Bu təkcə seçki yox, həm də əldə bülletenlə edilcək savaş olacaq

   Bu təkcə seçki yox, həm də əldə bülletenlə edilcək savaş olacaq
  08 Dekabr 2023    Oxunub:2232
Növbədənkənar Prezident seçkisi haqda elə Sərəncam dərc edilən gün xaricdəki bəlli çevrələrə bağlı “müxalifətçilər”in hərəkətə keçərək demaqoqluğa başlamaları əsassızdır, amma paradoksal səslənsə də, eyni zamanda da tam təbiidir.
Niyə əsassızdır, bu heç kimə sirr deyil. Növbədənkənar Prezident seçkisi haqda Sərəncamla Azərbaycan qanunları pozulmur ki, əlbəttə, yox. O, Seçki Məcəlləsinə uyğundurmu, bəli, uyğundur. Nəzərə alsaq ki, seçki siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından az sonra keçiririləcək, demək, düzgün dəyərləndirsələr, bu, müxalifət üçün də verilmiş yaxşı fürsətdir. Çünki onlar son bir neçə ayda tərəfdarları, əgər varsa, elektoratları ilə intensiv işləyiblər, özlərinin bütün zəif və yenə də əgər varsa, güclü tərəflərini yaxşı bilirlər. Bir sözlə, ölkədə qarşıdakı seçki üçün ədalətli rəqabət mühiti var. Üstəlik bu təcrübədən digər dövlətlər də, özəlliklə də bizim coğrafiyada tez-tez istifadə edirlər.

Ancaq burada açıq deməliyik ki, Azərbaycanda keçirilmiş və keçirilməsi gözlənilən növbədənkənar seçki digərlərindən xeyli fərqlənir. 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkisini yada salıram, ondan sonra nələr baş verdiyini, özəlliklə də COVİD-19 pandemiyasının necə tüğyan etdiyini görmədikmi? Biz şahidi olmadıqmı ki, bu seçkinin ardından Vətən savaşının, daha sonra Ermənistanla şərti sərhədlərdə və Qarabağda mövqelərimizin möhkəmləndirilməsinin, Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılmasının, Xankəndindəki hərbi xuntanın ləğvi, qanunsuz silahlı birləşmələri torpaqlarımızdan çıxarmaqla üzərində suverenliyimizin tam təmini yönündə görülən antiterror tədbirlərinin vaxtı necə zərgər dəqiqliyi ilə müəyyənləşdirilib?

Bilirsiniz, son üç ildə yaşananları ona görə xatırladıram ki, fevralın 7-də keçiriləcək seçkidə cənab İlham Əliyevin rəqibinin kimliyi məhz burada gizlənib. O rəqib, yaxud da rəqiblər yaratdıqları qurumu “milli” adlandırsalar da, antimillilikləri ağlı başında olan kimsədə şübhə doğurmayan marginallar deyillər. İzinləri olmadan torpaqlarını işğaldan qurtarmağa qalxan Azərbaycan xalqının qələbəsini həzm etməyən böyük güclərin, özəlliklə də qərbdəkilərin diqtəsi ilə durub-oturan bu ünsürlər xalqın gözündən elə düşüblər ki, nəinki 1il, 10-20 il sonra da seçki keçirilsə, eyni reallıqla üzləşəsidirlər. Yəni seçki yoluyla hakimiyyətə gəlmələri tam mümkünsüzdür. Bunu özləri də yaxşı bilirlər və növbədənkənar seçkinin əleyhinə ona görə çıxırlar ki, onlara belə bir tapşırıq verilib.

7 fevral seçkisində cənab İlham Əliyevin rəqibi bax, məhz həmən o tapşırıq verən çevrələrdirlər ki, onlar məkrli olduğu qədər də güclüdürlər. “Olmaz” demələrinə, təhdidlərinə rəğmən, bizim işğala son qoymağımızla, Şuşada, Xankəndində, Xocalıda bayraq ucaltmağımızla barışmaq istəməyən o yırtıcıların rəqiblikləri özünü 7 fevral seçkisinin vaxtının, ona hazırlıq kampaniyasının, keçirilməsinin və nəticəsinin gözdən salınmasında göstərəcək ki, bu yöndə ilk addımlar artıq atılmağa başlanıb.

Əllərindən nə gəlir qoy etsinlər. Amma onlar da, tapşırıqlarını yerinə yetirənlər də, bilirlər ki, fevralın 7-də ədalətli olmaqla yanaşı həm də ən şərəfli seçki keçirəcəyik. Ədalətli sözünü ona görə işlədirəm ki, bu seçkidə Azərbaycan xalqının əksəriyyətinin Müzəffər Ali Baş Komandanını dəstəkləyəcəyi öncədən də gün kimi aydındır. Son 30 ildə ilk dəfədir ki, minlərlə soydaşımız öz yurdlarında - Şuşada, Laçında, Füzulidə, Ağdərə rayonunda, Ağalıda səs verəcəklər. İlk dəfədir ki, biz Xankəndində, Xocalıda, Xocavənddə, Kəlbəcərdə, işğaldan azad edilən digər yerlərdə seçki məntəqəsinin açıldığını görəcəyik. Bundan böyük xoşbəxtlik ola bilərmi?

Onu da deyim ki, 7 fevralda Azərbaycan xalqı təkcə Prezident seçməyəcək. Əslində həm də əldə bülletenlə ediləcək və torpaqlarımızın azad olunmasıyla barışmaq istəməyən yırtıcıları fakt qarşısında qoyacaq bir savaşdır bu. Onun qalibinin səs veriləndən də çox səs verənlərin olduğu da öncədən bəllidir. Məhz ona görə də 7 fevral seçkisini Zəfər seçkisi adlandırırlar və çox da düz edirlər! Zəfər sənə çox yaraşır və ona tam haqq edirsən, qəhrəman xalqım!
Sahib Alıyev, millət vəkili
AzVision.az


Teqlər: seçkilər   Zəfər  





Xəbər lenti