NATO Trampın qayıdışı variantına hazırlaşır

   NATO    Trampın qayıdışı    variantına hazırlaşır
  12 Fevral 2024    Oxunub:1122
Ukraynaya silahların verilməsi mexanizminin koordinasiyasına yenidən baxıla bilər.
AzVision.az Qərb mediasında yayımlanan məlumatlara isinadən xəbər verir ki, Kiyevin qərbdəki müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün əlaqələndirilməsi mexanizminin dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayıblar. 2022-ci ilin aprelindən bu funksiyaları ABŞ-nin sədrlik etdiyi Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu – “Ramştayn” həyata keçirir. Lakin bu ilin əvvəlində tərəfdaşlar bir sıra səbəblərə görə, əsasən də Vaşinqtonda mümkün hakimiyyət dəyişikliyi baxımından, bu formatın dəyişdirilməsi qənaətinə gəliblər. Onlar “Ramştayn”ın funksiyalarını NATO-ya ötürmək və bununla da ABŞ-ni silah təchizatı meneceri rolundan azad etmək barədə düşünürlər.


“Ramştayn” formatında müttəfiqlərin 19-cu görüşü fevralın 14-də NATO-nun Brüsseldəki mənzil-qərargahında - alyansın müdafiə nazirlərinin görüşü ərəfəsində baş tutacaq. Görüşdən bir neçə gün əvvəl isə müttəfiqlər qəfildən Pentaqonun rəhbəri Lloyd Ostinin sədri olduğu bu qrupun effektiv platforma adlandırdıqları mexanizminin işinin dəyişdirilməsi zərurətini vurğulamağa başlayıblar.

Almaniyanın “Handelsblatt” qəzetinin yazdığına görə, koordinasiya funksiyalarının təmas qrupundan NATO-ya ötürülməsi barədə müzakirələr gedir. Heç kim “Ramstayn” formatından formal şəkildə imtina etməyəcək, lakin indiyədək hərbi blokdan müstəqil olan struktur Şimali Atlantika Alyansının nəzarətinə keçə bilər.

Bunun baş verəcəyi təqdirdə, Birləşmiş Ştatlar qrupun lideri kimi rəsmi statusunu itirəcək və Vaşinqtonun əvəzinə NATO-nun timsalında “Ramştayn”ın kollektiv sədri olacaq. Alman nəşri bildirir ki, təzə ideya bu yaxınlarda ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən işlənərək hazırlanıb.

Qeyd edək ki, liderlik yükünün ABŞ-nin üstündən götürülməsi təşəbbüsü təsadüfdən yaranmayıb. Trampın Ağ Evə qayıtma ehtimalının kifayət qədər real olduğu qənaətinə gələn Vaşinqton və Avropa onun həm müttəfiqlik, həm də Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ritorikasını nəzərə alaraq, ehtiyat tədbirlərinin görülməsini zəruri hesab edirlər. Şübhəsiz ki, təcridçi prezidentin ikinci müddətində ABŞ-nin himayəsi altında Ukraynanın müdafiəsi üçün təmas qrupunun saxlanılması şansı sual altına düşəcək.

Qərb mediası hələ Ağ Evə gəlməmiş Trampın artıq Amerika siyasətinə nəzarəti özünə qaytarmağa başladığına diqqət çəkib. Ukraynaya yardım müqabilində immiqrasiya nəzarətini gücləndirmək üçün qanun layihəsini qəbul etməməklə bağlı onun xahişi, iki partiyanın aylar boyu mübarizədən sonra razılaşdırdığı ikitərəfli sənədi torpağa gömdü.
Fevralın 10-da Cənubi Karolinada seçkiqabağı mitinqdə çıxışında isə Donald Tramp Senatda prosedur səsverməsindən uğurla keçən Ukraynaya və ABŞ-nin digər müttəfiqlərinə kömək üçün ayrıca qanun layihəsinə də zərbə vurub.

“Biz bu müharibəni dayandırmalıyıq və mən onu həll edəcəyəm” deyən ekssentrik siyasətçi Konqresdən Kiyevə yalnız kredit şəklində pul göndərməsini tələb edib. Onun sözlərinə görə, Vladimir Zelenski “tarixin ən böyük treyderidir” və Kiyev amerikalıların iştirakı olmadan Rusiya ilə müqavilə bağlasa, ABŞ “yüz milyardlarla dollar” itirəcək.


Üstəlik, Donald Tramp hakimiyyətdə olduğu zaman NATO üzvlərini müdafiə xərclərini artırmayacağı halda, ABŞ-nin Avropada “Rusiyanı istədiyini törətməyə təşviq edəcəyi” ilə hədələdiyini də xatırladıb. Onun iddiasına görə, avropalı müttəfiqlərə qarşı bu təhdidindən sonra “NATO büdcəsinə yüz milyardlarla dollar daxil oldu” .

Məhz bu reallıqlar fonunda Ağ Ev administrasiyası Vaşinqtonda hakimiyyət dəyişikliyi olacağı təqdirdə müttəfiqlərini qorumaq qərarına gələrək “Ramştayn”ın işini yenidən formatlaşdırmaq barədə düşünməyə başlayıb. “Handelsblatt” nəşrinin məlumatına əsasən, Sallivan və Stoltenberqin təklif etdiyi planı Şərqi Avropa ölkələri, Böyük Britaniya və Fransa dəstəkləsələr də, dərhal belə bir konsepsiyanın həyata keçirilməsinə mane ola biləcək vəziyyət yaranıb.

Belə ki, 2022-ci ilin aprelində “Ramştayn” qrupu bilərəkdən NATO bazasında yaradılmayıb. Çünki Kiyevin müttəfiqləri hər vəchlə Şimali Atlantika Alyansının bütövlükdə Rusiya ilə heç bir qarşıdurmada iştirak etmədiyini göstərməyə çalışırdılar. Üstəlik, genişmiqyaslı hərbi əməliyyatlar başlanandan NATO üzvləri silahlı qüvvələrin bütün təchizatının Ukrayna ilə ikitərəfli razılaşmaların və suveren qərarların mövzusu olacağını qərara aldılar.

“Ramştayn”ın NATO strukturuna inteqrasiyası isə blokun rəsmi şəkildə Kiyevə hərbi təchizat məsələlərinə cəlb edilməməsinə dair əvvəlki səyləri sarsıda bilər. KİV-lərin məlumatına görə, Almaniya nümayəndələri dərhal tərəfdaşlarına “NATO-nun Rusiya ilə müharibəsi” barədə lazımsız əsaslar vermək istəmədiklərini bildiriblər.

İstənilən halda, həm fevralın 14-də təmas qrupunun, həm də fevralın 15-də NATO-ya üzv dövltlərin müdafiə nazirlərinin görüşündə müttəfiqlər “Ramştayn”ın yenidən formatlaşdırılması ideyasını ətraflı müzakirə edə biləcəklər. Hələlik isə, fevralın 14-də qrupun iclası Lloyd Ostinin sədrliyi ilə hazırkı formatda keçiriləcək. Maraqlıdır ki, sonuncu dəfə - yanvarın 24-də Pentaqon rəhbəri müttəfiqlərinə ABŞ-nin Kiyev üçün vəsaitinin olmadığını bildirərək, tərəfdaşlarından Ukrayna Silahlı Qüvvələrinə ehtiyatda saxlanılan silahları daha diqqətlə axtarmağı xahiş edib. Qarşıdan gələn “Ramştayn” isə, koalisiya liderinin əliboş gələ biləcəyi ardıcıl ikinci görüş olacaq.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:





Xəbər lenti