gəlir qazanır, həm də ətraf mühitə zərər görülməsinin qarşısı alınır. Hesab edirəm ki, vətəni qorumaq, ona sahib çıxmaq təkcə əlinə silah alıb vuruşmaq deyil. Hərb və diplomatiya yolu ilə yenidən sahib olduğumuz torpaqları, onun üzərində və altında yatan sərvətləri qorumaq hər bir ölkə vətəndaşının mənəvi borcudur. Öz doğma torpaqlarına qayıtmamışdan öncə məcburi köçkünlərə bölgənin ekologiyası və ekoturizm potensialı barəsində xüsusi təlimlər keçirilə bilər. Onlar ekoloji cinayətlər zamanı qanunvericiliklə nəzərdə tutulmuş cəzalar barədə məlumatlandırılmalıdırlar. Ekoturizmin mənəvi, ekoloji və iqtisadi faydasından agah olan şəxs inanmıram ki, yaşadığı bölgədə hər hansısa bir mənfi davranış sərgiləsin.
-Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?
-Brakonyerlik ümumi bir bəla olub, ona dünyada ekoloji həssaslığın yüksək olduğu cəmiyyətlərdə belə rast gəlinir. Brakonyerlər üçün ekoloji mədəniyyət, ətraf mühitin qorunması, milli-mənəvi məsələlər heç bir əhəmiyyət kəsb etmir. Hesab edirəm ki, brakonyerliyin və digər ekoloji cinayətlərin qarşısının alınması işində ən yaxşı seçim işğaldan azad edilmiş ərazilərdə Milli Park və qoruqların yaradılması olar. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin (WWF) birgə apardığı uzunmüddətli müşahidələr əsasında Kəlbəcər dağlarında ilk dəfə bəbir görüntülənmişdir. Qeyd edim ki, buna qədər bəbirlər fototələlər vasitəsilə yalnız Hirkan meşəliyində və Naxçıvanda qeydə alınmışdır. Bu fakt həmin ərazinin biomüxtəlifiyinin zənginliyindən xəbər verməklə, ərazinin dərhal nəzarət altına alınmasını və qorunmasını zəruri edir. Ərazidə Milli Parkların yaradılması gələcəkdə ekoturizmin də inkişafına öz müsbət təsirini göstərəcəkdir.
-Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yeni media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?
-Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində yaşayanlar əsasən müxtəlif təyinatlı şirkət əməkdaşları və hərbçilərdir. İlkin olaraq həmin qurumlarla ekoloji maarifləndirmə işləri aparılmalıdır. Eyni zamanda, azad edilmiş ərazilərə köçürülmüş və köçürülməsi planlaşdırılan yerli sakinlərin müxtəlif təlim və profilaktik söhbətlərlə ekoloji həssaslığın artırılmasına diqqət yetirilməlidir. Növbəti mərhələlərdə isə artıq gələcəkdə turist kimi bölgəyə səfər edən turistlərdə ekoloji fərqindəlik yaratmaq əsas prinsip olmalıdır. Bunun üçün isə müxtəlif sosial media layihələri hazırlamaq olar. Brakonyerliyin təbiətə, ekosistemə vurduğu zərəri vurğulayan videoların hazırlanması, bölgənin təbiətini təcəssüm etdirən videomaterialların yaradılması, haştaq kampaniyaları, geniş kütləyə çıxmaq üçün məşhurların bu tip kampaniyalara cəlb edilməsi, foto və video müsabiqələrin təşkil edilməsi və s. Son dövrlər dünyada ov turizmini əvəzləyəcək təbiətyönümlü “foto-ovçuluq” trendi yaranmışdır. “Foto-ovçuluq” ətraf mühitə qarşı fərqindəliyin yaranmasında, ekoloji mühitin qorunmasında, bölgənin təbliği və tanıdılması işində, yerli iqtisadiyyata fayda verilməsində olduqca əhəmiyyətlidir. Bu trendi işğaldan azad edilmiş bölgələrdə yaymaqla qarşıya qoyulmuş məqsədə çatmaq mümkündür.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.
AzVision.az
Teqlər: