Erməni əsgər Hovsep Qaltsyanın atası Samvel Qaltsyan jurnalistlərə açıqlamasında deyib ki, oktyabrın 3-dən oğlundan xəbər ala bilməyib. O, ailəsinə təhvil verilmiş cəsəd əsasında övladını basdırdığını desə də, bir gecədə oğlunun cəsədinin qəbirdə olmadığı üzə çıxıb.
“Mən uşağımı basdırdım. Sonradan gəlib qəbri söküb aparıblar. Amma DNT-nin nəticələri düzgün idi. Aidiyyəti qurumun nümayəndələrinin deməsinə görə, kodlarda fərq var imiş. Çaşqınlıq yarandı, nə baş verdiyini deyə bilmərəm... Gəldilər və qalıqları qəbirdən çıxarıb apardılar. Özü də gecə apardılar ki, prosesdən xəbərim olmasın. Həmin vaxt mən Qarabağda idim. Anama və kürəkənimə məlumat vermişdilər. Amma ata kimi məni məlumatlandırmadılar”, - erməni valideyn gileylənib.
Qeyd edək ki, Ermənistanda oxşar hallar bir neçə dəfə baş verib. Hətta bir müddət öncə əsgər valideynlərindən biri aidiyyəti qurumların ona cəsəd qalığı kimi
oğlunun üçayaqlı skeletini verdiklərini demişdi.
Tural Tağıyev
AzVision.az