Antidopinq pozuntusu: 7 idmançıya sanksiya tətbiq edildi

  Antidopinq pozuntusu:  7 idmançıya sanksiya tətbiq edildi
  28 Dekabr 2023    Oxunub:1276
2023-cü ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) hesabatında qeyd edilib.

"Bunlardan 5-i idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək, 1-i isə idmançı tərəfindən məkan məlumatı pozuntusu olub. Belə ki, idmanın triatlon növündə 3, boksda, pauerliftinqdə, kikboksinq və cüdoda 1 qayda pozuntusuna rast gəlinib".

Qeyd edilib ki, cari ildə AMADA-nın Təhqiqat şöbəsi 54 məsələ barədə araşdırma aparıb. Bunlardan 16-sı antidopinq qayda pozuntusu, 38-i məkan məlumatı xətası olub. Məkan məlumatı xətasından 3-ü məkan məlumatının təqdim edilməməsi, 35-i isə buraxılmış testdir.

"Hesabat dövründə idmançılardan 1100 antidopinq testi götürülüb və hazırda milli test proqramı ilin sonunadək davam edəcək. Milli test proqramının yekun sayı cari il dekabrın 30-da müəyyənləşəcək. Test bölüşdürmə planı 26 idman növünü və 51 yarım növü əhatə edir. 35 milli yarışda test etmə keçirilib, 11 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 96,4 faizi Bakıda, 1,6 faizi bölgələrdə, 2 faizi isə dünyanın digər şəhərlərində götürülüb. Ümumi test olunan idmançı sayının 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil edir", deyə hesabatda qeyd edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti