Qırğızıstan-Tacikistan sərhəddində gərginlik: Səbəblər və nəticələr

   Qırğızıstan-Tacikistan sərhəddində gərginlik: Səbəblər və nəticələr
  15 Sentyabr 2022    Oxunub:1439

Qırğızıstanla Tacikistan sərhəddində sabitlik yenidən pozulub. Bişkekin rəsmi məlumatına görə, əvvəlki razılaşmaları pozan Tacikistan sərhədçiləri Qırğızıstanın Batkən rayonunun Bulaq-Başı ərazisində hərbi mövqelər tutublar. Onların həmin ərazini tərk etməsi tələblərinə cavab olaraq isə atəş açıblar. Silahlı toqquşma ilə bağlı məsuliyyəti qarşı tərəfin üzərinə qoyan Düşənbə birinci atəş açanların məhz qırğız sərhədçiləri olduğunu açıqlayıb.
Gərginliyin aradan qaldırılması üçün aparılan danışıqlar nəticəsində sərhəd qüvvələrinin əvvəlki dislokasiya mövqelərinə çəkilməsi, birgə idarəetmə məntəqələrinin yaradılması və yerlərdə hər iki ölkənin hüquq-mühafizə orqanlarını təmsil edən məsul şəxslərin təyin olunması barədə ümumi razılığa gəlinsə də, Qırğızıstan tərəfi sonradan sərhəddin daha iki istiqamətində silahlı toqquşmaların baş verdiyini açaıqlayıb.

Rəsmi Bişkek Tacikistan sərhədçilərinin Batken rayonunun Kak-Say ərazisindəki “Dostuk” və Paskı-Arık ərazisindəki “Samarkandek” qırğız sərhəd zastavalarını atəşə tutduqlarını bildirib.

Hətta minaatanların da istifadə edildiyi bu silahlı toqquşmalarda 2 tacik hərbçinin öldürüldüyü, 11 nəfər sərhədçinin və 5 yerli sakinin yaralandığı bildirilir. Qırğızıstan tərəfi əvəvlcə özünün 2 hərbi qulluqçusunun, sonradan isə daha 2 dinc sakininin yaralandığı barədə məlumat verib.

Qarşıdurmanın səbəbləri

Bəzi ekspertlər mübahisəli ərazilər kontekstində kökü hələ sovetlər dövrünə gedib çıxan Qırğızıstan-Tacikistan qarşıdurmasının əsl müharibəyə çevrilə bilməsi ehitmalının çox yüksək olduğunu vurğulayırlar. Hələ ötən əsrin 30-cu illərində ümumi ittifaq dövlətinə daxil olan iki respublikanın sərhəd bölgəsində yaşayan sakinləri arasında çoxsaylı toqquşmalar baş verirdi. Bu gərgin münasibətlərə Mərkəzi Asiyanın içməli su problemləri də təsir göstərib. Belə ki, Qırğızıstanın Ak-Say kəndində yaşayan əhali qonşu Tacikistanın Vorux anklavının sakinləri ilə 1975 və 1989-cu illərdə içməli suya görə ciddi toqquşmalar törədiblər. Zaman ötdükcə bu problem daha da kəskinləşib.




Hazırda Qırğızıstan-Tacikistan münasibətlərindəki gərginliyin ilkin səbəbi 978 kilometrlik sərhəddin 400 kilometrinin indiyədək də mübahisəli sayılmasıdır. 2000-ci illərin əvvəllərindən başlayaraq, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan-Tacikistan hökumətlərarası komissiya müəyyən işlər görsə də, sərhədboyu insidentlər problemə xitam verilməsini əngəlləyir. Bu yöndə əsas problemlərdən biri də tacik və qırğız yaşayış məntəqlərinin qarışıq mozaikası, yerli sakinlər tərəfindən torpaqların uzunmüddətli icarəyə götürülməsi, Qırğızıstanın Batken vilayətində 30 min tacikin yaşadığı Vorux anklavının yerləşməsidir. Bir çox ekspertlər vəziyyətdən çıxış yolu kimi ərazilərin mübadiləsi təklifini irəli sürsələr də, Düşənbə və Bişkekin qeyri-populyar qərarlar qəbul etməkdən boyun qaçırması buna imkan vermir. Digər tərəfdən, hər iki tərəfin güzəştə getməməsi və inadkarlığı bu prosesə öz neqativ təsirini göstərir.


