Əzəli və əbədi müttəfiqlik - Hümbət Musayevin yazısı

   Əzəli və əbədi müttəfiqlik -    Hümbət Musayevin yazısı
  19 Sentyabr 2022    Oxunub:3992
"Bu, tarixi nailiyyətdir... Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

"Türkiyə olaraq azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik".

Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Prezidenti.

Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin kökü tarixin çox dərin qatlarından qaynaqlanır. Bizi ilk növbədə tarix, mədəniyyət, ortaq etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar kimi bir çox amillər birləşdirir. Şair də bu amilləri poetik məharətlə vəsf edib:
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan, Türkiyə.
Bu yazıda son 100 ildə baş verən proseslərlə yaranan yeni siyasi-iqtisadi formasiyalarda mühüm əhəmiyyət kəsb edən məqamlara nəzər salacağıq.


Ötən əsrin əvvəllərində Birinci Dünya müharibəsi bütün ölkələrdə ictimai-siyasi və iqtisadi gərginlik yaratmışdı. Osmanlı İmperiyası hərbi məğlubiyyətə uğrayaraq süqut etmişdi. Atatürkün böyüklüyü onda idi ki, militaristlərə, imperial güclərə qarşı yeni bir hərb başlatdı. Tarixdə Qurtuluş savaşı kimi anılan, böyük itkilər hesabına qazanılan mübarizədə istilaçı qoşunlar bilavasitə türklər yaşayan ərazidən çıxarılmaqla həmin ərazidə yeni bir dövlət -Türkiyə Cümhuriyyəti quruculuğu prosesi başlandı. Bir sözlə, böyük şəxsiyyət öz əzmi ilə bu şansı reallaşdırdı.
Həmin dövrlər əksər ölkələr çətinliklərlə üzləşmişdi. İmperial güclərin əhatəsində olan Türkiyənin də gücü tükənmək üzrə idi. Belə məqamlarda dost ölkələrin köməyi bir zərurətə və ehtiyaca çevrilir.

Tarixdən məlumdur ki, Çanaqqala savaşında Anadolu gəncləri ilə Azərbaycandan gələn igidlər birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblar. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun əsgərləri azərbaycanlı qardaşlarının yardımına da vaxtında yetiblər.
Türkiyə dünya imperializminə qarşı mübarizədə haqq-ədaləti təmsil edən yeganə qüvvə rolunda çıxış edirdi. İmperializmə qarşı savaşda qərbin böyük güclərinin düşməni olan Sovet İttifaqının dəstəyinə də ehtiyac vardı. Məhz bu məsələlərin reallaşmasında və fərqli ictimai-iqtisadi quruluşlu ölkələr olsaq da, Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərinin, qardaşlıq əlaqələrinin sarsılmazlığı üçün... Nəriman Nərimanovun misilsiz xidmətləri oldu. Ötən əsrin 20-ci illərində Türk Qurtuluş savaşının ən çətin və təhlükəli günlərində qardaş əli uzadan, bu savaşa bu və ya başqa şəkildə dəstək olan da elə N.Nərimanov idi. M.Kamal Atatürklə N.Nərimanovun arasında dostluq münasibətləri yazışmalar, məktublardakı "isti sətirlər", eyni baxışlar və ortaq fikirlər əsasında yaransa da, sonradan qardaşlıq əlaqələrinə çevrilmişdir.

Türk Qurtuluş savaşının qalibiyyətlə başa çatmasının Şərq xalqlarının azadlıq ideallarının gerçəkləşməsi yolunda ən yaxşı örnək olacağını Nərimanov inamla Leninə yazdığı məktubda da açıq bildirirdi. Həmçinin Türkiyə ilə Sovetlər Birliyinin imperializmə qarşı birgə çıxış etməsi üçün dostluq və qarşılıqlı etimad əlaqələrinin yaradılması niyyəti ilə diplomatik vasitələrdən məharətlə istifadə edirdi. O, ürəyindəki Türkiyə sevgisindən və yaşadığı ölkədə despotizmə və zülmə qarşı mübarizəyə sədaqətindən qaynaqlanıb, tarix boyu türklərin dönməzliyi və məğlubedilməzliyinə istinadən növbəti məktublarından birində yazırdı: "... Biz türklərdən üz döndərsək, bütün müsəlman Şərqində nüfuzumuzu itirə bilərik. Həm də bizim üçün fəlakətli nəticələr verə biləcək Şərq cəbhəsi açılmış olacaq...".

