ABŞ-da 1200 ilin ən ağır quraqlığı başlayıb

   ABŞ-da    1200 ilin ən ağır quraqlığı    başlayıb
  15 Sentyabr 2022    Oxunub:1268
Son iyirmi ildə müşahidə olunan anomal istilər və aşağı rütubət 1200 ilin ən böyük "meqa quraqlığına" səbəb olub. ABŞ-ın qərbindəki Mid və Pauell göllərinin səviyyəsi rekord həddə enib, su azalmaqda davam edir. Uzun müddət davam edən istilik dalğaları Feniks, Arizona və Las-Veqas kimi şəhərləri yay aylarında, demək olar ki, yaşayış üçün əlverişsiz edir.
“Hazırkı quraqlıq əvvəlkilərdən daha şiddətlidir. Ancaq ən pis xəbər odur ki, əvvəlki bütün meqa quraqlıqlar artan istixana qazları emissiyalarının təsiri olmadan baş verib. İndi biz yeni bir dövrə qədəm qoymuşuq və alimlər heç bir proqnoz verə bilmirlər”,- Vaşinqton Universitetinin professoru, arxeoloq Tim Kohler “Guardian”a deyib.

“Meqa quraqlığın” təsirini araşdıran elm adamları ağacların gövdələrindəki halqaları təhlil ediblər. Alimlər ağac halqaları ilə torpağın nəmliyi arasındakı əlaqəni araşdıraraq müəyyən ediblər ki, 2000-ci ildə başlayan hazırkı quraqlıq dövrünün eramızın 800-cü ilindən bəri analoqu olmayıb.

Bu dövrün digər narahatedici cəhəti də iqlim dəyişikliyi təsirlərinin eyni vaxtda baş verməsi, yanğınlar və ya isti dalğaları fəlakətləri törətməsidir. Məsələn, kifayət qədər qar yağmadığı üçün Arizona ştatının şimalında baş verən meşə yanğınları torpağı elə yandırıb ki, nəticədə bir çox ağacın kök sistemi məhv olub.

Nadir Quliyev
AzVision.az


Teqlər: Quraqlıq   ABŞ  





Xəbər lenti