KTMT-nin İrəvan sammiti: Putin və Lukaşenko niyə şəxsən qatılıblar - TƏHLİL
Sammitin müəyyən dərəcədə əhəmiyyətini haşiyələyən əsas məqam Rusiya prezidenti Vladimir Putinin tədbirdə şəxsi iştirakıdır. Rusiyanın Ukraynada və Qərblə geosiyasi qarşıdurmada üzləşdiyi ciddi problemlər fonunda Putinin İrəvana şəxsən gəlməsi Moskvanın daha çox kağız üzərində fəaliyyət göstərən KTMT-ni hər vəchlə ayaqda saxlamaq niyyətindən xəbər verir.
Zirvə toplantısının gündəliyinə çıxarılan məsələlər də bunu təsdiqləyir. KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov qurumun sülhməramlı qüvvələrinin müasir silahlarla, hərbi və xüsusi texnika ilə təchiz olunması, radiasiyadan, kimyəvi və bioloji təhülkələrdən müdafiənin birgə təşkili barədə bir sıra sənədlərin imzalanacağını bildirib. Bundan əlavə “Muzdlu” operativ-profilkatika kompleksinə regional anti-terror əməmliyyatı statusu verilməsi nəzərdə tutulur.
Bu baxımdan, Rusiya ilə Belarusun Moskva ilə eyni mövqe sərgiləməsi və prezident Aleksandr Lukaşenkonun da sammitdə şəxsən iştirakı təsadüfi deyil. Belə ki, Qərbin dövlət çevrilişinə cəhdi və sərt sanksiyalar rejimi ilə üzləşmiş Minskin KTMT-nin mövcudluğu məsələsində Rusiyanın siyasətini dəstəkləməsi labüddür. İrəvan sammitində gələn il üçün KTMT-də sədrlik estafetini qəbul edəcək Minsk üçün bu həm də imic baxımından önməli olduğundan, birgə səylərin təmərküzləşdirilməsi müstəvisində prioritetləri Belarus prezidenti Aleksandr Lukaşenko şəxsən səsləndirməyi zəruri sayır. KTMT çərçivəsində bir sıra məqamlarla bağlı açıq-aşkar mövqe bildirməkdən qaçan Moskva üçün Lukaşenkonun qurumun bəzi iştirakçılarının ünvanına vaxtaşırı sərt bəyanatlar səsləndirməsi isə tam yerinə düşür. İrəvan sammitində KTMT-də aparılacaq yerdəyişməyə uyğun olaraq qurumun Baş katibi məsələsinə də baxılacaq. Hazırda bu vəzifəni məhz belaruslu general-leytenant Stanislav Zas tutur. İndiki ağır şəraitdə KTMT-də nəzarəti Belarus kimi müttəfiqlə müştərək şəkildə möhkəmləndirmək Rusiyanın həyati maraqlarından da irəli gəlir.
Hərənin dərdi özünə bir dəvədir
Amma Moskva ilə Minskin KTMT-nin ayaqda saxlamaq və xüsusliə də möhkəmləndirilmək siyasəti heç də hamı tərəfindən idillik bir reallıq kimi qarşılanmır.
Əvvəla, təşkilatda Rusiya-Belarus tandeminin paternalist mövqeyi digər ölkələrə elə də xoş gəlmir. Bu baxımdan, Nursultan Nazarbayevin prezidentliyi dövründə KTMT-də güclü mövqeyə malik olmuş Qazaxıstanın bir növ küncə sıxışdırılması rəsmi Astananı heç cür qane edə bilməz. Bu kontekstdə bir məqamı xatırlatmaq çox yerinə düşür. Bu ilin əvvəllərində Qazaxıstanda terror təhlükəsini dəf etmək üçün prezident Kasım-Jomart Tokayev yardım üçün məhz KTMT-yə müraciət ünvanladı. Təşkilatın və ilk növbədə Rusiyanın silahlı qüvvələrinin məhdud kontingentinin operativ qaydada hərbi müdaxiləsindən sonra Qazaxıstanda vəziyyəti tənzimləmək mümkün oldu.
May ayında KTMT-nin sammitində iştirak etmək üçün Moskvaya səfərə gəlmiş Kasım-Jomart Tokayev “Rossiya-24” telekanalına müsahibəsində təşkilatın məhdud kontingentinin həmin hadisələrdə roluna toxunarkən “Rusiyada bəzi şəxslər Rusiyanın Qazaxıstanı “xilas” etdiyini və bundan sonra isə Qazaxıstanın əbədi olaraq “Rusiyaya xidmət və təzim etməli” olduğunu deyəndə bütün vəziyyəti təhrif edirlər. Hesab edirəm ki, bunlar reallıqdan uzaq olan əsassız mülahizələrdir”, - söyləyib.
Bəzi ekspertlər bu sözlərin Rusiya prezidentinə ünvanlandığını bildirirlər. Çünki məhz Vladimir Putin həmin sammitdə KTMT-nin məhdud hərbi kontingentinin xaricdən idarə edilən ekstremistlərin Qazaxıstanda hakimiyyəti ələ keçirməsinin qarşısını aldığını diqqətə çatdırmışdı. Bir neçə aydan sonra həmin rolu elə də yüksək qiymətləndirməyən Qazaxıstan prezidenti Moskvanın özünü bir qədər təvazökar aparmalı olması zərurətinə eyham vurub. Bu isə ümumilkdə Astananın KTMT məsələsində heç də Rusiyanın siyasətini birmənalı şəkildə dəstəkləmədiyinin göstəricisidir.
Yeri gəlmişkən, ötən ayın ortalarında KTMT-nin üzvü olan Taciksitanın prezidenti Emomali Rahmon da Astanada keçirilən “Rusiya-Mərkəzi Asiya” sammitində Moskvanı Mərkəzi Asiya ölkələri ilə münasibətdə təvazökar davranmağa çağırıb.
- Biz 100-200 milyon deyilik, amma istəyirik ki, bizə hörmət etsinlər. Harada biz nəyisə pozmuşuq, harada lazım olduğu kimi salamlaşmamışıq? Biz daim əsas strateji tərəfdaşımızın maraqlarına hörmət etmişik. İstəyirik ki, bizə də hörmət göstərsinlər. Vladimir Vladimiroviç, sizdən xahiş edirik ki, Mərkəzi Asiyaya qarşı Sovet İttifaqına münasibət siyasəti olmasın. İndiki kimi biz onda da kiçik respublikalara və xalqlara diqqətin olmadığının şahidi idik. İnkişafa dəstək göstərilmirdi, - Tacikistan prezidenti vurğulayıb.
Şərhçilər bu narazaılığın köklü səbəbinin olduğunu bildirirlər. Belə ki, KTMT çərçivəsində müttəfiq olan Tacikistanla Qırğızıstan arasında sərhəddə yaşanan qanlı hərbi toqquşmalar, tərəflərin bir-birinin ünvanına səsləndirdikləri sərt bəyanatlar və təhdidlər qurumun belə məsələlərdə hadisələrə real təsir etmək imkanında olmadığını, daha doğrusu istəmədiyini nümayiş etdirdi. Bunu az-çox bacara biləcək Rusiya isə hər biri özünü haqlı sayan KTMT-nin iki üzvü arasında seçim etməkdən boyun qaçırmaq məcburiyyətində qaldı. Əks halda güzəştə getmək istəməyən tərəflərdən birinin mövqeyini dəstəkləməli olacaqdı ki, bu da digər müttəfiqin düşmənə çevrilməsi ilə nəticələnəcəkdi.
Bu cür yarımçıq addımlar isə Rusiyanın Mərkəz Asiyada mövqeyini zəiflətməklə yanaşı regionun KTMT-dəki üzvlərinin vahid frondasını yaradır. Bu ölkələrin Qərblə və Çinlə iqtisadi-siyasi əlaqələrinin dərinləşməsi fonunda kənar aktorların Rusiyanın sərhədlərində geosiyasi mövqeyinin möhkəmlənməsi, habelə Əfqanıstandan gələ biləcək potensial təhdidlər onların təhlükəsizlik çətirini dəyişmək həvəsini də gücləndirə bilər.
Ən böyük problem Ermənistandır
KTMT çərçivəsində mərkəzdənqaçma əhval-ruhiyyəsini əsasən Ermənistan körükləyir ki, bunun da başlıca səbəbi bütün ciddi-cəhdlərə baxmayaraq, İrəvanın təşkilatı özünün təcavüzkar siyasətinin girovuna çevirə bilməməsidir. 2020-ci ildə KTMT üzvlərini, ilk növbədə isə Rusiyanı Azərbaycanla müharibəyə sürükləyə bilməyən Ermənistan rəhbərliyi “müttəfiqlərini” öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək, Moskvanı KTMT-dən çıxmaqla hədələməyə başladı. Lakin bu cəhdi puça çıxdıqdan sonra Ermənistan rəhbərliyi bu ilin sentyabrında artıq Azərbaycanla dövlət sərhəddində silahlı təxribatlar törətdi. Bunun layiqli cavabını alan kimi isə KTMT-ni “Ermənistanın ərazilərini zəbt etmiş” Azərbaycana qarşı müharibəyə səslədi.
Amma vəziyyətin öyrənilməsi üçün KTMT-nin Baş katibi general-leytenant Stanislav Zasın rəhbərliyi altında Ermənistan gəlmiş müşahidə missiyasının çıxardığı verdikt İrəvanın bu cəhdini də neytrallaşdırdı. Bu isə KTMT-dən çıxmaq barədə Ermənistanın səsləndirdiyi bəyanatları daha da intensivləşdirdi, onların ritorikası isə daha da sərtləşdi. İrəvanın Qərblə Rusiya arasında apardığı ikibaşlı oyunlar isə, demək olar ki, pik həddə çatdı.
KTMT-nin bu sammitində İrəvana hərbi yardımın da müzakirə olunacağı və Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirəcəyi barədə yayımlanan rəsmi məlumatlara inansaq, Moskvanın öz vassalına hansısa preferensiyalar vəd etdiyini düşünmək olar.
Amma bunun qarşılığında Moskvanın hansı gedişlər edəcəyi çox maraqlıdır. Əvvəla, Ermənistanın təkidi ilə Kremlin, xüsusilə də KTMT-nin müştərək şəkildə Azərbaycana qarşı təzyiq gəstərmək taktikasını seçəcəyi inandırıcı görünmür. Əksinə, KTMT-nin Ermənistanın özünə qarşı belə mövqe tutması ehtimalı daha böyükdür. Bunun üçün İrəvanın təşəbbüsü ilə çağırılan KTMT-nin növbədənkənar sessiyasında Belarus prezidenti Aleksandr Luakşenkonun Ermənistanın Azərbaycanla münasibətləri necə tənzimləmək barədə Nikol Paşinyana verdiyi sərt dərsi yada salmaq yetərlidir.
Hamının gözü qarşısında verilən bu tənbeh böyük ehtimalla Moskvanın da ürəyindən idi. Hətta belə deyilsə də, Kremlin öz vassalının üzünə vurulan sərt şilləyə reaksiya verməməsi Moskvanın KTMT-dəki sanballı müttəfiqlərinin siyasi iradəsini nəzərə aldığını göstərir. Xüsusilə də bəzi müttəfiqlərin bir çox hallarda qırmızı xətti keçməsinə görə məhz belə dərslərin verilməsi Kremlin də maraqlarına uyğun gəlir. Hərbi yardıma gəldikdə isə bunun Ermənistan ordusunun gücləndirilməsində əhəmiyyətli bir addım olacağı böyük şübhə doğurur. Rusiyanın indiyədək Ermənistana ucuz qiymətə satdığı və ya pay verdiyi silahların keyfiyyəti məhz belə düşünməyə əsas verir. İrəvanın Qərblə apardığı həm açıq-aşkar, həm də pərdəarxası oyunları isə Kremli bu məsələdə daha ehtiyatlı davranmağa vadar edir.
Moskvanın da öz dərdi var
KTMT üzvlərindən Rusiyanın ən böyük narazılığı da məhz elə Ermənistandandır. Qərbin ssenarisi və xeyir-duası ilə Ermənistanda baş nazir kreslosuna əyləşdirilən Nikol Paşinyanın KTMT-nin Baş katibi general-polkovnik Yuri Xaçaturovun vaxtından əvvəl tutduğu vəzifədən azad edilməsinə nail olması təşkilatın nüfuzuna endirilən ən ağır zərbələrdən biri idi. Moskvanın bu məsələdə fiaskosu isə şəxsən Rusiya prezidenti Vladimir Putinin zəifliyi kimi qiymətləndirildi.
İrəvanın KTMT-ni öz öhdəliklərindən boyun qaçırmaqda günahlandrımasının qarşılığında Moskva özü Ermənistana daha böyük iradlar tutur. İrəvanın Qərblə aparıdğı siyasi sövdələşmələr, KTMT-ni və Rusiyanı Azərbaycanla müharibəyə sürükləmək cəhdlərini xatırladılır. Digər vacib məqam isə bütün problemlərini Rusiyanın resursları və dəstəyi hesabına həll etməyə çalışan Ermənistanın bir sıra taleyüklü məsələlərlə bağlı regional və beynəlxalq təşkilatlarda qətnamələrin qəbul edilməsi zamanı Moskvanın əleyhinə səs verməsi və yaxud da bitərəf qalmasıdır.
Məsələn, təxminən bir həftə əvvəl BMT-nin Baş Assambleyasında “Rusiyanın təcavüzü nəticəsində Ukraynaya vurulan zərərin ödənilməsi”ni təmin edəcək beynəlxalq mexanizmin yaradılması üzrə qətnamə layihəsinə səsvermədə Ermənistan bitərəf mövqe sərgiləyib. Yeri gəlmişkən, Rusiyanın xarici hesablarda dondurulmuş 300 milyard dollardan artıq vəsaitinin müsadirəsini nəzərdə tutan bu qətnaməyə münasibətdə KTMT-nin Mərkəzi Asiyadan olan digər üzvləri də Ermənistan kimi bitərəf mövqe tutublar. Yalnız Belarus bu sənədin əleyhinə çıxıb. Azərbaycan və Türkmənistan isə səsvermədə iştirak etməyiblər.
Məhz belə acı reallıqlar Moskvanı kimin dost, kimin düşmən, kimin tərəfdaş, kimin isə sadəcə möhtəkir olduğu barədə düşünməyə vadar edir. Elə onun KTMT üzrə müttəfqilərini də. Onlar da öz növbəsində Rusiyanın Ukraynada apardığı müharibənin və Qərblə geosiyasi qarşıdurmanın girovuna çevrilmək istəmirlər. Bu baxımdan, “hərbi müdaxilələrə qoşulmayan qurum” adlandırdıqları KTMT-nin formal fəaliyyətini dəstəkləyirlər. İndiki ağır şəraitdə heç olmasa belə qurumun mövcudluğu da Rusiya üçün bir siyasi təsəllidir.
Sahil İsgəndərov, politoloq
AzVision.az
Teqlər: KTMT Ermənistan