`Babək`in KADRARXASI: `Dəbilqələr istidən qızıb, başımızı yandırırdı`

`Babək`in KADRARXASI: `Dəbilqələr istidən qızıb, başımızı yandırırdı`
  03 İyun 2014    Oxunub:15333
AzVision.az-ın “KADRARXASI” rubrikasında məşhur milli filmlərimizin necə çəkildiyindən söz açırıq. Həmin səhnələrə çəkilərkən aktyorların başına gələn kadrarxası hadisələr, qarşılaşdıqları çətinliklər, qəzalar, xatirələr, onların yaranma tarixçəsini oxucularımıza çatdırırıq.

Rubrikamızın növbəti filmi “Babək”dir. Film görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunub. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti əksini tapıb.

Filmə Rusiya 650 min rubl, Azərbaycan isə 1 milyon rubl ayırıb. Çəkiliş vaxtı yalnız Azərbaycanda deyil, Gürcüstanda, Daşkənddə, Moskvada 16 fabrik film üçün 1500 dəstdən artıq paltar tikib. Zavodların əksəriyyəti yaradıcı qrupa təmənnasız olaraq qılınc, qalxan və digər lazım olan silahları hazırlayaraq bağışlayıb. Film 1-ci kateqoriya alıb və bir il ərzində 35 milyon tamaşaçısı olub, 60-a yaxın ölkə tərəfindən alınıb.

Filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, rejissoru Eldar Quliyev, operatoru Rasim İsmayılov, rəssamı Mayis Ağabəyov, bəstəkarı Polad Bülbüloğludur.

Rollarda Rasim Balayev (Babək), Həsənağa Turabov (Afşin), Amaliya Pənahova (Zərnisə), Tamara Yandiyeva (Pərvin), Şahmar Ələkbərov (Cavidan), Ənvər Həsənov (Tərxan), Hamlet Xanızadə ( Xəlifə Mötəsim), Ramiz Məlikov (Səhl ibn Sumbat), Eldəniz Rəsulov (Azin), Muxtar Manıyev (İbn Muaz), Səməndər Rzayev (İbn Bəis), Məmməd Verdiyev (Buğday) və başqaları çəkiliblər.

Sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir. Bu dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq istər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən-döyüşə aparan. Lakin sən analamadın ki, bu dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür.



Babək obrazını yaradan Rasim Balayev filmin kadrarxası məqamları barədə danışır:

- Əvvəlcə film üçün həmin dövrü əks etdirən paltarlar tikildi. Daha sonra nizələr, silahlar düzəldildi. Hətta su içmək üçün istifadə olunan dəmir qabları belə, hazırladılar. Hazırlıq prosesi çox uzun çəkdi.

Filmin 60%-i Naxçıvanda çəkildi. Bəzi səhnələrdə isə dekorasiyalardan istifadə etdik. Çəkilişə Naxçıvanın xeyli sayda yerli camaatı cəlb olunmuşdu. O zaman Mərkəzi Komitənin 1-ci katibi Heydər Əliyev Naxçıvanın birinci katibinə bununla bağlı tapşırıq vermişdi. Çünki filmin kütləvi səhnələrində çəkilmək üçün aktyorlar azlıq edirdi. Həmin vaxt isə Naxçıvanda üzüm yığımı idi. Buna görə də rəhbərlik yerli camaatı çəkilişlərə tam səfərbər edə bilmirdi. Heydər Əliyev də demişdir ki, `Eybi yox, Naxçıvan üzümü bu il bir qədər az verər, onun yerinə Cəlilabad üzüm verər. Siz camaatı filmə çəkilməyə göndərin`.

Biz olan yerdə bir ağac da yox idi. Günün altında səhərdən axşama kimi işləyirdik. Çox əziyyətli bir iş idi. Beş mindən artıq adam çəkilişlərdə iştirak edirdi. Moskvadan "Mosfilm"in "Kavaler polku"ndan 170 atlı gətirmişdilər. 50 dərəcə istidə atların alnını dəsmal ilə bağlayırdılar ki, gün vurub öldürməsin. Bir də görürüdün ki, başımıza geyindiyimiz mis dəbilqələr istidən qızıb, bizi də yandırırdı. Başımız dəhşətli dərəcədə ağrıyırdı deyə, aradabir dəbilqələri çıxarırdıq.

Mənim çörəksiz, susuz qaldığım günüm çox olub. Amma ümidsiz qaldığım bir günüm hələ olmayıb.



Ağır iş idi, hamı səfərbərliyə alınmışdı. Yerli əhali də çox kömək edirdi. Qrupun özündə də bir fədakarlıq vardı. Bu gün o cür film çəkmək üçün mən elə adamların bir də olacağına inanmıram. O adamlar sənətin fədailəri idilər.

Ekstremal hadisələr çox olurdu. Aktyorların atdan yıxılmağı bir yana, hətta bir dəfə atın özü yıxıldı, ayaqları sındı, Naxçıvanda sərhədi qoruyan `ovçarka` itlərə yem kimi verdilər.

Silahlarla işləmək də asan deyildi. Mənim əlim əməlli-başlı qabar bağlamışdı. Bir də görürdün ki, qılıncı səhv vururdular gedib birinin çiyninə dəyirdi, yaralanırdı. Bir dəfə mən az qaldım ki, rəhmətlik Şahmarın başına qılıncla vurum. Üstəlik də dəfələrlə atdan çox pis yıxılmışam. İndi də altını çəkirəm. Səhər tezdən altıda dururdular, axşam 8-9-a qədər işləyirdilər. İndi çətin ki, bu cür ağır filmləri çəkə bilsinlər.



