Ermənistanın keçmiş prezidentlərini danışdıran nədir - TƏHLİL

 Ermənistanın keçmiş prezidentlərini danışdıran nədir -  TƏHLİL
  29 Sentyabr 2022    Oxunub:6875
Cənubi Qafqazda yaranmış yeni geosiyasi konfiqurasiya erməni cəmiyyətindəki revanşistlərlə reallıqla barışmağa çağıran qüvvələrin arasında ciddi ixtilaf yaradıb. Bir neçə gün əvvəl Erməni Apostol kilsəsi (EAK) Eçmədzindəki iqamətgahında Ermənistanın və vaxtilə Qarabağda mövcud olmuş separatçı rejimin sabiq rəhbərlərinin iştirakı ilə qapalı müzakirələr təşkil edib. Həmin görüşdən sonra Ermənistanın iki keçmiş prezidentinin vedikləri açıqlamalar erməni cəmiyyətindəki qütbləşmənin nə qədər dərin olduğunu göstərir.
Ermənistanın ilk prezidenti reallığı qəbul etməyə çağırır

Katalikos II Qareginin təşəbbüsü və iştirakı ilə keçirilən iki saatlıq qapalı görüşdən sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ictimai televiziyaya müsahibəsində baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırıb. Ermənistanın düçar olduğu ağır məğlubiyyəti və faciəvi reallığı düzgün qiymətləndirən Ter-Petrosyan İrəvanın Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalamasının günün ən zəruri tələbi olduğunu deyib. Sabiq prezident onu da bildirib ki, əgər bu fürsət əldən verilsə, sonradan Ermənistan daha ağır şərtlərlə buna getməli olacaq.

“Ermənistanı çətin və ağır qərarlar gözləyir, o, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilə bağlamalı olacaq. Bu heç kimin ürəyincə deyil, lakin vaxt gələcək ki, sadəcə, başqa seçim olmayacaq. Əgər Bakı və Ankara ilə problemlər indi həll edilməsə, tezliklə erməni dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək” – L.Ter-Petrosyan vurğulayıb.

Tarixdə Ermənistandan da qat-qat üstün və böyük təsir gücünə malik olan dövlətlərin, məsələn Yaponiyanın, ağ bayraq qadlırdığını söyləyən L.Ter-Petrosyan İrəvanın Azərbyacanla bağlayacağı sülh saizişinin kapitulyasiya olacağını deyib. O, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının hansı nəticə verəcəyinə də aydınlıq gətirib: "Paşinyanı əvəz edəcək şəxs Ermənistan üçün daha əlverişsiz sənəd imzalayacaq. Qarabağ məsələsində isə Ermənistan hansısa bir əhəmiyyətli rol oynamır və səs hüququna malik deyil. Hazırda İrəvanın Qarabağ məsələsində iştirakı yalnız humanitar yardımın göstərilməsi və iqtisadiyyatın bərpası ilə məhdudlaşır”.


Bununla yanaşı, Ter-Petrosyan nədənsə hələ də Rusiyanın Ermənistana hərbi-siyasi dəstək verəcəyinə ümidli olan bəzi revanşist qüvvələrin ümidlərini özünəməxsus qaydada puça çıxarıb. “Vaxtilə Qarabağ məsələsinin həllinin açarı Rusiyanın əlində idi. Lakin indi Moskvanın vəziyyəti elə ağırdır ki, o, bu açarı itirib” - Ter-Petrosyan qeyd edib.

Onun fikrincə, ABŞ-ın və Avropa İttifaqının erməni tərəfin vəziyyətinin daha da ağırlaşmaması üçün nə isə etmək imkanı var. Lakin bu, Vaşinqtonla Brüsselin Ukrayna məsələsinə hansı dərəcədə qarışacaqlarından asılıdır.

Yada salaq ki, Vaxtilə Ter-Petrosyan Qarabağ münaqişəsinin mərhələli həllinə razılaşmaqla Ermənistanın böyük dividendlər qazanacağını bəyan etmişdi. Zaman onun haqlı olduğunu sübut etdi.

Robert Köçəryan fərqli düşünür

Ermənistanın 2-ci prezidenti Robert Köçəryan yenidən Nikol Paşinyanı Qarabağ ermənilərinin maraqlarını qurban verməkdə təqsirləndirib. "Ermənistanın fəaliyyətdə olan hakimiyyəti “qarabağ ermənilərinin öz müqəddaratını müəyyənləşdirməsi və suverenliyi” anlayışlarını leksikonundan tamamilə çıxarıb. Ermənistan hakimiyyəti rəsmi Bakının münaqişənin tənzimlənməsi və Qarabağ məsələsinin mövcud olmaması barədə səsləndirdiyi bəyanatları qəbul edir",- R.Köçəryan bildirib.

Ermənistanın düşdüyü ağır vəziyyətdən çıxarılmasında kənar qüvvələrin potensial dəstəyinə gəldikdə, R.Köçəryan vaxtilə hakimiyyətdən devirdiyi Ter-Petrosyanın mövqeyi ilə müəyyən mənada razılaşsa da, daha çox Rusiyaya ümidli olduğunu gizlətməyib: “ABŞ və Fransanın bəyanatlarını, Nensi Pelosinin Ermənistana səfərini müsbət qiymətləndirirəm. Bizim hardasa sığortalanmağımıza kömək edən bütün addımlara müsbət yanaşıram. Amma biz realist olmalıyıq. Mövcud vəziyyəti düzgün qiymətləndirməli və bir ifrat mövqedən o birinə keçməməliyik. Rusiyanın vəziyyətə təsir etmək üçün real imkanları var, lakin Ukrayna müharibəsi onun əl-qolunu bağlayıb. Rusiyanın rolu həm də bizim məğlubiyyətimiz nəticəsində azalıb. Bu gün Rusiya Azərbaycanla analoji münasibətlər qurmağa çalışır. Lavrovun Bakıda verdiyi bəyanatları diqqətlə oxusanız, onların Cənubi Qafqazda Azərbaycana hansı rolu ayırdıqlarını görərsiniz. İndi öz maraqlarından çıxış edərək addımlar atan Rusiyanı günahlandırmağa başlamalıyıq? Bu, sadəcə, mənasızdır”.



Onun sözlərinə görə, erməni cəmiyyətini Rusiyanın əleyhinə kökləmək Ermənistana ziyan vurur. "Biz heç nə etmirik, sonra da deyirik ki, niyə Rusiya Azərbaycanla daha fəal münasibətlər qurur? Əgər sən yoxsansa o, nə etməlidir, regionla məşğul olmamalıdır?",- R.Köçəryan ritorik sualla erməni cəmiyyətinə müraciət edib.

“Həm bizimkilərə, həm də sizinkilərə”

Ermənistanın iki sabiq prezidentinin bir sıra məqamlarda son 2-3 ilin hadisələrinə yanaşmalarının və verdikləri qiymətlərin təxminən üst-üstə düşməsinə baxmayaraq, ölkənin üzləşdiyi ağır vəziyyətdən çıxması üçün antaqonist qütblərin dəstəyinə ümid bəslədiklərini açıqlamaları əslində ənənəvi erməni ikiüzlülüyünün bariz nümunəsidir.
İndiki imkanı qaçıracağı halda gələcəkdə Ermənistanın daha ağır şərtləri qəbul edəcəyi barədə məntiqli mövqe ortaya qoyan Ter-Petrosyanın Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinə təsir açarını itirdiyini söyləməsi mübahisəli iddiadır. Çünki, həqiqətən Ukraynada ciddi sınaqlarla üzləşsə də, Rusiya cənub cinahında da sayıqlığı əldən verməməyə çalışır. Ermənistanın son vaxtlar Qərblə apardığı ikibaşlı oyunlar Kremlin həssaslığını daha da gücləndirir. Qərbpərəst Ter-Petrosyan üstüörtülü şəkildə Rusiyaya Cənubi Qafqazda öz mövqelərini təhvil verməyin vaxtı çatdığı barədə mesaj ünvanlayır.

Maraqlıdır ki, öz sələfindən fərqli olaraq, daha çox ruspərəst mövqedən çıxış edən R.Köçəryan da bölgədə geosiyasi mübarizənin yeni səhifəsini açan Qərbin Ermənistana müəyyən dəstək göstərəcəyi barədə bəzi vədlər qarşılığında Moskvanı şantaj etməyə çalışır. Onun Kremlə Ermənistanı itirə biləcəyi barədə xəbərdarlığı yalnız və yalnız Moskvaya qarşı siyasi şantaj kimi qiymətləndirilə bilər.

Sonrakı peşmançılıq fayda verməz

Ermənistanın iki sabiq prezidentinin açıqlamalarının ümumi məğzi Qərbin Cənubi Qafqazda yenidən fəallaşması və Rusiyanın Ukraynada üzləşdiyi çətinliklər fonunda geosiyasi oyun şəraitinin dəyişməsi ilə bağlıdır. İntellektual baxımdan öz xələfini qat-qat üstələyən Ter-Petrosyan 24 il əvvəl dediklərini təzədən təkrarlayır. Onun xəbərdarlıq etdiyi kimi, əgər rəsmi İrəvan indiki şərtlərlə sülh sazişini imzalamasa, danışıqların sonrakı mərhələsinə üzü üstə sürünə-sürünə gələcək, Azərbaycanın qüdrətli çəkməsi isə bu dəfə artıq onun kürəyindən basacaq.


Yeri gəlmişkən, tarix boyu ermənilər bir neçə dəfə belə sərt reallıqla üzləşiblər. Onlara yağlı vədlər verənlər məqamı çatanda nə üzü, nə də dizi üstdən qaldırmağa cəhd göstəriblər. Məhz belə məqamlardan sonra böyük güclərinin öz maraqları naminə onları qurban verdikləri barədə vay-şivən salıblar. Amma unudublar ki, iki ağanın nökəri olmaq mənfəətli olsa da, bunu edənin iki yerə şaqqalanması təhlükəsi də var. Hərçənd, hələ də gec deyil. Elə onların indiki ağaları olan ruslar demiş: “Heç olmamaqdansa, gec olsa yaxşıdır”.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Ermənistan   kapitulyasiya  





Xəbər lenti