Birinci Dünya müharibəsində ermənilərin Türkiyənin daxilində separatçılıqla məşğul olması, ölkə daxilindən Qurtuluş savaşına arxadan zərbə vurmaq, vətəndaşlardakı inam hissini itirmək üçün ən rəzil əməllərə əl atdığı bəlli idi. Bu məsələnin türklər üçün nə qədər həssas olduğunu dərindən bilən Nərimanov Leninə yazırdı: "Bu məsələdə türklərin yanında yer almasanız, bütün Şərq xalqlarını itirə bilərik və Azərbaycanı əldə saxlamaq mümkün olmaz".

Bütün bu xəbərdarlıqlardan sonra Türkiyə ilə Sovetlər Birliyi arasında imperializmə qarşı savaşda siyasi müstəvidə çox önəmli hadisələr baş verdi. Türk ordusunun işğalçılar üzərində qazandığı zəfərlər Azərbaycanda böyük sevinc və coşqu yaradırdı. N.Nərimanovun tapşırığı əsasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbərliyinə göndərilən teleqramda deyilirdi: "... İmperializmə qarşı qazandığı böyük zəfərlərə görə qardaş türk xalqını, TBMM-i və onun rəhbəri Mustafa Kamal Paşanı Azərbaycan Sovet Sosialist Respublikası və Azərbaycan xalqı adından təbrik edirik". Bu teleqramda daha sonra bəyan edilirdi ki, Azərbaycan xalqının arzusu ilə Azərbaycan hökuməti bu böyük zəfərlərin şərəfinə otuz sistern neft, iki sistern benzin və səkkiz sistern kerosin göndərir. Az müddət sonra TBMM hökumətinin tələbi olmadan Azərbaycan hökuməti 62 sistern neftlə bərabər Xarici İşlər komissarının göndərdiyi teleqramda zülmü haqqa, şəri xeyrə çevirmək üçün qardaş köməyini özlərinə şərəf borcu hesab edərək öz yardımlarını əsirgəmədikləri bildirilirdi: "... Bundan sonra Azərbaycan hökuməti qardaş türk xalqının apardığı azadlıq savaşı müddətində hər ay 62 sistern neft və 3 vaqon kerosin göndərməyi öhdəsinə götürür".
1921-ci il fevralın 19-da Ankara ilə Moskva arasında imzalanan anlaşma birlik və bərabərlik içində mübarizə, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq proqramı idi.

N.Nərimanovun Sovet Azərbaycanına Xalq Komissarları Sovetinin sədri kimi başçılıq etməsi Mustafa Kamal Paşanı çox məmnun etmişdi. Azərbaycanla dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün tanınmış diplomat Memduh Şevket Esendal səfir göndərilir. M.K.Paşanın səfirlə göndərdiyi məktub Nərimanova təqdim edildikdən dərhal sonra 500 kq qızıl və Ankara ilə Moskva arasındakı anlaşmaya əsasən Azərbaycan hökuməti tərəfindən Rusiyadan alınan on milyon qızıl pul Ankaraya göndərildi.
Bütün bunlar Nərimanovun təbirincə desək, bizim ağır və çətin günlərimizdə (1915, 1918) böyük qardaşın xilaskarlıq missiyasına qarşılıq şərəf borcumuzdur. 1921-ci ilin martında M.K.Paşaya cavab məktubunda qazanılan zəfərlərlə qurtuluşun yaxınlaşdığına, əldə olunan uğurlara görə Türkiyə hökumətinin başçısını və qəhrəman türk ordusunu təbrik edərək yazırdı: "Paşam, türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş qardaşın çətin (dar) günündə əlindən tutar. Biz qardaşıq (qardaş xalqlarıq), hər zaman və hər şərtlər daxilində bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir". (Hüseyin Adıgüzel. "Atatürk, Nerimanov ve Kurtuluş Savaşımız").

1921-ci il Azərbaycanın Ankarada səfirliyinin açılışında səfir İbrahim Əbilovun dəvətilə şəxsən iştirak edən M.K.Paşa Azərbaycan bayrağını ucaldaraq deyir: "Milli hüdudlarımız içində azad və müstəqil yaşamaq istəyirik. Millətimiz bu istəyimizin qardaş Azərbaycan xalqı və hökuməti tərəfindən dəstəkləndiyi üçün böyük qürur hissi duyur. Türkiyə və Anadolu türkləri azərbaycanlı qardaşlarının onlara bəslədikləri xoş və gözəl duyğulara böyük dəyər verirlər. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı".

Atatürk İbrahim Əbilovun etimadnaməsini 1921-ci il noyabrın 14-də qəbul edərkən demişdir: "...Azərbaycan türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevinclərimiz olduğu üçün onların muradlarına çatmaları, azad və müstəqil olaraq yaşamaları bizi çox sevindirir...".

100 il bundan qabaq deyilmiş olsa da, bu gün də çox aktualdır və günümüzlə həmahəngdir. Doğrudan da qardaşlar hər zaman, hər şərtlər daxilində bir-birinin əlindən tutur. Tarixi mənbələr və qaynaqlar da təsdiq edir ki, əcdadlarımız tərəfindən qoyulmuş bu ənənə ötən əsrin əvvəllərində Atatürk və Nərimanov tərəfindən layiqincə qorundu, yaşadıldı. Bu qardaşlıq, dostluq münasibətləri milli-mədəni, mənəvi dəyərləri ilə eyni köklərə bağlı xalqlarımızın iradəsindən qaynaqlandığından bu gün də nümunəvi şəkildə davam etdirilir. Təəssüflər olsun ki, müəyyən məqamlarla obyektiv səbəblərdən dünya çapında baş verən proseslərlə bağlı (Sovetlər Birliyində despotizm və diktatorluq, şəxsiyyətə pərəstiş, ..., İkinci Dünya müharibəsi və s.) əlaqələr kəsilmişdi. Təxminən 40 il sonra dostluq əlaqələri (Yeri gəlmişkən, qeyd edək ki, Türkiyə ilə Sovetlər Birliyinin dostluq əlaqələrinin yaranmasında Nərimanovun da müstəsna xidmətləri olmuşdur) Sovetlər Birliyində demokratiya rüzgarları hiss olundu. Şəxsiyyətə pərəstiş aradan qaldırıldı və köhnə epoxa tarixə döndü.

1967-ci ildə Türkiyə Respublikasının Baş naziri S.Dəmirəl Sovetlər Birliyinin dəvəti ilə Moskvaya rəsmi dövlət səfəri etməli idi. Bu, Türkiyə Cümhuriyyəti qurulandan Atatürk və Nərimanovun yaratdığı Türkiyə ilə Sovetlər Birliyi arasında dostluq münasibətlərini illər sonra bərpa etmək üçün ilk rəsmi dövlət səfəri idi. Nədənsə səfərin yol xəritəsində gedişin Bakı şəhərindən olması qeyd olunmuşdu. Türkiyə rəhbərliyinin istəyi idi, yoxsa həmin dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri general Heydər Əliyevin SSRİ təhlükəsizlik orqanlarının rəhbərləri ilə razılaşdırdığı məxfi təşəbbüsü idi?.. O zaman bu məsələ çoxlarına bəlli deyildi. Lakin Sovetlər Birliyinin süqutundan sonra məlum oldu ki, Türkiyə Cümhuriyyəti Baş nazirinin təyyarəsinin Bakıda Binə Hava Limanına enməsi DTK-nın sədri Heydər Əliyevin şəxsi təşəbbüsü, S.Dəmirəlin razılığı ilə olmuşdur. Həmin səfər Azərbaycanda böyük sevinc, bir bayram ab-havası yaratdı. Bir müddət sonra sıravi vətəndaşların da qarşılıqlı səfərləri baş tutdu. Sözün həqiqi mənasında müxtəlif ölkələrdə yaşayan qardaşların uzun illərin həsrətindən sonra görüşməsi də tarixdən bəllidir.