Babəkin qoşunu ilə hücuma keçdiyi kadrda arxasınca 300-400 adam gəlirdi. O vaxt da radio, mobil telefon yox idi. Bizə deyirdilər ki, fişəng atanda gəlin. Fişəngi atırdılar, biz gedirdik. Sonra deyirdilər ki, iki dəfə dalbadal atsaq, dayanın. Bəzən biz fişəngin iki dəfə atıldığını görmürdük, elə hey çapırdıq. `Stop` verib, çəkilişi saxlayırdılar. O qədər adam yenidən geri qayıdırdı, yenidən həmin vəziyyəti alırdıq. Rayonun rəhbərliyi xüsusi maşınlar ayırmışdı, yemək, su gətirirdilər. Çəkiliş meydançasında 5 minə yaxın adam var idi. Məcburi şəkildə idarələrdən kollektivlər göndərilirdi ki, getməlisiniz, nə deyirlərsə, etməlisiniz.

Mənə çox şeyi irad tumaq olardı. Çünki mən tuluqda zeytun yağı satan bir kişinin oğlu idim, amma sən Babəkin oğlusan.



Buğdayın uşaqlığı rolunda çəkdiyimiz körpə filmin direktoru Tələt Rəhmanovun qohumu idi. Təzə anadan olmuşdu. Həmin səhnə pavilyonda çəkilmişdi.

Tələt rəhmətə gedəndə yas məclisində mən də iştirak edirdim. Yasda bir cavan oğlan mənə gətirib çay verdi. Dedilər ki, bunu tanıyırsan. Dedim, yox, dedilər ki, bəs `Babək `filmindəki balaca oğlundur.

Azadlıq verilmir, alınır, qan bahasına, qurban bahasına. Mərdanə ölüm bizim son silahımızdır. Bu silahı bizim əlimizdən heç kim ala bilməz.

Filmdə Babəkin silahdaşı Tərxanı oynayan aktyor Ənvər Həsənov :



- Filmə çəkilməmişdən qabaq at sürmək, qılınc oynatmaq , döyüşmək kimi səhnələrin məşqlərini edirdik. Eldar müəllim dedi ki, sən Tərxan obrazına təsdiq olunmusan. Ancaq mən istərdim sənə Buğday obrazını təklif edim. Dedim, Eldar müəllim, sənə quzu kəsim, bu obrazı mən elə çox istəmişəm, elə ürəyimə yatıb ki, icazə verin, öz obrazımda qalım.

Çəkilişimiz təxminən 4 aydan çox davam etdi. Naxçıvanda Abırkuvis kəndi var. Orada yerləşib məşqlərimizi edirdik. Döyüş, qala səhnələri əsasən Naxçıvanla Culfa arasında olan məkanda çəkildi. Bəzz qalası taxtadan yaradılmışdı. Qalanı rəssam Mayis Ağabəyov qurmuşdu. Ancaq heç kim bilmirdi ki, bu, əslində dekorasiyadır. Elə gözəl, ustalıqla tikmişdi ki, həqiqi qalaya oxşayırdı.

Babəkin and içmə, taxta çıxma mərasimi Suraxanıdakı Atəşgahda çəkilib.



İstilərə hər adam tab gətirə bilmirdi. Özünüz də blirsinzi ki, ora ilanlı-əqrəbli bir məkandır. Təsəvvür edin, camaat səhər erkəndən gəlirdi, onların paltarı dəyişdirilirdi, yaraqlar verilirdi, bu, haradasa 2-3 saat vaxt aparırdı. Ondan sonra məşqlər, daha sonra çəkiliş başlayırdı. Bir də görürdün ki, bir saatlıq fasilə vaxtı baxırdıq ki, camaatın yarısı yoxdur. Libasları yerə atıb qaçıblar. Yəni istiyə dözə bilmirdilər. Bizə də qəribə gəlirdi ki, biz Bakıdan gəlmişik, dözürük, amma onlar yox .

Babəkin və Tərxanın əynindəki libas donuz dərisindən tikilmişdi. Əynimizə geyindiymiz paltarlar silahlarla birlikdə təxminən 30 kiloqrama gəlib çıxırdı.

Ölməmişdən əzəl ölməyi sizə yasaq etmişəm. Budur mənim əmrim.



Qılınclaşma səhnələrində 3 nəfərlə birdən döyüşürdüm, təsadüfən qılıncım aktyorlardan birinin barmağına dəyib və möhkəm əzib. At çapan vaxtı bir də görürdün ki, 120-yə yaxın at gəldi. Hansısa at hürükürdü və ya atı minən insan dayana bilməyib yıxılırdı. Belə hadisələr bütün ağır filmlərdə baş verir, biz buna öyrəşmişdik .

Həm aktyor, həm rejissor köməkçisi idik. Elə səhnələr var id ki, orada Eldar müəllimə yardım edirdik. Çünki min nəfərlik ordu gəlir, Eldar müəllim fiziki nöqteyi-nəzərdən çatdıra bilmirdi ki, hamısnı düzüb-qoşsun. Bölmüşdü, bir dəstə ilə mən, bir dəstə ilə Eldəniz Rəsulov məşğul olurdu. Hamımız Eldar müəllimə canfəşanlıqla yardım edirdik.

Mən həmişə səninləyəm Azərbayacanım



Şahanə RƏHİMLİ
AzVision.az




Teqlər:  





Xəbər lenti