Tacikistanla Qırğızıstanın arasında nə baş verir? - Düşənbədən baxış

   Tacikistanla Qırğızıstanın arasında nə baş verir? -    Düşənbədən baxış
  18 Sentyabr 2022    Oxunub:2269
Son iki ildə Tacikistan-Qırğızıstan sərhədində ikinci genişmiqyaslı münaqişə baş verir. Qırğızıstanın Batken vilayətində dövlət sərhədinin bütün perimetri boyunca davamlı atışma gedir. Tərəflər atəşkəs barədə razılığa gəlsələr də, atəş səsləri səngiməyib.
Baş verənlərin pərdəarxası səbəbləri barədə AzVision.az hər iki ölkədən olan ekspertlərin fikirlərini oxucularına təqdim edir.
Pərviz Mullocanov
Tacikistanlı politoloq, şərqşünas
Xüsusi olaraq AzVision.az üçün

Hazırkı gərginlik sentyabrın 14-də səhər saatlarında sərhəddə üç atəşdən sonra başlayıb və qısa zamanda toqquşmaya çevrilib. Axşama yaxın hər iki tərəfin rəsmiləri atəşkəs və qoşunların sərhəddən çıxarılması barədə razılığa gəliblər. Lakin buna baxmayaraq, sentyabrın 16-da səhər toqquşmalar yenidən başladı və döyüşlərin miqyası daha da gücləndi. Hər iki tərəf bir-birini münaqişəni qızışdırmaqda, ağır texnika, artilleriya, pilotsuz uçuş aparatları və təyyarələrdən istifadə etməkdə ittiham edir.

Həmin gün Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində hər iki dövlətin prezidentlərinin görüşü baş tutub. Görüş zamanı atəşkəs, qoşunların və hərbi texnikanın təmas xəttindən çıxarılmasına dair razılıq əldə olunub. Prezidentlər razılığa gəliblər ki, insidentin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılsın, Qırğızıstan və Tacikistan hökumətlərarası komissiyasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işi sürətləndirilsin.

Dövlət başçılarının tapşırıqlarını yerinə yetirərək, münaqişə zonasında atəşkəs rejiminə nəzarət etmək üçün hər iki tərəfin sərhədyanı rayon başçılarının rəhbərlik etdiyi birgə komissiya yaradılıb. Lakin sentyabrın 17-də səhər saatlarında sərhəddə yenidən atəş səsləri eşidilib, artilleriyadan istifadə edilməklə atışmalar başlayıb.
Qırğızıstanla Tacikistanın arasında nə baş verir? - Bişkekdən baxış

Tacikistan hakimiyyəti bu gün rəsmi açıqlamalardan çəkinir və münaqişənin başlanmasında iştirakını qəti şəkildə inkar edir. Eyni zamanda, sosial şəbəkələrə və mediaya əsasən mülahizə yürütsək, bütövlükdə Tacikistan cəmiyyətində bu məsələ ilə bağlı müəyyən konsensus formalaşıb – böyük əksəriyyət hesab edir ki, yeni münaqişə Tacikistan cəmiyyəti və hakimiyyəti üçün sərfəli deyil.

Bunu təsdiqləmək üçün aşağıdakı arqumentlər irəli sürülür: birincisi, bir neçə min beynəlxalq cihadçının cəmləşdiyi Tacikistan-Əfqanıstan sərhədində artan gərginlik və qeyri-müəyyənlik şəraitində Tacikistan hökumətinin ikinci cəbhə açmasının mənası yoxdur.

Bundan əlavə, hesab edilir ki, enerji daşıyıcılarının qiymətinin artması, tacik miqrantların Rusiya Federasiyasında işlə təmin olunması ilə bağlı problemlər, habelə siyasi hakimiyyətin mümkün tranziti fonunda qonşu ölkələrlə qarşıdurmaya başlamaq hakimiyyət üçün sərfəli deyil.

İkincisi, belə hesab edilir ki, Tacikistan tərəfi münaqişəni planlaşdırsaydı, öz əhalisini döyüş bölgəsindən əvvəlcədən təxliyə edərdi, bu isə baş verməyib. Əksinə, yerli ekspertlərin fikrincə, Qırğızıstan hakimiyyəti əvvəlcədən sərhədyanı kəndlərdən genişmiqyaslı təxliyə həyata keçirib - onlar bunu münaqişənin başlanmasına hazırlığın dolayı təsdiqi hesab edirlər.

Üçüncüsü, Tacikistanda sərhədyanı münaqişənin kəskinləşməsini birbaşa olaraq 2020-ci ildə Bişkekdə hakim Japarov-Taşiyev tandeminin hakimiyyətə gəlməsi ilə bağlayırlar. Yerli müşahidəçilərin fikrincə, Qırğızıstanın yeni hökuməti dərhal əvvəlki razılaşmalardan imtina edib və qarşısına Tacikistan tərəfini onun nizamlanma şərtlərini qəbul etməyə məcbur etmək vəzifəsi qoyub. Məhz buna görə də, bu baxımdan, Bişkek artıq 2021-ci ilin yazında Tacikistanla sərhədi bağlayıb, Tacikistan hakimiyyətinə ticarət blokadası və iqtisadi təzyiq rıçaqları tətbiq edib. Tacikistanda həm də hesab edirlər ki, eyni səbəbdən iki ildir danışıqlar prosesində nəzərəçarpacaq dəyişiklik olmayıb.

Hər halda, sərhəddəki yeni gərginlik dayanmış sülh prosesi, üstəlik sərhədlərin blokadaya alınması, sürətləndirilmiş səfərbərlik və silahlanma yarışı ilə bağlıdır. Sərhədin hər iki tərəfində gərginlik yaranıb, torpaq ehtiyatlarına çıxış və onların paylanması ilə bağlı məsələlər həllini tapmayıb. Buna görə də, sərhədin hər iki tərəfindəki əksər ekspertlər istənilən halda suvarma mövsümünün və kənd təsərrüfatı işlərinin başlaması ilə münaqişənin kəskinləşəcəyini proqnozlaşdırırdılar. Sərhəddə atışma və toqquşmalar bu ilin yanvar və aprel aylarında başlayıb.

Mənə elə gəlir ki, yeni eskalasiya münaqişənin əvvəlki mərhələləri ilə müqayisədə iki fərqli xüsusiyyətə malikdir: birincisi, hər şey məişət münaqişələrindən başlayıb, sonra isə hər iki tərəfdən sərhədçilər və hərbçilər cəlb olunub. Son vaxtlar atəş və atışmaların dərhal hərbçilərin iştirakı ilə, yəni mülki şəxslərin iştirakı olmadan baş verdiyini görürük. Bu hal sosial şəbəkələrdə sui-qəsd nəzəriyyələrinin artmasına səbəb olub, burada atışmaların hansısa üçüncü tərəfdən təhrik edildiyinə dair iddialar getdikcə çoxalır.

İkincisi, münaqişənin yeni mərhələsində hər iki tərəfdə kin-küdurətin artdığını görürük - sosial şəbəkələrdə, mediada daha çox radikal xarakterli bəyanat və məqalələrə rast gəlinir. Əvvəllər iki xalq arasında münasibətlər üçün belə şeylər heç də xarakterik deyildi. Bu, münaqişənin eskalasiyasının yeni mərhələsini, nəzarət oluna bilinməyən nəticələr təhlükəsinin artdığını, onun yeni, millətlərarası və daha böyük səviyyəyə keçməsini göstərir.

İnanıram ki, tərəflər bu dəfə münaqişəni lokallaşdıra və genişmiqyaslı döyüşlərin qarşısını ala biləcəklər. Bundan əlavə, hər şey danışıqlar prosesinin uğurundan asılı olacaq. Əgər heç nə dəyişməsə, onda bir neçə aydan bir sərhəddə daim yeni gərginlik və hərbi əməliyyatların alovlanması baş verəcək. Üstəlik, gələcəkdə onların intensivliyi və miqyası da artacaq.


Teqlər:   Münaqişə  





Xəbər lenti