Nəhayət, Sovetlər Birliyinin süqutundan sonra iki qardaş xalqın "Dostluq və qardaşlıq" körpüsünün üzərində canlı görüşü tarixin yaddaşına əlamətdar bir hadisə kimi həkk olundu. İki qardaş xalqı bir-birinə qovuşduran, həsrət könüllərə məlhəm olan bu körpünün əsası ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi, məxsusi fəaliyyəti nəticəsində qardaş Türkiyə Cümhuriyyətinə 1992-ci il martın 22-də ilk rəsmi səfəri çərçivəsində reallaşdı. Naxçıvanla Türkiyə arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisi də həmin səfər çərçivəsində planlaşdırıldı. Həmçinin görüşlər zamanı Qars müqaviləsi gündəmə gətirilməklə bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün Türkiyənin Baş naziri ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri birgə protokol imzaladılar. Protokolda Muxtar Respublikaya maliyyə, iqtisadi, texniki yardımın göstərilməsi, regionun zəruri ehtiyaclarının ödənilməsi üçün 100 milyon dollar kredit ayrılması və s. nəzərdə tutuldu. Həmin günlərdən də "Bir millət, iki dövlət" anlayışının reallığa çevrilməsi mərhələsi başlandı. Muxtar Respublikanın blokada şəraitinin vurduğu ziyanın, düşdüyü iqtisadi çətinliklərin aradan qaldırılması baxımından Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgələrini birləşdirən "Ümid" adlanan körpünün istifadəyə verilməsi böyük əhəmiyyətə malik idi.

Həmin dövrlər Azərbaycanın müasir tarixinin ən gərgin, çətin və qarışıq dövrü olsa da, qardaş köməyi, qardaş dəstəyi öz sözünü dedi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müraciətinə əsasən Türkiyə hökuməti 1921-ci il Qars müqaviləsinə əsasən Naxçıvanın muxtariyyətinin qarantı olmaqla söz sahibi olduğunu yenidən dünyaya bəyan etdikdən sonra 57 dövlət Ermənistanın təcavüzünü pislədi.
Ötən əsrin sonlarında iki qardaş xalqın uzun illər sonra qovuşmasını gerçək edən "Ümid" körpüsü Muxtar Respublikanın ictimai-iqtisadi həyatında mühüm mərhələ olmaqla, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında əvəzsiz rol oynadı. Naxçıvanla Türkiyə arasında gediş-gəlişi təmin etmək məqsədilə 1992-ci il mayın 28-də istifadəyə verilən Sədərək-Dilucu körpüsü Azərbaycanla Türkiyə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunurdu.

Naxçıvanda yüksək səviyyəli qonağın qarşılanması zamanı bu səfərin böyük tarixi əhəmiyyətə malik olduğunu, siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsinə güclü təkan verdiyini qeyd edən ulu öndər demişdir: "Bu gün dərin varlıq hissi ilə qeyd edə bilərik ki, həyatımızın ötən dövrlərinin çətinlikləri tarixi dostluq tellərimizi qıra bilməmişdir. Biz Azərbaycanla Türkiyənin hərtərəfli əlaqələrinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk".

Qarşılanma mərasimindən çox məmnun qaldığını və insanlara sonsuz sevgisini dilə gətirən S.Dəmirəl demişdir: "Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birgə olmuş və olacaqdır. Siz doğru yolda - istiqlal və azadlıq yolundasınız. Bu yolunuz asan olmamışdır. Biz şadıq ki, bu yolda bütün maneələri aradan qaldıra bilmisiniz. Biz sizinlə birlikdə olmuşuq, dərdinizə də, sevincinizə də şərik olmuşuq".


Heydər Əliyevin uzaqgörənliyi, gərgin əməyi və zəhməti, təşəbbüskarlığı sayəsində tikilib ərsəyə gələn "Ümid" körpüsü uzun illər ayrılığa məruz qalan bir millət, iki dövlətin bir-birinə qovuşmasına səbəb, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıc nöqtəsi oldu. Bu gün də Naxçıvanla Türkiyənin qonşu bölgələri arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin dinamik inkişafında "Ümid", "Həsrət" körpüsü müstəsna əhəmiyyət daşıyır. Bu körpü təkcə Türkiyə ilə Azərbaycanı deyil, eyni zamanda Türk dünyasını birləşdirmək baxımından da mühüm əhəmiyyətə malikdir. Qardaşlığın, dostluğun əbədi olduğunu, çətin günlərdə bir-birinə dəstək olduqlarını qeyd edən Heydər Əliyev körpünün açılış mərasimində qədim türk dünyasında, Azərbaycan torpağında tarixi hadisə baş verdiyini bildirərək demişdir: "Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz həyata keçibdir".

70 il zorən ayrılığa məruz qalıb, həsrətdə yaşayan qardaşların yenidən görüşündən, birlikdən və milli coşqunluqdan vəcdə gələn insanlara xitabən Türkiyənin Baş naziri S.Dəmirəl demişdir: "Qardaşlıq, dostluq bundan sonra daha da sıx olacaqdır. Türkiyə ilə Azərbaycan, Naxçıvan arasında əlaqələr genişlənəcək, adamlar bir-biri ilə yaxınlaşacaqdır. Bu körpü təkcə Azərbaycanı və Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında körpüdür".
Qardaşlığın və dostluğun əbədi nişanələri olan bu tədbirlər gələcək ikitərəfli münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıllığın və müntəzəmliyin davamlılığı baxımından təməl funksiyaları idi.

Türkiyə-Azərbaycan əlaqələri sonrakı illərdə də yüksələn xətlə inkişaf etdi. Əlaqələr dostluq, qardaşlıq sferasından çıxıb daha geniş vüsət alırdı. Azərbaycan 2020-ci il sentyabrın 27-də düşmən tərəfin hücumuna əks-hücumla cavab verməklə müharibəyə cəlb olunanda ilk dəqiqələrdən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan yalnız deyil, biz onun yanındayız" deməklə əsl qardaş kimi mənəvi dəstək oldu. Bu siyasi və mənəvi dəstək, türk xalqından gələn mesajlar, həmrəylik ifadələri bizi ruhlandırmaqla, birliyimizi nümayiş etdirməklə yanaşı, müdaxilə etmək fikrində olan qüvvələri də dayandırdı. Türkiyə mətbuatı da bu davada Azərbaycanın haqlı olmasını, onun haqq səsini dünyaya çatdırmaqda yüksək peşəkarlıq və xüsusi fəallıq göstərdi. İki qardaş ölkənin iradəsi, əzmkarlığı, gücü sayəsində otuz ilə yaxın davam edən işğala və heç bir nəticə vermədən aparılan danışıqlara da son qoyuldu. Qardaşlığa güvənən, ondan ruhlanan Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə böyük tarixi missiyanı yerinə yetirdi. Müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi, xalqa olan sevgisi, məhəbbəti, həmrəyliyi ilə Azərbaycanın yanında yer aldı. Azərbaycanın zəfəri fəlakətin, zülmün, kobudluğun, qanın, müharibənin deyil, insanın, ədalətin, zərifliyin, sülhün zəfəridir. Nəhayət, 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə tarixi əhəmiyyətli Şuşa bəyannaməsi imzalandı.

Həm tarixə əsaslanan, həm də bugünkü keyfiyyətcə yeni əlaqələri ən yüksək zirvəyə qaldırmaqla gələcək işbirliyinin təminatçısı ola biləcək bir Bəyannaməyə zəruri ehtiyac vardı. Bir çox önəmli və təxirəsalınmaz məsələləri özündə əks etdirən Müttəfiqlik Bəyannaməsində xalqlarımızın böyük öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin tarixi sözləri və kəlamları fəaliyyət üçün əsas götürülməklə keçmiş ənənələrə sadiqlik nümayiş etdirilmiş, gələcək nəsillərə yol göstərilmiş və 100 il əvvəl imzalanmış məşhur Qars müqaviləsinə istinad edilmişdir.
Bəyannamədə iki qardaş və dost ölkələr arasında indiyədək imzalanmış bütün beynəlxalq sənədlər:
- 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi;
- 9 fevral 1994-cü il tarixli "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə", "əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol";
- 16 avqust 2010-cu il tarixli "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"

rəhbər tutulmaqla onlara sadiq qaldıqları xüsusilə vurğulanmışdır.

