Fransa “demokratiya”sını ifşa edən dil siyasəti

   Fransa “demokratiya”sını ifşa edən dil siyasəti
  14 Mart 2023    Oxunub:3818
Son bir neçə ildə nəinki qlobal miqyasda, hətta Avropanın özündə belə siyasi nüfuzu sıfıra enmiş rəsmi Paris hələ də digərlərinə demokratiya və etnokonfessional tolerantlıq dərsi keçmək iddialarından əl çəkmir. Amma ölkəni belə qibtəolunmaz vəziyyətə salan Fransa hökumətinin özünün mütəmadi şəkildə beynəlxalq hüquqla daban-dabana zidd olan siyasəti bu cəhdlərin nə dərəcədə absurd olduğunu sübuta yetirir.

Fansasayağı dil “demokratiya”sı

Fransanın xüsusi statusa malik olan Korsika adasındakı Bastiya şəhərciyinin inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dillərində aparılması barədə prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə öz qərarını həmin müddəaların Fransa Konstitusiyanın 2-ci maddəsinə zidd olması ilə əsaslandırıb. Lakin qərarın mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırdığı məhkəmə iddiasından sonra, habelə Fransa prezidenti Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə adaya daha geniş muxtariyyət hüquqları verilməsi barədə danışıqlar apardığı bir vaxtda çıxarılması böyük şübhələr yaradıb.
Rəsmən Korsika ərazi icması adlandırılan adanın icra şurası və Korsika Assambleyasının sədrləri məhkəmə verdiktinin yerli parlamentarilərin debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etdiyini bildiriblər. Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu bildirən adanın seçilmiş məmurları məhkəməmnin qərarından apellyasiya şikayəti veriblər.

Korsikanın Fransadan ayrılması tərəfdarı olan “Core in Fronte” partiyası özünün “Tvitter” hesabında məhkəmənin qərarını “rüsvayçı” adlandıraraq, verdiktin və onu şərtləndirən motivasiyanın yalnız konstitusiyaya yenidən baxılmasını, xüsusilə də Korsika dilinin rəsmi statusunu təmin edilməsini, onun yaşaması və inkişafı zərurətini gündəmə gətirdiyini vurğulayıb.



Maraqlıdır ki, BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen də özünün “Tvitter” hesabında Bastiya məhkəməsinin qərarının ədalətsiz olduğunu yazıb.
“Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır” , - Fernan de Varen qeyd edib.

Ot kökü üstə bitər

Fransa hökumətinin dil azadlığının məhdudlaşdırılması yönündə ardıcıl şəkildə apardığı ayrı-seçkilik siyasəti fonunda Bastiya məhkəməsinin qərarı heç də təəccüblü görünmür. Belə ki, 2021-ci ildə Fransa Milli Assambleyası “separatizmlə mübarizə və respublikanın prinsiplərinə hörmət haqqında” və “terror hücumlarının qarşısının alınması” adlı iki qanun layihəsi qəbul edib. Həmin qanun layihələrinin şəxsən təşəbbüskarı olan Fransa prezidenti E.Makron həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə bunu guya “İslam separatizmi” və “dini radikal qruplarla mübarizə” istiqamətində atılan addım kimi sırımağa çalışdı.
Amma bundan sonra Fransanın Terrorla Mübarizə üzrə Milli Prokurorluğunun başladığı ilk iş nədənsə milli-etnik zəmində separatçı Korsika əyalətində ictimai-siyasi fəallara qarşı “cinayətkar terror qruplaşmasının yaradılması” ilə bağlı araşdırmalar oldu ki, bu da təəccüblü deyil. Belə ki, tarixi faktlar E.Makroun təşəbbüskarlığının Fransanın ənənəvi dil ayrı-seçkiliyi siyasətinə söykəndiyini sübuta yetirir. Necə deyərlər, ot kökü üstə bitər.
Fransa hökumətinin onilliklər boyu rəsmi siyasəti, bir qayda olaraq, yeganə dövlət dili və rəsmi dil kimi, yalnız fransız dilinin dəstəklənməsini özündə ehtiva edib. Ölkə Konstitusiyasının 75-1 maddəsində regional dillərin Fransanın milli varidatı olduğu qeyd edilsə də, milli azlıqların dilləri praktik şəkildə heç cür dəstəklənmir. Təsadüfi deyil ki, Avropa Şurası üzvlərinin əksəriyyətindən fərqli olaraq, Fransa Regional dillər və ya azlıqların dilləri üzrə Avropa xartiyasını təsdiqləməyib. Avropanın yerli və regional hakimiyyətlərinin Daimi konfransının hazırladığı mətn əsasında 1992-ci ilin iyununda Avropa Şurasının nazirlər komitəsi tərəfindən Konvensiya şəklində qəbul olunan bu sənəd 1992-ci ilin noyabrında imzalanmaq üçün açıq elan edilib və 1998-ci il martın 1-də qüvvəyə minib.
Xartiyaya qoşulan hər bir ölkənin öz ərazisindəki regional və milli azlıqların dillərinə hörmətlə yanaşmaq, onların inkişafını dəstəkləmək öhdəliyi təsbit olunur. Bu və ya digər regionda 2-10% əhalinin istifadə etdiyi dil regional dil statusu qazanır.



Amma özünü “demokratiya”nın çarçışı kimi beynəlxalq ictimaiyyətə sırımağa çalışan Fransanın Konstitusiya şurası həmin Xartiyaya qoşulmaq perspektivini farnsız dili haqqında ali qanunda təsbit olunan müddəanın pozulması kimi qiymətləndirib.

Hətta BMT Baş Assambleyasının 2200 A (XXI) Qətnaməsi əsasında 1966-cı il dekabrın 16-da qəbul etdiyi “Vətəndaşlıq və siyasi hüquqlar barədə beynəlxalq pakt”la bağlı belə Fransa öz riyakar mövqeyindən geri çəkilməyib. Həmin paktın tələblərinin yerinə yetirilməsi barədə hazırladığı sənədlərdə isə özünün ikiüzlü siyasətinə sağlam məntiqin inklar etdiyi həyasız iddialarla haqq qazandırmağa çalışıb.

- Fransa azlıqların olmadığı ölkədir. Konstitusion yanaşmalar özlüyündə azlıqları və onları kollektiv hüquqların daşıyıcısı kimi tanıyan beynəlxalq konvensiyalara Fransanın qoşulmasına imkan vermir”, - rəsmi Paris əsil simasını göstərir.

Əslində Fransa bununla hələ də ənənəvi qaydada irqçilik siyasətini davam etdirdiyini sübuta yetirir. Fransada regional dillərin sıxışdırılmasının daha bir sübutuna diqqət yetirmək çox maraqldır. 1951-ci ildə regionla dillərdə təhsilə icazə verən “Dezon qanunu” qəbul olunur. 2021-ci ildə isə regional dillərin istifadəsini genişləndirmək barədə ölkə parıamentində “Molyak qanun”unu qəbul olunsa da, Konstitusiya şurası onun iki əsas maddəsini ləğv edir.

Halbuki, rəsmi Paris fransız dilinin Frankofoniya təşkilatına daxil olan ölkələrdə yayılmasında xüsusi canfəşanlıq göstərir. Fransa tarixində dərin iz qoymuş prezident Şarl de Qoll hələ 1966-cı il martın 31-də “Fransız dilinin müdafiəsi və yayılması üzrə Ali komitənin yaradılması” barədə 66-203 №-li Dekret imzalayır. 1975-ci ilin son günündə isə Fransa prezidenti Valeri Jiskar dEsten “Fransız dilinin istifadəsi” haqqında 75-1349 №-li qanuna imza atır. Bu sənəddə müəyyən hallarda müstəsna şəkildə yalnız fransız dilinin işlədilməsi və xarici sözlərin qadağa olunması tələbi qoyulur. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində isə regional dillərə və milli azlıqların dillərinə qarşı ayrı-seçkilik siyasəti daha da güclənib.

BMT-nin İnsan haqları üzrə komitəsi etnik, dini və linqvistik azlıqların rəsmən tanınması istiqamətində Fransanın öz mövqeyini dəyişməsi zərurətini dəfələrlə qeyd edib. Komitə Fransada bu siyasətin yuxarıdan sırındığını, mahiyyət etibarı ilə çoxdilli dövlətin danılmaz həqiqəti qəbul etməməsinin rəsmən hakimiyyət tərəfindən təşkil və buna mərkəzləşdirilmiş qaydada nəzarət olunduğunu bildirib.
Beləliklə də, Fransa hakimiyyətinin demokratiya prinsiplərindən uzaq olan inadkarlığı, rəsmi Parisin:
1) BMT-nin İnsan hüquqları barədə ümumdünya bəyannaməsi;
2) Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları barədə bəyannamə;
3) İnsanların hüquqları və əsas azadlıqlarının müdafiəsi barədə Konvensiya;
4) Regional dillər barədə Avropa xartiyası;
5) Milli azlıqların müdafiəsi üzrə çərçivə Konvensiyası;
6) Vətəndaşlıq və siyasi hüquqlar barədə beynəlxalq pakt;
7) 1996-cı ildə Beynəlxalq PEN-klub və bir sıra QHT-lər tərəfindən Barselonada qəbul edilmiş Dillərin istifadəsi hüququ barədə ümumdünya bəyannaməsi

kimi fundamental sənədlərə təhqiramiz yanaşmasının göstəricisidir.

Maraqlıdır ki, insan haqlarının, söz və regional dillərin azadlıqlarının tapdanması müstəvisində əsil irqçilik siyasət yürüdən, ərazisində 10-larla etnik azlıqlar yaşadığı halda, bu həqiqəti açıq-aşkar danan Fransa, yeri gəlmişkən, bu kontekstdə Ermənistanın monoetnik ölkəyə çevrilməsi böyük şübhələr doğurur, Azərbaycanın Qarabağ bölgəsindəki kiçicik erməni icmasına muxtariyyət verilməsi xülyası ilə yaşayır. Halbuki, bu prizmadan yanaşanda mərkəzləşdirilmiş dövlət sisteminə qarşı mübarizə aparan Korsika, Brittani, Oksitaniya və Savoyard kimi regionların Fransadan ayrılmaq tələbləri daha məntiqlidir. Əhalisinin sayı 340 mindən çox, ÜDM-nin həcmi təxminən 10 milyard avroya yaxın, adam başına düşən məhsulun ÜDM-nin isə 30 min avrodan çox olan Korsika ilə müqayisədə Parisin nəinki Qarabağdakı bir ovuc erməni icması, hətta Ermənistanla bağlı hansı absurd xəyallara daldığına heç bir şübhə yeri qalmır. Yeri gəlmişkən, 1553-1559-cu illərdə işğal edilmiş Korsikanın müstəmləkə boyunduruğundan çıxması Fransanın tutulduğu mərəzdən qurtulması üçün ən yaxşı dərman rolunu oyanayrdı.
Beynəlxalq miqyasda öz imicini sıfırlamış Fransa hakimiyyəti və şəxsən prezident E.Makronun bu barədə düşünməsi məntiqi baxımdan daha düzgün olardı. Sözsüz ki, Fransanın dünəni, bu günü və sabahı üçün.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Fransa   demokratiya  





Xəbər lenti