Bakıda müəllim və işçi məktəbə buraxılmadı - Direktor səbəbini açıqladı

   Bakıda müəllim və işçi məktəbə buraxılmadı -    Direktor səbəbini açıqladı
  31 Mart 2023    Oxunub:735
Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktorla işçilər arasında mübahisə yaşanıb.
AzVision.az xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.

Videoda məktəbin direktorunun qapıları bağlatdıraraq, müəllim və işçinin içəri daxil olmasına maneə yaratdığı qeyd edilir.

Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorunun müəllimləri təhsil müəssisəsinə buraxmaması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib.

Məktəbin direktoru Almaz Həsrət AzVision.az -a açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini qeyd edib. O bildirib ki, videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilən keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib:

"İşdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub. Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".

Xatırladaq ki, bir müddət əvvəl İ.Yusifovanın tam orta təhsili olmadan məktəbdə çalışması ilə bağlı məlumat yayılmış və bu da ciddi müzakirələrə səbəb olmuşdu.




Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti