ADY-dən parkinq qiymətləri ilə bağlı açıqlama: "Sərnişinlərin rahat hərəkəti üçün edilib"

      ADY-dən parkinq qiymətləri ilə bağlı açıqlama:    "Sərnişinlərin rahat hərəkəti üçün edilib"
  27 Mart 2024    Oxunub:1963
"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus parklanma ərazisindəki yeni qiymət artımı sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Parklanma ərazisinə girişin ilk 15 dəqiqəsinin ödənişsiz olmasına baxmayaraq, sürücülər sonrakı dəqiqə və saatlarda olan qiymətlərin şişirdilmiş olduğunu qeyd edirlər.
Belə ki, parklanma xidmətlərindən istifadə 15-30 dəqiqə üçün 1 manat, 30-60 dəqiqə üçün 2 manat, 20-24 saat üçün isə 30 manatdır.
Daha iki yerdə parkinq qiymətləri qalxacaq - Cədvəl


ADY-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək. 

"Sözügedən ərazi sərşinlərin qarşılanması və yola salınması zonası olduğu üçün avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsinə şərait yaradılıb. Bu, dəmiryolundan istifadə edənlərin vağzal ərazisinə avtomobillə giriş və çıxışını, o cümlədən sərnişin məmnuniyyətini təmin etmək baxımından edilib.

Qarşılanma və yola salınma zonasının 72 avtomobili parkinq etmək tutumu var. Bu baxımdan ərazi ilk növbədə qatarlardan istifadə edən sərnişinlərin vağzal ərazisinə rahat daxil olması üçün nəzərdə tutulub. 15 dəqiqədən artıq digər məqsədlərlə ərazidə avtomobil saxlamaq istəyənlər müəyyən edilən tariflərə uyğun avtomobillərini parkinq edə bilərlər".

S.Nəzərova qeyd edib ki, sözügedən zonada avtomobillərin sutkalıq və ya daimi saxlanılması arzuedilən deyil, çünki uzunmüddətli parklama ərazinin əsas təyinatı olan sərnişinlərinin rahat gəlib gedişinə maneə törədir. Tariflərin yüksək olması da sərnişinlərin rahat giriş-çıxışını təmin etmək üçündür.

"Nəzərə alsaq ki, ADY-na məxsus qatarlardan gündəlik olaraq 30 mindən çox sərnişin istifadə edir, ilk növbədə sərnişinlərimizin Bakı Dəmiryol Vağzalının xidmətlərindən rahat istifadə etmələri və parkinq ərazisinə manesiz daxil olmaları üçün şərait yaradılacaq. Ərazidə uzunmüddətli maşın saxlamaq istəyənlər vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən "Azparkinq" yerüstü və yeraltı dayanacaqları xidmətlərindən istifadə edə bilərlər".

Aytən Zəhra
AzVision.az


Teqlər:   ADY   Parking  





Xəbər lenti