Tramp prezidentliyə namizəd kimi ilk seçkilərdə qalib oldu

   Tramp prezidentliyə namizəd kimi    ilk seçkilərdə qalib    oldu
  16 Yanvar 2024    Oxunub:1862
ABŞ-nin keçmiş prezidenti Donald Tramp respublikaçı seçicilərin Ayova ştatında keçirilən kokusunda (siyasi partiyanın və ya siyasi hərəkatın tərəfdarlarının yığıncağı) səslərin çoxunu qazanıb. Bu, respublikaçılar partiyasından prezidentliyə namizəd seçmək üçün ilk səsvermədir.
AzVision.az Ayova ştatının respublikaçılar partiyasının saytında dərc olunan məlumata istinadən xəbər verir ki, 38 mindən çox səsin hesablanmasından sonra Donald Tramp seçicilərin 53%-ni, Florida ştataının qubernatoru Ron DeSantis 20,1%-ni, ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli isə 18,3%-ni toplayıb. Hind mənşəli amerikalı sahbkar Vivek Ramasvami isə 7,7% göstərici ilə dördüncü olub. Bu rəqəmlər hələ tam dəqiqləşdirilməyib.

Elə həmin gün, yanvarın 15-də bu ştatda demokratlar partiyasının tərəfdarı olan seçicilərin də yığıncağı olub. Lakin bir neçə həftə ərzində poçtla keçiriləcək səsvermənin nəticələrinin martın 5-dək açıqlanacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-da respublikaçılar və demokratlar partiyalarından prezidentliyə namizədlər üçün seçkilər iki formatda - kokus və praymeriz formatında keçirilir.

Birinci halda yerli səviyyədə müəyyən bir partiya tərəfindən seçicilərin qeyri-rəsmi görüşləri keçirilir və səslər “başlar” və ya qaldırılan əllər variantı ilə hesablanır.

Praymeriz (ilkin) seçkiləri isə əyalət hökumətləri tərəfindən təşkil edilir və səsvermədə seçki qutularından və bülletenlərdən istifadə olunur.

Praymeriz və kokus prosedurlarının nəticələri yayda hər iki partiyanın keçirəcəyi partiya qurultaylarında hər bir ştatdan konkret namizədə səs verəcək partiya nümayəndələrinin sayını müəyyənləşdirir. Namizəd kimi irəli sürülmək üçün iddiaçılardan biri nümayəndələrin yarıdan çoxunun dəstəyini almalıdır.

Yeri gəlmişkən, əksər ekspertlər özünü dünyada demokratiyanın ən qısqanc müdafiəçisi kimi qələmə verən ABŞ-da seçkilər prosesinin birbaşa yox, dolayı və mürəkkəb üsulla keçirilməsinin çoxdan anti-demokratik prosedura çevrildiyini iddia edirlər. Bu baxımdan, ən ciddi tənqidə məruz qalan prosedurlardan biri də poçtla səsvermə sisteminin getdikcə daha geniş vüsət almasıdır.

Bir çox analitiklər seçkilərin nəticələrinin saxtalaşdırılması üçün demokratlar partiyasının bu üsuldan gen-bol yararlandığını iddia edirlər.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   qələbə  





Xəbər lenti