Bakının siçovullu restoranları: "Mətbəxlər pis vəziyyətdədir"

 Bakının siçovullu restoranları:  "Mətbəxlər pis vəziyyətdədir"
  09 İyul 2024    Oxunub:1003
"Bakıda restoranların zalları ilə mətbəxləri bir çox hallarda bir-birinə uyğun gəlmir. Bu sahədə aşkarlıq yoxdur, qapalılıq var".
AzVision.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, insanlar açıq mətbəxi olan restoranlara getsinlər:+++

"Şəhərdə olan bər-bəzəkli restoranların mətbəxləri pis vəziyyətdədir. Bakıda yalnız bir restoranın mətbəxinə kamera qoymağa nail olduq. Zalda əyləşənlər orada nə baş verdiyini görürlər.

Buna görə də insanlara məsləhət görürəm ki, açıq mətbəxi olan restoranlara getsinlər. Bəzən qidaları restorandan kənarda bişirib gətirib qonaqlara verirlər. Hökumətin yaratdığı toxunulmazlıq, rahatlıq şəraitindən biznesmenlər sui -istifadə edir və istehlakçı hüquqlarını pozurlar.

Xarici ölkələrdə də belə hallar yaşanır. Məsələn, mən bir dəfə Kanada da bir restorana gedəcəkdim. Getməmişdən bir gün qabaq restoranda tarakan görünməsi ilə bağlı məlumat aldım. Səhərisi günü həmin restoran bağlandı. Dünyanın hər yerində bu kimi problem var".



E. Hüseynov deyir ki, hökumətin istehlakçı siyasəti dəyişməlidir. Biznesin inkişaf siyasəti ilə istehlakçı siyasəti düz gəlmir.

"Qida Təhlükəsizliyi Agentliyinin yoxlamalar aparması üçün böyük məhdudiyyətlər var. Jurnalistlərə gedib restoranların mətbəxinə baxmağa icazə vermirlər. Dövlətin qanunları istehlakçının zərərinə yönəlmiş şəkildədir. Qanunlar dəyişməlidir.

Regionlarda restoranlarda vəziyyət lap pisdir. Xüsusən şimal bölgəmizdə acınacaqlıdır. Kirli əski ilə qab yuyulduğunu görmüşəm".

Xatırladaq ki, ötən gün Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib . Görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti