Çin və Pakistan “Taliban”a şans verirlər – TƏHLİL

   Çin və Pakistan “Taliban”a şans verirlər –    TƏHLİL
  15 Avqust 2023    Oxunub:4329
Bu ilin yanvarında Çinin “Sincan Central Asia Petroleum and Gas” (CAPEIC) şitrkəti ilə Əfqanıstan hökuməti arasında Amudərya neft müqaviləsi imzalandı. 25 illik və 540 milyon dollarlıq müqavilə Əfqanıstan üçün böyük uğur sayılır. Çünki buna qədər Əfqanıstan Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) layihəsinə daxil olmaq üçün dəfələrlə müraciət etmişdi.
Əfqanıstan Pekinin “Bir kəmər, bir yol” təşəbbüsünün üzvü olsa da, CPEC-ə qoşulmaq “Taliban” üçün çox faydalı ola bilər. Əfqanıstanın dənizə çıxışı olmadığından, ticarət üçün Pakistan və Çin vasitəsilə tranzit marşrutlarının inkişafı vacibdir. “Taliban”ı hələ heç bir ölkə rəsmən tanımayıb. Əfqanıstanın “Bir kəmər, bir yol”a daxil olması da əvvəlki hökumətin dövründə baş tutub. Hazırkı hökumətin texniki cəhətdən müqavilə bağlamaq səlahiyyəti yoxdur.

Pakistanda CPEC layihələrinin icra sürəti pandemiya dövründə zəifləmiş, sonra isə ölkədə davam edən iqtisadi böhran fonunda daha da aşağı düşmüşdü. Əfqanıstanın layihəyə daxil edilməsi hazırkı mərhələdə digər iştirakçılar üçün üçtərəfli əməkdaşlığı dərinləşdirmək baxımından stimul ola bilər.

“Taliban” hələ də maliyyə sıxıntısı çəkir. Sanksiyalar, Əfqanıstanın xaricdəki aktivlərinin dondurulması və xarici yardımın olmaması səbəbindən iqtisadiyyatın və infrastrukturun bərpasına başlaya bilmir. 2022-ci ilin aprelində “Taliban” rejimi əvvəllər əsas gəlir mənbələrindən biri olan tiryək əkilməsini də qadağan edib. “Taliban” ağır iqtisadi sarsıntı və humanitar böhran şəraitində Əfqanıstanı idarə etmək qabiliyyətini sübut etməlidir. Bu vəziyyətdə CPEC/BKBY-ə qoşulmaq Əfqanıstana potensial investisiya və biznes cəlb etmək üçün məntiqi həll yoludur.

Bundan əlavə, “Taliban” diplomatik təcriddən çıxmaq istəyir, lakin qeyri-mümkün tələblər irəli sürmədən bu işdə onlara kömək etmək istəyən ölkələrin sayı çox azdır. Bu mənada Çin və Pakistan “Taliban”ın tapa biləcəyi ən qənaətbəxş tərəfdaşlardır. Çinlə əlaqələri qoruyub saxlamaq “Taliban”a çox vacibdir. Pekin üçün bu hadisə regional səviyyədə ekstremist təhlükənin azaldılmasına bir növ iqtisadi inkişaf yolu ilə təminat rolunu oynayır.

Çinin Əfqanıstan və Pakistan arasında vasitəçi mövqeyi onun bölgədəki nüfuzunu və təsirini daha da gücləndirir. İqtisadi baxımdan Çinin Əfqanıstanla əlaqələrdən qazanacağı çox az şey var. Nadir faydalı qazıntıların və digər təbii sərvətlərin işlənməsində maraqlarından başqa... Əfqanıstanda planlaşdırılan bütün layihələr həyata keçirilsə belə, bu sektorların inkişafı illər çəkəcək. Ona görə də, qoyulan sərmayəni geri qaytarmaq üçün Pekinə çox vaxt lazım olacaq.

Pakistana gəlincə, Əfqanıstanın CPEC layihəsinə daxil olması onun tranzit marşrutlarını yaxşılaşdırmağa kömək edəcək. Qvadar limanı və Məzari-Şərif-Kabil-Pişəvər trans-Əfqan dəhlizi xüsusilə maraq doğurur. Bu həmçinin İslamabada mübahisəli Pakistan-Əfqanıstan sərhədində (“Dürand xətti”) danışıqlar aparmaq üçün “rıçaq”lar verir.

Hazırda birgə layihələr hər üç tərəf üçün aşağı risk səviyyəsinə malikdir. “Taliban” Pekinin Əfqanıstana daha çox sərmayə qoyacağına ümid edir. Lakin hərəkatın rəhbərliyində olan bəzi şəxslər keçmişdə belə presedentlərin olmamasına görə, skeptik ovqatdadırlar. “Taliban” iqtisadiyyatı bərpa etmək üçün başqa yollar da axtarır. Bunu Qətər rəsmilərilə gizli danışıqlar sübut edir.

Pekinə gəlincə, o, Əfqanıstan və Pakistanda çinli fəhlələrə qarşı artan hücumlara, Pakistan-Əfqanıstan sərhədindəki ara-sıra döyüşlərə, Taliban və Pakistan hakimiyyətləri arasındakı dövri fikir ayrılıqlarına rəğmən, CPEC-in uğuruna inanmağa meyillidir. Problemlərə baxmayaraq, Çin hər iki tərəflə diplomatik və iqtisadi əlaqələr qurmaq niyyətində israrlıdır. Pekinin Əfqanıstan və Pakistanı "cilovlamaq" qabiliyyəti ona Avrasiyadakı təsir coğrafiyasını genişləndirməyə imkan verir. Çin Əfqanıstana qonşu olan ölkələrlə də konstruktiv münasibətlər saxlayır və onlarla həm ikitərəfli əsasda, həm də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində fəal əməkdaşlıq edir.

Samir Quliyev
AzVision.az


Teqlər: Taliban   Çin   Pakistan  





Xəbər lenti