ABŞ ekspertləri: İqtisadi kollapsdan qızıl xilas edə bilər

   ABŞ ekspertləri:    İqtisadi kollapsdan qızıl xilas edə bilər
  05 Fevral 2024    Oxunub:1369
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini dəyişməyərək 5,25-5,5% səviyyəsində saxlayıb. Qurumun sədri Jerom Pauell, uçot dərəcəsinin endiriməsinin yalnız inflyasiyanın inamlı şəkildə aşağı düşdüyü zaman başlayacağını bildirib. Amma bunun üçün FES-in inflyasiyanın 2%-ə enməsi ilə bağlı gözləntilərinin özünü nə vaxt doğruldacağı aydın deyil.
AzVision.az xəbər verir ki, FES-in sədrinin bəyanatı fonunda bəzi amerikalı analitiklər ABŞ-nin siyasət və iqtisadiyyatındakı kritik vəziyyət, habelə geosiyasi fırtınaları nəzərə alaraq investorları qızıla sərmayə qoymağa çağırırlar. Onlar ABŞ-nin dövlət borcunun artmasına nəzarəti itirdiyini və hazırda vəsaitlərini qızıla yatıranların fantastik gəlirlər götürəcəyini iddia edirlər.

Amerikanın “Merrill Lynch” iri investisiya bankının keçmiş brokeri Stüart Tomson “GoldSeek.com” portalına açıqlamasında hazırda ABŞ-nin “investisiya landşaftı”nda inflyasiyanın, resessiyanın, 2021-2025-ci illərin hərbi dövrünün, dəyəri olduğundan çox artıq qiymətləndirilmiş fond bazarının, “dəhşətli” borc həddinin və “imperiyanın (ABŞ) transformasiyası” hallarının hökm sürdüyünü vurğulayıb.


Tomsonun sözlərinə görə, yenilik ondan ibarətdir ki, ABŞ hökuməti borc artımına nəzarəti itirib və bu, “istiqraz bazarında inflyasiya və terrorun sürətlə artmasına” gətirib çıxarıb.

Onun mövqeyinə şərik çıxan qiymətli metallar üzrə sərmayədar Stefan Qlison bildirib ki, qızılın bahalaşmasının əsas amili ABŞ siyasi sisteminin artan borc böhranının öhdəsindən gələ bilməməsidir.

“Nə respublikaçıların, nə də hakimiyyətdə olan demokratların xərclərə nəzarət etmək, büdcəni tarazlaşdırmaq və ya borcları ödəmək üçün real planları yoxdur” , - Qlison deyib.

Milli borcun 34 trilyon dolları ötməsi nəticəsində (2024-cü ildə hökumət təkcə faiz dərəcələri üzrə 1 trilyon dollardan çox ödəməlidir) sosial təminat və tibbi sığorta sistemləri sürətlə müflisləşməyə yaxınlaşır, onlar üzrə təmin olunmamış öhdəliklər isə trilyonlarla dollar təşkil edir.

Qlison bildirir ki, belə böyük öhdəlikləri ödəmək üçün ABŞ-da vergilər heç vaxzt həddən çox qaldırılmayacaq və siyasi reallıq “xərclərin heç vaxt kəsilməyəcəyindən və vəd edilən güzəştlərin heç vaxt ləğv olunmayacağından” ibarətdir.

“Sınma nöqtəsi yaxınlaşır. ABŞ hökumətinin kredit reytinqi 2023-cü ildə reytinq agentlikləri tərəfindən iki dəfə aşağı salınıb. Borc böhranı uzun sürəcək. Çünki “bizim kağız pul sistemimiz” çərçivəsində maliyyə nazirliyi “havadan yaradılmış nağd pul müqabilində” FES-in balansına istiqrazlar dempinq etməklə həmişə daha çox dollar “borc götürə” bilər. Dollarda valyuta təklifinin artırılması siyasəti yürüdən hökumət öz hesablarını ödəməyə davam edir. Lakin defolt qaçılmazdır, ona görə də valyutanın tüğyan edən ucuzlaşması şəraitində alıcılıq qabiliyyətini qorumağın yolu fiziki şəkildə qızıl və gümüşü saxlamaqdan keçir” , - Qlison iddia edir.

Srüart Tomson isə hətta çöküşün konkret olaraq 2030-cu ildə baş verəcəyini də söyləyir. Məhz həmin il “ABŞ fond və istiqraz bazarlarında sərmayəçilər heç onları geri almaq barədə düşünmədən bu bazarları aqressiv şəkildə satmağa başlayacaqlar”. Bundan sonra, isə “qızıl çox güman ki, növbəti parabolik hərəkətlə daha yüksəklərə qalxmağa başlayacaq”.

1929-cu ildə yaşanmış analoji böhranla paralellər aparan analitik belə qənaətə gəlir ki, o zaman ABŞ əhalisinin əlində olan çoxlu qızıl pulun “müsadirəsi” vəziyyəti xilas etdi. İndi isə əhalinin əlində yalnız “konfet kağızları” var.

FES-in kağız banknotlarından fərqli olaraq, qiymətli metallar fiziki cəhətdən azdır və mədənçilikdəki çətinliklər səbəbindən bundan artıq olmayacaq. Əslində bu müstəvidə bazarlar 2024-cü ildə təklifin azalması ilə üzləşəcəklər.

“GoldSeek.com” nəşrinin prezidenti Piter Spina bu gün ABŞ-dakı kritik vəziyyəti anlayan və Amerika dövlət istiqrazlarına sərmayə qoymağı dayandıran mərkəzi bankların alışları ilə qızıl bazarının xeyli canlandığını düşünür.


Qeyd edək ki, Qızıl üzrə ümumdünya şurası qızıl alışının mərkəzi banklar tərəfindən “başgicəlləndirici templərlə” dəstəkləndiyini açıqlayıb. Ötən il xalis alışlar 1037 metrik ton olub ki, bu da 2022-ci ilin rekordundan cəmi 45 ton azdır. Qızıl fyuçersləri təxminən keçən ilin dekabr ayının ortalarından bəri psixoloji göstərici olan 2000 dollar səviyyəsində sabit qalıb. Yüksək texnologiyalar üzrə məşhur “FactSet” şirkəti bildirib ki, fevralın ilk günündə aprel ayı üçün fyuçerslərdə qızılın bir Troya unsiyasının qiyməti 3,70 dollar və ya 0,2% artaraq 2,071 dollara çatıb.

Spinanın fikrincə, qiymətlər yaxın aylarda yeni rekord həddə yüksələcək və bunun əsas səbəbi ilə bağlı o, digər analitiklərlə eyni yanaşma sərgiləyir.

- Buna daha çox “FES-in siyasətinin yumşaldılması” deyil, qlobal iqtisadi qeyri-müəyyənlik fonunda zəifləyən dollar və təhlükəsiz liman aktivlərinə güclü tələb səbəb olacaq. Geosiyasi gərginlik, münaqişələr və risklər artır. Bu isə, bir çox BRİKS ölkələrinin getdikcə daha çox qızıl ehtiyatı toplamasına gətirib çıxarır” , - Spina vurğulayıb.

Maraqlıdır ki, istər dövlət, istərsə də vətəndaşlar səviyyəsində qızıla tələbat məhz kollektiv Qərbin sərt sanksiyalar tətbiq etdiyi ölkələrdə xüsusilə artıb.

Məsələn, Rusiyanın Maliyyə nazirliyinin rəsmi məlumatına əsasən, qızıla kəskin şəkildə maraqlarını artıran vətəndaşlar keçən il 95 ton qızıl alıblar. Rusiyada bu, təkcə inflyasiyadan xilas olmaqla və investisiya bazarında sanksiyalarla deyil, həm də valyutanı başqa yolla ixrac etməyin çətin olması ilə bağlıdır. Ona görə də sözün əsl mənasında valyuta “cibdəki külçə ilə” ixrac olunur.

Qızıla tələbatın ən çox artması isə Çində müşahidə olunub. Orada hətta əhalinin qızıla yatırımı 2023-cü ildə 24% artaraq 56 milyard dollarlıq rekord həttə çatıb.

Məhz bu tendensiyalar gələcək on ildə Qərb valyutalarına və fond bazarlarına çıxışı bloklanan və sanksiyaya məruz qalmış ölkələrin vətəndaşlarının inanılmaz dərəcədə varlanacaqlarına dəlalət edir.

“Bu (birjanın çökməsi) Çin, Hindistan və digər ölkələrin qızıla meyllənən vətəndaşlarına misli görünməmiş miqdarda yeni sərvət gətirəcək” , - Stüart Tomson iddia edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: iqtisadiyyat   qızıl  





Xəbər lenti