Ukrayna müharibəsi necə başa çata bilər? - Ssenarilər

// Bir ilin tamamında yaranan vəziyyətin analizi nəyi göstərir

   Ukrayna müharibəsi necə başa çata bilər? -    Ssenarilər
  24 Fevral 2023    Oxunub:4115
Darya Qrevtsova
Rusiyalı politoloq
Xüsusi olaraq AzVision.az üçün

Müharibə böyük humanitar fəlakət gətirib. Keçmişdə çiçəklənən şəhərlər - Mariupol, Severodonetsk dağıdılır, Baxmut, Soledar praktiki olaraq yer üzündən silinir. Milyonlarla ukraynalı qaçqın düşüb.
Rusiya ilə Qərb koalisiyası arasında yüksək intensivlikli hibrid müharibə gedir. Münhen Konfransının göstərdiyi kimi, Qərb Rusiyaya qarşı müharibə apardığını, Ukrayna ordusunun bu müharibədə sadəcə köməkçi alət olduğunu gizlətmir. Bu hibrid müharibənin əsas məzmunu iqtisadi münasibətlərin dayandırılmasını və Rusiyanı son iki onilliyin yeni reallığından - SWIFT, sosial şəbəkələr, neft nəqli kimi qlobal infrastrukturdan ayırmaq cəhdini ifadə edən sanksiyalardır.

Müasir qlobal şəraitdə biznesin və ölkənin mövcudluğu ilk növbədə sivilizasiyanın çərçivəsini təşkil edən infrastruktur şəbəkələri ilə qarşılıqlı əlaqədən asılıdır. Bu müddət ərzində onlarla belə qlobal şəbəkə formalaşıb. Böyük bir ölkəni həmin qlobal şəbəkələrdən ayırmağa çalışmaq unikal məqamdır.

Qərb Sivilizasiyasının Böyük Konsolidasiyası

Gördüyümüz kimi, ABŞ və Aİ arasında mübahisələr praktiki olaraq dayanıb. Onlar indi vahid mövqedən çıxış edirlər. Hətta 50 il neytral ölkə olan Finlandiya, 150 ilə yaxın neytral ölkə olan İsveç, 400 ilə yaxın neytral ölkə olan İsveçrə kimi dövlətlər öz suverenliklərindən imtina ediblər. İsveç və Finlandiya hərbi ittifaqa qoşulduqlarını açıqlayıblar, İsveçrə də Rusiyaya qarşı sanksiyalara qoşulub. Qərb sivilizasiyasının konsolidasiyası baş verir və bu, güclü bir ittifaqdır. Hərçənd, bu konsolidasiya Qərb sivilizasiyasının bəşəri dəyərlərə verdiyi əhəmiyyəti azaltdığını göstərir.

Amma Qərb ölkələrinin tələbini dinləməkdən və Rusiyaya qarşı hərtərəfli sanksiyaların tətbiqindən imtina edən ölkələr də var. Onların əksəriyyəti neytral, bəziləri isə hətta Rusiyaya münasibətdə xeyirxah mövqe tutur. ABŞ avropalı tərəfdaşlarını tamamilə özünə tabe etdirdiyi üçün mövqelərini gücləndirib və Ukraynadakı proksi rejimin formalaşdırılmasında yüksək effektivlik nümayiş etdirib.

Mühüm olan Ukraynanın siyasi sisteminin özünü təsdiq edə bilməsidir. O, çox güclü çıxdı və ciddi zərbələrə tab gətirdi. Zelenski və komandasının üzvləri gözlənildiyinə rəğmən, qaçmadılar. Ordu, təhlükəsizlik xidməti, eləcə də kütləvi informasiya vasitələri də xeyli güclü çıxdılar, əhalinin ictimai şüuruna nəzarət edirlər. İnsanlar əziyyət çəkir, lakin onlar Ukrayna hakimiyyətinin bütün aksiya və fəaliyyətlərində iştirak edirlər. Təəccüblüdür ki, insanlar övladlarına öz dillərində dərs oxumağı qadağan edən hökumət üçün canlarını verməyə hazırdırlar. Övladlarına ulu babalarının cinayətkar, əclaf olduğunu deyən, ulu babalarını öldürənlərin isə əsl qəhrəman olduğunu söyləyən hakimiyyətdən ötrü canlarını verirlər.

Ukrayna hakimiyyət sisteminin, “Homo Maydanus” Ukrayna cəmiyyətinin nə olduğunu başa düşmək o deməkdir ki, belə bir süni siyasi sistem, proksi-rejim gələcəyin müəyyən elementidir və digər xalqlar da bunu yaşamalı olacaqlar.

Rus ordusunun zəifliyi də önəmlidir. Bəli, Ukrayna ordusu gözləniləndən qat-qat güclü, Rusiya ordusu isə gözləniləndən xeyli zəif çıxdı. O, Krımda olduğu kimi Ukraynanın ərazisinə nəzarəti ələ keçirə, Ukrayna ordusunun əhəmiyyətli hissəsini məğlub edə, ümumiyyətlə, cənubda ilk iki həftə istisna olmaqla bir il ərzində heç bir həqiqi uğurlu hərbi əməliyyat keçirə bilmədi. Rusiya cəmiyyətinin bütün dünyanın gözü qarşısında orduya zireh, dəbilqə, fənər, əsgər toplaması, təbii ki, Rusiya ordusunun təchizatında çox ciddi fundamental sistem zəifliyindən xəbər verir. Təchizat isə ordunun döyüş qabiliyyətinin əsas amillərindən biridir.

Bir tərəfdən Qərbin tam konsolidasiyası baş verdi, digər tərəfdən, gözlənilmədən Çin Rusiyanın müttəfiqinə çevrilmədi. Lakin neytrallığa sadiqdir, Rusiya ilə ticarəti aktiv şəkildə inkişaf etdirsə də, heç bir silah tədarük etmir. Gözlənilmədən Türkiyə Rusiyanın əsas faktiki müttəfiqi oldu, həm biznesin, həm də vətəndaşların anti-Rusiya sanksiyalarından yan keçən əsas axınları məhz Türkiyə vasitəsilə gerçəkləşdirilir. Amma Türkiyə rəsmi olaraq Ukraynaya da yardım edir.

Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalsalar da, Rusiya üçün xeyirxah neytral mövqe tutdular. Onlar amerikalıların və avropalıların Rusiyanın neft və qaz bazarlarını ələ keçirməklə bağlı təklifindən imtina etdilər, anti-Rusiya sanksiyalarına qoşulmurlar və sanksiyalardan yan keçən Rusiya biznesinin əhəmiyyətli bir hissəsini reallaşdırırlar.

Ərzaq və pərakəndə satış bazarındakı vəziyyət qlobal bazarların kövrəkliyini göstərdi. Qlobal bazarlar sanksiyalarla bağlı taxıl və enerji təchizatındakı fasilələrə zəif reaksiya verir. Əgər həqiqi böyük iqtisadi müharibə olarsa, qlobal bazarlar necə reaksiya verəcək? Onlar sadəcə dözə bilmir, dağılırlar, odur ki, yüz milyonlarla insanın müasir həyat sistemi çökə bilər.

Əsas nəticə ondan ibarətdir ki, bəşəriyyət nüvə müharibəsinə doğru irəliləyib. Dünya zaman-zaman nüvə enerjisi ritorikasından istifadə edən, bir-birini azacıq, bütün dünyanı isə ciddi şəkildə qorxudan iki nüvə fövqəldövlətinin proksi müharibəsini dəhşətlə izləyir. Minlərlə yaşayış məntəqəsində nüvə partlayışları üçün nəzərdə tutulan sığınacaqlar yoxlanılır, nüvə müharibəsi ehtimalı ilə ehtiyatlar yenilənir.

Vəziyyət hansı istiqamətdə inkişaf edə bilər?

Ən bariz ssenari budur ki, hər şey indi olduğu kimi davam edəcək. Bu ehtimal kifayət qədər yüksəkdir. Artıq bir ildir davam edən zəhlətökən müharibə 10 il də gedə bilər. Axı ABŞ və Avropa ölkələri müharibədə bilavasitə iştirak etmirlər, onların xərcləri çox deyil, hətta müəyyən dərəcədə iqtisadi yeniləşməyə təkan verir. Bəli, onlar Kiyevə çoxlu silah verirlər, lakin bu onlara eyni zamanda silah arsenallarını təkmilləşdirməyə, iqtisadiyyatı hərbi sifarişlərlə stimullaşdırmağa imkan yaradır.

Rusiya bütün tarixi boyu sübut edib ki, uzun illər çətin, gərgin vəziyyətə dözə bilir. Hətta müəyyən dərəcədə bu, Rusiya üçün normal şəraitlərdən biridir. Ağır böhran, çoxlu sayda aparıcı dövlətlərlə şiddətli müharibə Rusiyaya öz böyük potensialından istifadə etməyə imkan yaradır.

Ukrayna üçün daha çətindir. Son bir ildə təqribən 100.000 ölüm halı təxmin edilir. Amma Ukrayna buna daha 10-20 il dözəcək. Bu, bir milyona yaxın insanın ölümü demək olsa da, ölkənin asanlıqla tab gətirə biləcəyi bir şeydir. Hazırkı siyasi rejiminin indi çox sərt olduğunu nəzərə alsaq, heç bir etiraz aksiyası da prinsipcə mümkün deyil. Ukraynanın öz iqtisadiyyatına ehtiyacı yoxdur, onu Qərb koalisiyasının güclü iqtisadiyyatı tamamilə dotasiya edir.

Koreya variantına əsasən, heç bir sülh sazişi həyata keçirilmir, lakin faktiki təmas xəttində hərbi əməliyyatlar sadəcə dayandırılır və vəziyyət iqtisadi-siyasi qarşıdurma şəraitinə keçir. Koreya variantını, şübhəsiz, hər kəs real şəkildə müzakirə edir.

Rusiyanın qələbəsi tam və ya natamam ola bilər. Rusiyanın tam qələbəsi Ukrayna ərazisinin bir hissəsinə nəzarəti ələ keçirmək, qalan hissəsini özü üçün heç bir təhlükə törətməyən, nə vaxtsa Rusiya ilə yaxşı münasibətlər qura biləcək neytral ölkəyə çevirmək deməkdir.

Rusiyanın natamam qələbəsi Ukrayna ərazisinin əhəmiyyətli bir hissəsinin nəzarət altına alınması, kiçik bir hissəsinin isə düşmənçiliyə davam etməsi deməkdir.

Rusiyanın məğlubiyyəti

Natamam məğlubiyyət Rusiyanın geri çəkilməsi, Ukraynanın keçmiş regionlarının bir hissəsini itirməsi, eyni zamanda, Ukraynanın anti-Rusiya ovqatında qalaraq xeyli güclənməsi deməkdir.

Rusiyanın tam məğlubiyyəti baş verərsə, ondan Krımdan imtina etməyi və çox ciddi təzminat ödəməyi tələb edəcəklər. Üstəlik, siyasi rejimdə dəyişiklik və hazırkı ali siyasi rəhbərliyin həbsi baş verəcək.


Teqlər: Ukrayna   Müharibə  





Xəbər lenti