Bəyannamənin qədim şəhərimiz, Zəfərimizin tacı, "Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı" Şuşada imzalanması ayrıca özəllik və duyğusal hisslərlə bağlıdır. Eyni zamanda bu, regiondakı aktorlarla birlikdə olma jesti, Ermənistan cəmiyyətinə, həm də hakimiyyət uğrunda mübarizə aparan revanşistlərə qeyri-adi dərəcədə ağrılı da olsa, açıq siqnaldır.

Bəyannamə iki ölkənin və xalqlarının maraq və mənafelərinə xidmət edərək bu əlaqələrin dostluq və qardaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılmasına xidmət edir. Qeyd olunur ki, mühüm əhəmiyyət kəsb etdiyindən ölkəmizin siyasi, iqtisadi, müdafiə, humanitar, səhiyyə, təhsil, sosial və s. digər sahələrdəki imkan və potensiallar birləşdiriləcək. Doğrudan da ötən dövrə diqqət etsək, görərik ki, ticari və iqtisadi əməkdaşlığın miqyası genişlənmiş, t icarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfinə doğru xeyli işlər görülmüşdür. Ölkələrimizlə birlikdə bölgənin də rifahına və sabitliyinə töhfə verən BTC, BTQ, TANAP və TAP kimi nəhəng layihələr birlikdə tamamlanmışdır. Əlaqələrin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirən, "bir millət, iki dövlət" təməli üzərində inkişafı təmin edən bəyannamə təkcə iki ölkəni deyil, bütün bölgəni əhatə edən, sülh və rifah gətirən qətiyyətin ifadə olunduğu başda region ölkələri olmaqla beynəlxalq birliyin sülh və sabitlik maraqlarına xidmət edən sənəddir.

Sənəddə iki ölkənin ərazisindən keçən Şərq-Qərb dəhlizinin bir hissəsi olacaq, böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin önəmini xüsusi vurğulamaqla nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına töhfə verəcəyi qeyd olunur.
Müttəfiqlik bəyannaməsi imzalandıqdan bir müddət sonra hər iki qardaş ölkənin Milli Məclisi tərəfindən ratifikasiya olundu.
Bəyannamənin imzalanmasından ötən bir ildə bu sahədə xeyli irəliləyiş əldə olunub. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat potensialının inkişafı üçün yeni layihələrin müzakirəsi və işlənməsi aparılır.
Yaranmış tarixi fürsəti əldən verməmək, reallığa çevirmək məqsədilə kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə səylərin qətiyyətlə davam etdirilməsi təxirəsalınmaz vəzifələrdən olduğu xüsusilə vurğulanır.

Hazırda Türkiyə azadlıq mübarizəsində olduğu kimi, postmünaqişə dövründəki bərpa işlərində də ölkəmizə, qardaşlarına hər cür dəstəyi davam etdirir. Bundan sonra da bir tərəfdən dağıntıların fəsadlarını aradan qaldırarkən, digər tərəfdən Azərbaycan torpaqlarının bir daha belə bir fəlakət yaşamaması üçün lazımi birgə tədbirlərin həyata keçirilməsi ilə bölgəni sülh bölgəsinə çevirmək əsas hədəflərdəndir. Qeyd edək ki, Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələri də daxil olmaqla çoxşaxəli əlaqələrin bərpası, münasibətlərin normallaşdırılması və davamlı sülhün təmini istiqamətində Azərbaycan-Türkiyə birgə təşəbbüsləri dünya dövlətləri üçün ən yaxşı model, planetar miqyasda nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi olmaqla təqdir olunur.

Hümbət MUSAYEV
"Respublika" qəzetinin baş redaktoru


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti