“Bugünkü Ermənistan hökuməti ən çox rusiyapərəst mövqe sərgiləyən hökumətdir. Rusiya Dövlət Dumasının rəhbəri bu yaxınlarda reallaşan səfəri zamanı dedi ki, o, əlaqələrimizin xeyli genişlənməsindən məmnundur. Çünki əvvəlki hökumətlərin dövründə bu əlaqələr kifayət qədər geniş deyildi. Münasibətlərimiz çox pis idi və bu gün parlamentlərarası əlaqələrimiz daha da sıxlaşıb”, - Simonyan İrəvanın anti-Rusiya siyasətini malalamağa çalışıb.
Qeyd edək ki, son bir neçə ayda Rusiya Ermənistanla münasibətlərdə ciddi problemlər yaşayır. Ölkədə Vladimir Putinin, Ukraynada aparılan müharibənin əleyhinə aksiyalar keçirildi, hətta yerli mediada Surmaluda baş vermiş faciəvi partlayışda "rus izləri" axtaran təthlil yazılar dərc edildi. Bu da azmış kimi İrəvanın son sərhəd təxribatlarından sonra Ermənistanın KTMT-dən çıxması məsələsi tez-tez gündəmə daşınır. Moskva ilə İrəvan arasında soyuqluğu gücləndirən mühüm hadisələrdən biri isə Nensi Pelosinin gözlənilmədən İrəvana səfər edib burada arzuolunmaz bəyanatlar səsləndirməsi oldu. Rusiya üçün ən son arzuolunmaz anti-rus mövqeyi isə İrəvanın bir neçə rus siyasətçi və tanınmış şəxsi qara siyahıya salınması oldu.
Tural Tağıyev
AzVision.az