Fransanın ucuz erməni sevgisi – İQTİSADİ ŞƏRH

// Azərbaycanın Fransa ilə dövriyyəsi kiçikdir, Ermənistanın isə cüzi

   Fransanın ucuz erməni sevgisi –    İQTİSADİ ŞƏRH
  21 Oktyabr 2022    Oxunub:2597
Fransa prezidenti Emmanuel Makronun açıq ermənipərəstlik edərək, Azərbaycanla münasibətləri pozulmaq həddinə çatdırması siyasi baxımdan xeyli şərh olunub. Biz məsələyə iqtisadi prizmadan yanaşacağıq.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Fransadan 131,7 milyon dollarlıq mal idxal edib. Bu, ötən ilin anoloji dövründən 16,6% çoxdur. Eyni dövrdə Fransaya ixracımız 46,1 milyon dollar olub. Bu isə ötən ilin anoloji dövründən 1.8% azdır. Başqa sözlə, Fransa ilə ümumi dövriyyənin çoxalması fonunda idxalımız artıb, ixracatımız azalıb. Ticarət əlaqələrində müsbət saldo fransızların xeyrinədir.

Ümumilikdə ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində (35,5 milyard dollar) Fransanın payı cüzi rəqəmlərlə ifadə olunur. Bütövlükdə idxalımızın cəmi 1,7, ixracatımızın isə 0.2%-i həmin ölkənin payına düşüb. Bəli, çox kiçik rəqəmlərdir, amma Fransanın Ermənistanla ticarət dövriyyəsi hətta bundan da azdır!

2020-ci ildə fransızlarla ermənilər ümumilikdə 82 milyon dollar dəyərində ticarət aparıblar. 2021-ci ildə bu rəqəm bir qədər artaraq, 95 milyon dollara çatıb.

Məsələyə Fransanın pəncərəsindən baxsaq, nəzərə almaq lazımdır ki, həmin ölkənin ticarət dövriyyəsi 488 milyard dollardır. Yəni Azərbaycan da, Ermənistan da Fransanın ümumi dövriyyəsində çox cüzi yer tuturlar və əhəmiyyətli tərəfdaş sayıla bilməzlər. Amma belə bir müqayisə aparmaq düzgündürsə, iki əhəmiyyətsiz tərəfdaşın arasında iqtisadi cəhətdən yenə də Azərbaycan daha önəmlidir.


Burada bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanla bağlı rəqəmlər daha böyük ola bilərdilər. Problemlərdən biri odur ki, Fransanın “Total” şirkəti 2009-cu ilin fevralında SOCAR-la “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsü sazişi imzalasa da, indiyə qədər praktik olaraq heç bir iş görməyib. Fransız şirkəti götürdüyü öhdəliyə baxmayaraq, nə quyu qazır, nə terminal tikir, nə də qaz ixracı infrastrukturu yaradır. Buna məntiqli izah tapmaq sadəcə mümkun deyil. Yalnız belə bir siyasi versiya irəli sürülə bilər ki, şirkət erməni diasporunun təzyiqlərindən çəkinir.

Hər iki ölkənin Fransa üçün ticarət dövriyyəsi nöqteyi-nəzərindən əhəmiyyətsiz tərəfdaş olduğunu deyəndə son dərəcə vacib bir məqamı da nəzərə almaq lazımdır. Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək üçün böyük potensial var. Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşı Avropa İttifaqlı ölkələridir. Çətin keçən 2021-ci il ərzində Aİ ilə ticarət dövriyyəmiz 15,2 milyard dollar olub. Azərbaycanın ticarət dövriyyəsinin 45%-i Avropa İttifaqının payına düşür. Burada Fransanın payının cüzi olması Parisin öz “günahı”dır və sadəcə niyyət olsa, qarşılıqlı dövriyyə qısa zamanda sürətlə arta bilər.

Ermənistanla isə hətta Paris nə qədər istəsə də, daha yaxşı nəticələr əldə etmək mümkün deyil, çünki potensial yoxdur. Fransa həmin ölkə ilə bağlı müxtəlif layihələr həyata keçirir, “yol xəritələri” qəbul edirlər, fəqət çifayda: nəticə yoxdur ki, yoxdur. Çünki Azərbaycan prezidentinin sözlərilə desək, Ermənistan dalandır. Sözün hər mənasında. Onunla tərəfdaşlığı gücləndirmək istəyən tərəf İrəvanı dalandan çıxara bilməyəcək, əksinə, özü də dalana dirənəcək.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru




Teqlər: Fransa   Ermənistan  





Xəbər lenti