Tehranın iştahı artıb
“ABŞ-nin “Qartal pəncəsi” əməliyyatı zamanı həlak olanların ailələrinin şikayəti əsasında məhkəmə ABŞ hökumətindən 420 milyon dollar tutulması qərarını verib” , – “Mizan Online” agentliyi yazıb.
1979-cu ildə İranda islamçıların həyata keçirdiyi dövlət çevrilişindən az sonra iranlı tələbələr Tehrandakı ABŞ səfirliyinə basqın edərək 50-dən çox amerikalını girov götürdülər. Onlar həmin vaxt ABŞ-da mülaicə olunan şahın İrana ekstradisiyasını tələb edirdilər.
1980-ci ilin aprelində Vaşinqton çox məxfi “Qartal pəncəsi” əməliyyatı çərçivəsində girovları azad etməyə cəhd göstərsə də, qum fırtınaları və texniki problemlər üzündən əməliyyat uğursuzluqla nəticələndi. Bundan başqa, ABŞ qüvvələri geri çəkilərkən iki hərbi təyyarənin toqquşması nəticəsində səkkiz hərbçi də həlak olub.
Yalnız xeyli davam edən danışıqlar və diplomatik manevrlərdən sonra amerikalı girovlar 1981-ci ilin yanvar ayında azad ediliblər.
Qeyd edək ki, bu ilin avqust ayında Tehran məhkəməsi habelə 1980-ci ildə İrana qarşı “çevriliş planlaşdırdığına” görə ABŞ-dan 330 milyon dollar təzminat alınması barədə qərar qəbul edib. Halbuki, Vaşinqton bu hadisələrdə özünün iştirakını heç vaxt rəsmi qaydada eturaf etməyib.
Ən maraqlı məqam Tehranın bu təzminatları ABŞ-dən necə alacağı, daha doğrusu buna müvəffəq ola bilməsidir. Belə ki, uzun illər ərzində Tehran ABŞ-nin yox, məhz Vaşinqton İranın maliyyə aktivlərini əksər ölkələrdə dondura bilir.
Bu baxımdan, istisna deyil ki, müəyyən sövdələşmə çərçivəsində 6 milyard dollar həcmində maliyyə aktivlərinin sərbəst buraxılması Tehranın iştahını artırıb.
Amma atalar deyib ki, artıq tamah daş yarar, daş qayıdıb baş yarar.
Sahil İsgəndərov
AzVision.az