İranda 6 ildə təhsildən yayınan uşaqların sayı 17% artıb
“Bu statistikaya bütün sosial qruplardan daha çox işçi uşaqlar, əcnəbi vətəndaşlar və gənc yaşda ərə verilən qızlar daxildir. Hökumətin bu işdəki siyasətləri iflasa uğrayıb. İrandakı dərin təhsil boşluğu təhlükəli social-siyasi nəticələr doğuracaq. Təhsil dövründən kənarda qalanların yüksək faizi açıq şəkildə göstərir ki, hökumət təhsilin əhatə dairəsini genişləndirmək və yeniyetmələrin məktəbi erkən tərk etməsinin qarşısını almaq üçün çox iş görmür. Təhsili yarımçıq qoyanların sayı iqtisadi problemlər və sosial iğtişaşlar səbəbindən artmaqda davam edir”, - məlumatda deyilir.
İranın Təhsil nazirliyinin statistikasına əsasən, 2021-2022-ci tədris ilində məktəbi tərk edən uşaq və yeniyetmələrin ümumi sayı 911 min nəfərdən artıqdır və bu il də 279 min şagirdin təhsildən kənarda qaldığı yazılır.
“Resalət” qəzetinin yazdığına görə, uşaqların məktəbə getməməsinin ilkin və əsas amili ailələrin yoxsulluğudur. Həmçinin, məktəbdən kənarda qalan uşaq və yeniyetmələrin sayının artmasında təhsil sistemindəki problemlər, xüsusən ucqar rayonlarda təhsil imkanlarının kifayət qədər olmaması da əsas amillərdəndir.
AzVision.az