Azərbaycanda niqab taxmaq qadağan edilə bilərmi? - Açıqlama

 Azərbaycanda niqab taxmaq qadağan edilə bilərmi? -    Açıqlama
  11 İyul 2024    Oxunub:1503
Xəbər verdiyimiz kimi, Dağıstan Müftiliyi niqab taxmağı müvəqqəti qadağan edib. Qadağa ölkədə müəyyən edilmiş təhdidlər aradan qaldırılana qədər qüvvədə olacaq. Eyni zamanda Tacikistan da hicab taxmağı qadağa edib.
Bəs, Azərbaycanda belə bir ehtimal ola bilərmi?

Tacikistan hicab taxmağa qadağa qoydu
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov AzVision.az -a açıqlamasında bildirib ki, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. Ona görə də ölkəmiz milli -mənəvi dəyərləri qorumaqla sivil dünya qaydaları əsasında inkişaf edir.

"Bunu ölkəmizdə aparılan siyasi kursun uğuru hesab edə bilərik. Azərbaycana gələn xarici qonaqlar bizi inkişaf edən bir ölkə kimi görürlər. Yəni, Azərbaycanda dini etiqad azadlığı təmin olunub. Niqab və ya hicabın geyinib-geyinilməməsi ilə bağlı hər hansı bir qadağanın qoyulmasına ehtiyac yoxdur. Çünki, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə təmin olunub və radikal qüvvələrin hərəkətləri üçün meydan daraldılıb. Bu baxımdan dini müstəvidə yeni qadağaların tətbiqi bu günün müzakirə mövzusu deyil".

A.Badamov qeyd edib ki, Azərbaycanda insanlar din və əqidələrinə uyğun geyimlərdən istifadə etməkdə sərbəstdirlər.



"Bu, hər bir vətəndaşın azad seçimidir. Lakin bütün hərəkətlər qanun çərçivəsində olmalıdır. “Dini etiqad haqqında” qanunda kimlərin dini fəaliyyətlə məşğul ola biləcəyi ilə bağlı dəqiq tələblər müəyyən olunub. Amma niqab və ya hicabın geyinilməsi ilə bağlı normalar orada göstərilməyib.

Bununla yanaşı qeyd etmək istəyirəm ki, hicab geyinən hər kəsi Allaha sadiq bəndə kimi qəbul edə bilmərik. Hicabdan sui-istifadə edərək özlərinin çirkin niyyətlərini həyata keçirənlər də olur. Əsas məsələ niqab və ya hicab yox, əməllərin, əxlaqın və niyyətin təmiz olmasıdır. Vacib olan insanın saf ürəklə Allahın qoyduğu yolla yaşamasıdır. Bunu hicab geyinmədən də etmək olar".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   hicab   qadağa   din  





Xəbər lenti