Mətbuatın üz qarası – reket saytlardan necə qurtulmalı?

Mətbuatın üz qarası – reket saytlardan necə qurtulmalı?
  20 May 2014    Oxunub:2864
Azərbaycanda xəbər saytlarının sayı durmadan artır. Onların hamısı heç də peşəkar jurnalist fəaliyyəti ilə məşğul olmurlar. Obyektiv, dəqiq və vicdanlı xəbər anlayışından uzaq olan “reketlər ordusu” internet erası ilə ayaqlaşaraq çap mətbuatından üz döndərib elektron mediaya keçirlər.

Məqsəd və məramları kimlərisə şantaj etmək, bunun müqabilində pul almaq, hansısa yüksək çinli məmuru qaralamaq olan reketlərə qarşı nə qədər mübarizə aparılsa da təmiz jurnalistikanı onlardan xilas etmək mümkün deyil. Qorxulu məqam odur ki, qəzet və digər yazılı KİV orqanlarında onlar nəzarət altında saxlanıla bilirdisə, sərhədsiz internet məkanında isə bu o qədər də asan deyil.

Mətbuat Şurası reket saytları necə nəzarətdə saxlayacaq? Bu istiqamətdə hansı addımlar atacaq?

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə AzVision.az-a açıqlamasında bildirib ki, MŞ reket saytlara hələ ki rast gəlməyib. MŞ hesab edir ki, bu gedişlə reket saytların sayı arta bilər.

“Amma reket qəzetlərə xəbərdarlıq etmişik. Mətbuat Şurasının “qara siyahısı” var. Həmin siyahıda reketliklə məşğul olan müəyyən qəzetlərin adları var. Peşə prinsipinin tələblərinə əməl etməyən həmin adamların bir çoxu fəaliyyətlərini saytlara keçiriblər. Belə gedişatla reket saytlar da olacaq.

Bəziləri deyir ki, Mətbuat Şurasının ixtiyarı yoxdur ki, bizim barəmizdə qərarlar çıxarsın. Mətbuat Şurasının qərarları hüquqi qüvvəyə malik deyil, sadəcə bəzi məsələləri tənzimləmək üçün ictimai qınağı cəlb etmək üçündü. İnsanların şərəf və ləyaqəti ilə oynamaq lazım deyil. Mətbuat Şurası tərbiyəedici təşkilatdır və hər hansı mətbu orqan haqqında qərar qəbul edə bilər. Ondan sonra həmin mətbu orqanın fəaliyyətində dönüş yaranır. Əgər dönüş yaranırsa, bəri başdan o adamın ümüdlərini qırmaq lazım deyil”-deyə MŞ rəsmisi qeyd edib.

R.Hüsenyazadə bildirib ki, fəaliyyətində yol verdiyi nöqsanlara görə, müəyyən saytlara xəbərdarlıq olunub, amma konkret olaraq reket saytların siyahısı yoxdur:

“Reket qəzetlərdən mətbuata aid olmayan üfunət qoxusu gəlir. Bizim ümumi bir siyahımız var. Peşə prinsiplərini pozan saytların adlarını həmin siyahıya əlavə edəcəyik”.

Reket saytlardan necə qurtulmalı?

Media eksperti Ələsgər Məmmədli reket jurnalistikanın yaranmasını azad medianın olmaması ilə əlaqələndirib:

“Online medianı yox, amma offline mediada reket mətbu orqanlarının Mətbuat Şurasının yaydığı siyahıda görürük. Ümumi şəkildə reket jurnalistikaya “dilənçi” media deyirlər. Bu media daha çox dilənçilik edir, nəinki reketlik. Düzdür, bəziləri təhdid edərək, qorxaraq reketlik etməyə çalışır. Bəzi qəzetlərin adlarında belə reketlik hiss olunur. Reket qəzetlərə müxtəlif pafoslu adlar seçirlər. Bu gün saytlarda reketlikdən daha yalan informasiyalara üstünlük verilir. Xüsusilə, bir informasiya haqqında anons verib, sonra həmin məlumatı yerləşdirməmək bu faktiki olaraq qeyri-peşəkarlığı əks etdirir. Bu, tək peşəkarlıqla da bağlı deyil. Burada çox vaxt peşəkar olan insanlar da qəsdən belə bir probelmi yaradırlar”.

Ə.Məmmədli bildirib ki, saytların hansının reketliklə məşğul olması ilə bağlı müşahidə aparmayıb: “Hazırda saytlarla bağlı belə bir faktı qeydə almadığım üçün deyə bilmərəm. Bununla bağlı səlahiyyətli deyiləm. Ümumən deyə bilərəm ki, saytlarda yalan informasiya yayılır. Sonra təkzib olunur. Saytların hamısında bu problem var. Yoxlanılmamış informasiyanı yerləşdirmək, sonradan təkzib vermək peşəkarlıqdan uzaqlaşmaqdır. Online mediadada ən çox rastlaşdığımız hər hansı bir səbəbdən sifarişli və sifarişsiz bir -birlərini qaralamaq, sonra lazım olan, olmayan informasiyanı yerləşdirmək və təkzib vermək. Medianın ən çox təhlükəli tərəfi budur. Reket tipli məsələlər medianın umumi problemlərindən doğur. Media tam azad olarsa, bu problem ola bilməz. Çünki azad media faktiki olaraq öz ayağı üstündə durmalıdır, öz ayağı üstündə durmalıdırsa, deməli etibar olunmalıdır, etibarlı olmalıdırsa deməli doğru-dürüst olmalı, obyektivliyi qorumalıdır”.

Media eksperti hesab edir ki, reket jurnalistikadan qurtulmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

“Bunlar hamısı bir-birinə zəncirvari bağlıdır, düşünürəm ki, mediada əlavə xanlıq ortadan qalxsa, belə problemlər yaranmaz. Əgər qurum özü- özünü saxlaya bilmirsə, kənardan bəslənərsə ,onda peşəkarlıqda problem yarana bilər. Media həm iqtisadi, həm də siyasi olaraq müstəqil olmalıdır. Reket jurnalistikasının əsas mənbəyi azad medianın olmamasıdır. Reket jurnalistikanın hüquqi cəhətdən qarşısını almağın yolu hüquq-mühafizə orqanlarına müraciət etməkdir. Konkret əlinizdə fakt varsa, kimsə sizi təhdid edirsə, prokurorluğa, ya da polisə gedib, onun haqqında bir tədbir görmək olar. Mediada reket jurnalistikanı bəsləyən jurnalistlər var ki, onları da bəsləyən məmurlar var ki, həmin məmurların gördüyü işlər şəffaf deyil, özəl həyatlarında ciddi səhvlərə yol verirlər, bu məmurlar təbii ki, həmin jurnalistləri bəstələyir”-deyə ekspert vurğulayıb.

Qeyd edək ki, son statistikaya görə, 103 KİV orqanı Mətbuat Şurasının “qara siyahı”sına salınıb. Bu siyahıda reket saytların isə adı qeyd olunmayıb.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti