“Zəngəzur dəhlizi İranı narahat edir” - Səlcuq Çolakoğlu

   “Zəngəzur dəhlizi İranı narahat edir” -    Səlcuq Çolakoğlu
  26 Sentyabr 2022    Oxunub:2775
“Ermənistanın Rusiyanın qanadının altından çıxıb, Amerikanınkına keçməsini söyləmək hələ tezdir. Ermənistan hələ də KTMT-nin üzvüdür və ərazisində çoxlu sayda Rusiya hərbi bazaları var. Ermənistan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür. Mənə elə gəlir ki, Paşinyanın ŞƏT sammitində iştirakdan imtina etməsi İrəvanda siyasi iğtişaşlar riskinin artması ilə bağlıdır”.
Bu sözləri AzVision.az-a Türkiyənin Asiya-Sakit Okean Araşdırmaları Mərkəzinin direktoru, professor Səlçuk Çolakoğlu deyib. O bildirib ki, İkinci Qarabağ müharibəsindəki və son sərhəd toqquşmaları zamanı ağır itkilər Paşinyan hökumətindən narazılığı daha da artırıb. Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevə son illər Qarabağda həyata keçirdiyi uğurlu hərbi siyasət sayəsində ölkədə ictimai dəstək artır.

“Ermənistan strateji, təhlükəsizlik və iqtisadi baxımlardan Rusiyadan çox asılıdır. Ermənistanın gələcəkdə əsas strateji tərəfdaşları ABŞ və Avropa ölkələri deyil, Rusiya və İran olaraq qalacaq”,- Çolakoğlu vurğulayıb.
İrandan MAQATE-yə cavab: Yeni sentrifuqalar işə salınır

Zəngəzur dəhlizinin açılması perspektivilə bağlı sualı cavablandıran ekspert deyib ki, Bakı haqlı olaraq Laçın dəhlizi müqabilində Zəngəzur dəhlizinin açılmasını tələb edir. İrəvan 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış sülh Bəyanatında Zəngəzur dəhlizinin açılmasına razılıq verib, lakin onun icrasını gecikdirir.
- İranın Naxçıvanı Azərbaycanın digər hissəsi ilə birbaşa birləşdirən Zəngəzur dəhlizinin əleyhinə olduğu da heç kimə sirr deyil. Tehran öz ərazisi vasitəsilə Naxçıvanın Azərbaycan ilə hava və quru əlaqəsindən Bakıya təsir rıçaqları kimi istifadə edirdi. Zəngəzur dəhlizi açılsa, Tehran bu mühüm təsir vasitəsini itirəcək. Zəngəzur dəhlizi təkcə Naxçıvanı Azərbaycanın digər hissəsi ilə deyil, həm də Ankaranı Bakı ilə Gürcüstandan daha qısa quru dəhliz vasitəsilə birləşdirir,- professor bildirib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əməkdaşlığının genişlənməsi İranı və bəzi digər oyunçuları narahat edir. Bununla belə, ABŞ-ın Zəngəzur dəhlizinin əleyhinə olduğuna dair əlamətlər yetərli deyil: “Soyuq müharibə başa çatdıqdan sonra ABŞ-ın əsas strategiyası Azərbaycan və Gürcüstanın Rusiya və İrandan strateji müstəqilliyini dəstəkləməkdir. Bu məqsədlə ABŞ Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə siyasi dəstək verdi. Bu gün Azərbaycan regionda çox mühüm oyunçuya çevrilib və təkcə Rusiya deyil, ABŞ ilə Aİ də Bakı ilə münasibətləri saxlamaq istəyirlər”.

Samir Vəliyev
AzVision.az


Teqlər: İran  





Xəbər lenti