Toqquşmaların ən yeni tarixi

Sovetlər İttifaqı dağıldıqdan sonra Qırğızıstan-Tacikistan arasında mübahisəli ərazilər problemi daha da sərtləşib. Yalnız son 12 ildə sərhəddəki insidentlərin sayı 150-ni keçib. 2019-cu ilin sentyabr, 2021-ci ilin aprel və 2022-ci ilin yanvar aylarında Taciksitanın İsfarin və Qafur sərhədboyu rayonları və Qırğızıstanın Batken və Leylek sərhədboyu rayonları ərazilərində böyük silahlı toqquşmalar yaşanıb. Hər iki tərəfdən sərhədçilərin və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinin iştirak etdiyi silahlı qarşıdurmada ümumilikdə 60 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb. 2021-ci ildə yaşanan gərginlikdən sonra Bişkek və Düşənbənin ikitərəfli münsaibətlərlə bağlı bəyanatları daha da sərtləşib. Nəticədə münasibətlərin bu və ya digər şəkildə normal vəziyyətdə saxlanmasına xidmət edə biləcək ticari-iqtisadi və humanitar əlaqələr qırılmağa başlayıb. 2021-ci ilin yazında Bişkək öz sərhədlərindən Tacikistan vətəndaşlarının, nəqliyyatının və yüklərinin buraxılmasını dayandırıb ki, bu da ikitərəfli ticarətin rekord dərəcədə aşağı səviyyəyə– 25,1 milyon dollara enməsini şərtləndirdi. Düşənbə isə Qırğızıstan ali məktəblərində təhsil alan təxminən 2 min tacik tələbəni geri çağırdı.

Ən təhlükəli məqam isə gərginliyin vaxtaşırı artması fonunda tərəflərin sərhədlərə nizami ordu hissələrini və ağır hərbi texnikanı toplamasıdır ki, bu da son nəticədə sərhəd toqquşmalarının genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalını artırır.




Üçüncü tərəflərin potensial itkiləri və dividendləri

Qırğızıstan-Tacikistan münaisbətlərdindəki gərginliyin ilk növbədə Moskvanın Mərkəzi Asiya regionundakı nüfuzuna və Rusiyanın lideri olduğu KTMT-də (Kollektiv təhlükəsizlik müdafiəsi təşkilatı) mövqeyinə zərbə vura biləcəyi şübhəsizdir. Moskvanın hər vəchlə qoruyub-saxlamağa və gücləndirməyə çalışdığı KTMT-nin iki üzvü arasındakı ciddi narazılıqlar onsuz da mütəşəkkiliyi ilə seçilməyən bu hərbi-siyasi blokun parçalanmasına gətirib çıxara bilər. Çünki belə mübahisəli məsələdə Moskva gec-tez tərəflərdən birini dəstəkləmək məcburiyyətində qalacaq. Qırğızıstanda daha çox Çinin, Tacikistanda isə Rusiya ilə İranın nüfuzunun güclü olduğunu nəzər alsaq, Bişkek-Düşənbə münasibətlərindəki gərginliyin Pekin-Moskva-Tehran münasibətlərinə də öz mənfi təsirini göstərə biləcəyini istisna etmək mümkün deyil. Sözsüz ki, Rusiya və Çinin Mərkəzi Asiyada nüfuzuna zərbə endirməyə çalışan Vaşinqton və onun müttəfiqləri də istənilən belə bir şansdan yararlanmağa çalışacaqlar. Hələ də daxili sabitliyini tarazlaya bilməyən Əfqanıstanın Mərkəzi Asiya ilə qonşuluğu isə bu təhlükəni daha da artırır.

Sahil İsgəndərov, politoloq
AzVision.az



Teqlər: Qırğızıstan   Tacikistan  





Xəbər lenti