Buridanın İcevan eşşəyi

// Nikol Paşinyanın getdikcə Baron Münhauzenə bənzəyir

   Buridanın İcevan eşşəyi
  15 Sentyabr 2023    Oxunub:7122
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
Xüsusi olaraq AzVision.az üçün

Nikol Paşinyanın danışdığı yalanlar siyasətçi yox, uşaq yalanlarıdır. Bu mənada o, Baron Münhauzeni xatırladır. Onun “Politico”ya müsahibəsində xarakterinin bu cəhəti daha qabarıq görünürdü. Paşinyan siyasət uşağı deyil, siyasətdə uşaqdır.
Ermənilərdə “lift diplomatiyası” ifadəsi var. Paşinyan hakimiyyətə yeni gəldiyi dövrdə Düşənbədə MDB-nin sammitinin keçirildiyi binanın liftində İlham Əliyevlə rastlaşır. Ayaqüstü də olsa, İlham Əliyevdən Qarabağ problemini həll etmək üçün vaxt istəyir. Azərbaycan prezidenti razılıq verir. Bu, hələ müxalifətçilik düşüncəsindən azad olmamış Paşinyanın xahişi idi. Amma bir neçə ildən sonra o, Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır” deyir. Bu artıq hakimiyyət düşüncəsinin daşıyıcısı olan baş nazir Nikol Paşinyanın fikri idi. Belə ikitirəlik istər şəxsiyyət, istərsə də hakimiyyət başçısı kimi Paşinyan üçün əlbəttə, qüsurdur.

O, vasitəçiləri tez-tez dəyişməyə meyillidir. Sanki yalanlarına inandırmaq üçün yeni simalar axtarır.
• Brüsseldə Şarl Mişelin iştirakı ilə Ağdam yolunun açılmasını müzakirə edir, sonra isə belə danışığın olmadığını bildirir. Halbuki, bu ən azından Şarl Mişelin vasitəçilik səylərinə hörmətsizlikdir.
• Brüsseldə öhdəlik götürür ki, azaraq əsir düşmüş şəxsləri qaytaracaq. İrəvana qayıdan kimi bu rəsmi vədini inkar edir.
• Zəngəzur dəhlizinin tikintisinin başlaması ilə bağlı öhdəlik götürür, İrəvanda onu da “unudur”.

Müəllifin bu yazılarını da qaçırmayın:
Cozep Borrel Çar Rusiyasının Qarabağ siyasətini davam etdirir
ABŞ Ermənistanı İrana qarşı forposta çevirir
İki müharibənin səbəbi: Qarabağ ermənilərinin dünya ermənilərindən fərqi nədir?
Rusiya Qafqazda özünü "yandıra" bilər

Rusiya və İranla da belədir. Paşinyan Ermənistanda hakimiyyətə gələn kimi KTMT-nin imicinə zərbə vurdu. Baş verənlər göstərir ki, Paşinyanı hakimiyyətə gətirənlər onun qarşısında KTMT-nin zədələnməsi, Rusiyanın Ermənistanı tərk etməsini əsas tapşırıq kimi qoyublar. Amma Paşinyan Rusiyadan inciməyinin səbəbi kimi Qarabağ mövzusunda Moskvanın ermənilərə kömək etməməsini göstərir.

Beynəlxalq leksikonda “Buridan eşşəyi” termini var, amma “İcevan eşşəyi” termini yoxdur. Belə görünür ki, Paşinyan da Buridan eşşəyi kimi iki ot tayasının arasında seçim edə bilmir. Deyəsən, bu gedişlə “İcevan eşşəyi” termini də yaranacaq.

Paşikin 44 günlük müharibə dövrü ilə bağlı açıqladıqlarından belə başa düşülür ki, Rusiya bir neçə dəfə onu sülhə məcbur etməyə çalışıb. Amma Paşik çox əlverişli şərtləri əlindən buraxıb. İndi də həmin vəziyyətdədir. Azərbaycanla münasibətləri normallaşdırmaq yönündə onun daxili qərarı yoxdur. Paşinyana elə gəlir ki, Azərbaycana hərbi baxımdan üstün gələ biləcək. Halbuki, bunun üçün Ermənistanın ordusu say və hərbi texnika baxımından Azərbaycandan ən azı iki dəfə çox olmalıdır.

Azərbaycanın öz ərazisində sərhəd bölgəsinə qoşun toplamasından danışanda bəzi məqamları unutmamaq lazımdır. Ermənistan Hindistandan silah alır, Fransa ona hərbi yardımlar edir. Bu yaxınlarda Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla şərti sərhəd zonasındakı hərbi hissələrin vəziyyətini yoxlamaq üçün komissiya göndərdi. Komissiya açıq şəkildə bildirdi ki, həmin hərbi hissələrin yeni texnika ilə təchizatı, mühəndis-texniki qurğularının qurulması istiqamətində böyük irəliləyiş var. Yeganə problem kimi hərbçilər arasında özünü öldürmə hallarının artması göstərildi.

Paşinyan Ermənistana rəhbərlik etməyə başlayanda ölkənin xarici borcu 7 milyard dollar idi. İndi 11 milyard 345 milyon dollardır. Bu borc haradan yığılıb?!
Niyə Paşinyan Azərbaycan və Gürcüstanla regional inteqrasiyaya getmir?! Kənardan havadarları nə məqsədlə axtarır?!
Nəzərə almaq vacibdir ki, 1988-ci ildə Ermənistan hücum edəndə Azərbaycanı dünyada heç kim tanımırdı. İndi isə Macarıstanın xarici işlər nazirinin dililə desək “Avropanın liderləri İlham Əliyevlə şəkil çəkdirməkdən ötrü bir-birini itələyirlər”. Belə olan halda ermənilərin bir çaya iki dəfə girmələri mümkün deyil.


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti