Azərbaycanda Könüllülük Həftəsinə başlanılıb

Azərbaycanda Könüllülük Həftəsinə başlanılıb
  05 Dekabr 2023    Oxunub:927
Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023”ə start verilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransda tərəfdaş qurumların nümayəndələri çıxış edərək “Könüllülük Həftəsi 2023”ün hər il olduğu kimi bu il də özünəməxsus fərqliliyi ilə seçiləcəyini və Respublikamızın şəhər və rayonlarını əhatə edərək 3 mindən çox könüllünü birləşdirəcəyini bildiriblər. Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Niftəliyeva bildirib ki, hazırda ölkəmizdə könüllülük hərəkatının gündəlik həyat normasına çevrilməsi və könüllülüyün inkişafına təkan vermək üçün atılan addımlar, Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin müasir təzahürüdür.

"5-19 dekabr tarixlərini əhatə edəcək Könüllülük Həftəsi çərçivəsində keçirilən layihə və tədbirlərin beş istiqamət üzrə davam etməsi nəzərdə tutulub. “Vətənpərvərlik”, “Təhsil və Elm”, “İdman və sağlamlıq”, “Mədəniyyət”, “Mənəvi tərbiyə” istiqamətləri daxilində həyata keçiriləcək tədbirlərin hər biri, Ümumilli Lider Heydər Əliyevin gənclərə ünvanladığı tövsiyyələrə əsaslanıb. Qeyd edilən istiqamətlərin içində yer alan “100 Könüllü Əməl”, “Ulu Öndər hər addımımda” foto-müsabiqə, “MədəniyyətimİZ”, “Heydər Əliyev mənim üçün...”, “Könüllünün Günü”, “Könüllü Ol” layihələri bütün “Könüllülük Həftəsi” ərzində həyata keçirilməsi nəzərdə tutulub".

“Könüllülük Həftəsi”nə start verildiyi gün Bakı şəhərində, Qlobus biznes mərkəzində baş tutan Konfransla paralel olaraq 15 şəhər və rayonda könüllülər tərəfindən şəhid və qazi ailələrinin ziyarəti baş tutub, eyni zamanda region ərazilərində Şəhidlər Xiyabanına yürüş edilib, təmizlik aksiyaları keçirilib.

Konfransdan dərhal sonra Azərbaycan Könüllüləri, rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsini təcəssüm etdirən Hərbi Qənimətlər Parkını ziyarət edərək, müharibə iştirakçısı olmuş könüllülərlə görüş keçiriblər.

Qeyd edək ki. 2018-ci ildən etibarən ənənəvi olaraq Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə hər ilin dekabr ayında “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilir. Əvvəlki illərdə keçirilən tədbirlər gənclər və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanıb, könüllülülüyün gənclərin arasında təşviqi istiqamətində xüsusi rol oynayıb.

“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə https://heftemiz.konullu.az internet səhifəsi və sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti