Sərhədlərin bağlı qalması niyə vacibdir – Ədalət Verdiyevin şərhi
Ətrafımıza nəzər salaq. Məsələn, yalnız 10 gün ərzində, sentyabrın 17-dən 26-dək Gürcüstana 78 742 Rusiya vətəndaşı gəlib. Bu proses getdikcə artan dinamika nümayiş etdirir. Onların arasında fərarilərin və ya qeyri-sağlam məqsədlərə xidmət edənlərin olması da tamamilə gözləniləndir.
Ukraynadan Gürcüstana gələnlərin də sayı bundan ciddi şəkildə fərqlənmir. Azərbaycan quru sərhədlərini açıq saxlasaydı, ən azı Gürcüstandan iki dəfə çox Rusiya və Ukrayna vətəndaşı qəbul etməli olacaqdı. İranda baş verən proseslər Azərbaycana gələnlərin sayılnın Rusiyadan az olacağını iddia etməyə əsas vermir. Beləliklə, quru sərhədlərinin açıq qalması Azərbaycana hər ay yüz minlərlə xarici vətəndaşlarının axınına şərait yarada bilərdi.
Digər tərəfdən isə Azərbaycanın Qələbəsini həzm etməyən qüvvələrin sərhədlərimizn açıq olmasında sui-istifadə edəcəkləri də şübhəsizdir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, hazırda sərhədlərimizin bağlı qalması alternativsiz və ən doğru qərardır.
Vaxtilə aramızda “sərhədlər niyə açılmır” sualını verən tanışlarımızın sayı lap çox idi, indi isə bəziləri bu gün bölgədə baş verənlərə baxanda artıq “şükür, sərhədlər bağlıdır” deyə vəziyyəti düzgün dəyərləndirirlər.
Dövlətin özü də sərhədlərin qapalı qalmasından iqtisadi fayda əldə etmir. Amma proseslərin uzaq perspektivlərini əvvəlcədən planlaşdırmaq hər dövlət üçün vacibdir. Uzaqgörənlik yaxşıdır. Odur ki, dövlətimizə və Alı Baş Komandanımıza güvənməliyik.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün