Balkanlardan yeni təhlükə sürprizi

   Balkanlardan  yeni  təhlükə sürprizi
  05 Avqust 2022    Oxunub:1128
1914-cü ilin avqustunda Birinci Dünya müharibəsinin alovlandığı, ötən əsrin sonlarında isə qanlı hadisələrin, etnik təmizləmələrin və hətta soyqırımların yaşandığı Balkan yarımadası yenidən hərbi əməliyyatlar meydanına çevrilə bilər. Dünyanın güc mərkəzlərinin regiondakı geosiyasi maraqları bu təhlükənin reallaşması ehtimalını daha da gücləndirir.
“Soyuq müharibə”də Qərbə məğlub olan sosialist düşərgəsinin ən faciəvi hadisələrlə üzləşən ölkələrindən biri Balkan yarımadasındakı polietnokonfessional tərkibli Yuqoslaviya oldu. Qanlı toqquşmalar və dünyanın güc mərkəzlərinin apardıqları geosiyasi oyunlar nəticəsində Yuqoslaviya 6 müstəqil ölkəyə bölündü.

Amma parçalanma bununla bitmədi. Coğrafi baxımdan ən böyük irsə yiyələnən Serbiyada uzunmüddətli daxili müharibədən sonra burada yaşayan albanlar müstəqil Kosovo respublikasının yaradıldığını elan etdilər. 2008-ci ilin fevralında müstəqillik barədə Kosovo parlamentinin birtərəfli qərarı ilə razılaşmayan Serbiyanın konstitusiyasına görə, Kosovo və Metoxiya ölkənin ərazisində yerləşən muxtar diyardır. Ötən ilin avqustuna qədər Kosovonun müstəqilliyi BMT-yə daxil olan 98 ölkə tərəfindən tanınsa da, onlarla dövlət, o cümlədən Rusiya, Çin, İspaniya və Yunanıstan bunun əleyhinə çıxırlar.
Kosovonun müstəqilliyinin elan edilməsindən sonra burada ən böyük milli azlıq olan serblərin məsələsi perspektivdə yarana biləcək ən ciddi potensial problemə çevrildi. Həqiqətən də, indiyədək böyük əksəriyyəti Kosovonun şimalında 3 icma tərkibində və Kosovonun Mitrovitsa şəhərinin şimalında kompakt yaşayan serblərlə bağlı Priştina və Belqrad arasında vaxtaşırı ixtilaflar yaşanıb.

Lakin son əzələ nümayişi demək olar ki, tərəfləri real hərbi toqquşmaların bir addamlığında dayandırdı. Kosovo hökumətinin ölkə ərazisində yaşayan serblərin avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları ilə Kosovoya girişinə qadağa qoyulması, onlara yalnız 90 gün qüvvədə olan icazə sənədi verilməsi bartədə qərarı ciddi narazılıqlara rəvac verdi. Ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlər bağlayan Kosovo serbləri yollarda barrikadalar da qurdular. Kosovo polisi isə Brnyak və Yarinye sərhəd-keçid məntəqələrini bağladı. Kosovo mətbuatı bəzi yerlərdə atəş səslərinin eşidildiyini, əsasən polis qüvvələrinin hədəf alındığını, lakin xəsarət alan olmadığını yazdı. Alban əsilli vətəndaşların da hücuma məruz qaldığı, onların nəqliyyat vasitələrinə xəsarət yetirildiyi bildirildi.

Serbiyanın Müdafiə nazirliyi ordunun ölkənin inzibati sərhədini keçmədiyini açıqlasa da, Serbiya prezidenti Aleksandar Vuçiçin Silahlı Qüvvələrin Baş Qərargahının binasına gəlməsi Priştinada əsəbləri tarıma çəkdi. Belqradın münaqişədə maraqlı olmadığını deyən Aleksandr Vuçuiç əslində Kosovo ordusunun gecə vaxtı hücuma keçməyə hazırlaşdığını bildirdi.

Lakin, böyük güclərin diplomatik-siyasi çağırışlarından, Vaşinqton və Brüssellə müzakirələrdən sonra Priştina qadağa barədə qərarın icrasını sentyabrın 1-nə qədər təxirə saldığını açıqladı. Beləliklə də, təxminən bir aydan sonra ehtirasların daha sərt şəkildə coşacağı ehtimalı gündəmdən çıxmır. Çünki, Kosovo serblərinin bir növ ikili vətəndaşlığından narazı olan Priştina da, Kosovo və Metoxiyanın müstəqilliyini tanımayan Belqrad da neçə illərdir ki, davam edən bu ikitirəliyə son qoymağa çalışacaqlar.

Əslində hadisələrin gec-tez bu həddə çatacağı heç əvvəlcədən də şübhə doğurmurdu. Ancaq əsas sual bunun niyə məhz indi və həqiqətənmi Belqradla Priştinanın iradəsi çərçivəsində baş verməsi ilə bağlıdır. Qərbin və Rusiyanın dərhal əks tərəfləri dəstəkləməsi birmənalı şəkildə sübut edir ki, Priştina və Belqrada bu məsələdə daha çox sərt geosiyasi qarşıdurmanın vasitəçi komponentləri rolu ayrılıb. Hələ ötən ilin sentyabrında da Priştinanın analoji addım atmasına baxmayaraq, məhz indiki mürəkkəb bir dönəmdə yenidən bu gündəliyə qayıdılması bəzi incə mətləblərdən xəbər verir. Bu baxımdan, nəinki Rusiyaya qarşı sanksiyalara qoşulmayan, hətta Moskva ilə münasibətləri daha da sıxlaşdırmağa çalışan Belqradın ram edilməsi məqsədi ilə Vaşinqtonun Priştinaya pas ötürməsi istisna deyil. Rusiyadan asılılığın azaldılması müstəvisində təbii qazın istehlakının 15% ixtisarı barədə razılaşmanın effektini sübut etməyə çalışan Avropa İttifaqının (Aİ) səyləri fonunda bu addım xüsusi önəm kəsb edir. Çünki Avropada mavi yanacağın məzənnəsinin fantastik dərəcədə artması və ona qənaət edilməsinə çağırışlar qarşılığında Rusiya ilə sıx münasibətlər hesabına Serbiyanın xeyli rahat nəfəs alması köhnə qitədə xoşagəlməz presedent yaradır və bəzi ölkələrdə əhalinin ciddi narazılığına səbəb olur. Belqradla münasibətlərdə “kökə və qamçı” siyasəti aparan Qərbin indiki həssas məqamda Kosovo serbləri kartını Serbiya ilə sövdələşmə variantı kimi istifadə edəcəyi şübhə doğurmur. Yeri gəlmişkən, uzun müddətdir ki, Aİ-yə üzvlük və bunun yaradacağı prefernsiyalar barədə Serbiyaya müxtəlif vədlər verən Brüssel bunun qarşılığında iki şərt irəli sürür: Kosovonun müstəqilliyinin tanınması və Rusiya ilə münasibətlərdə vahid Avropa ailəsinin ümumi siyasət kursunun dəstəklənməsi.

Amma Kosovonun müstəqilliyinin tanınması hesabına Aİ-yə üzvlük “hədiyyəsi”ni qəbul edəcək siyasətçinin Serbiyada tapılması ehtimalı demək olar ki, yox səviyyəsindədir. Elə Rusiya ilə bağlı da şərt əslində Belqrad üçün çox sərt dillemadır. Çünki Brüssellə belə sövdələşmə taktiki baxımdan maraqlı görünsə də, strateji nöqteyi-nəzərdən Serbiya üçün məqbul deyil. İlk növbədə ona görə ki, Kosovo serbləri Belqradı onların taleyini sövdələşmə predmetinə çevirməkdə ittiham edəcəklər. İkincisi isə, bu Kosovo məsələsində Belqradı hamıdan çox dəstəkləyən Rusiyanın itirlməsi və beləliklə də, Serbiyanın tam məğlubiyyəti deməkdir . Məhz bu reallıqdan çıxış edən Belqrad son gərginlik zamanı dəstək üçün Moskvaya müraciət etdi. Bu müraciət ilk növbədə NATO-nun Kosovodakı missiyasının (KFOR) ölkədə sabitliyin pozulacağı halda vəziyyətə müdaxilə etməyə hazır olması barədə bəyanata cavab addımı idi. Moskvanın öz növbəsində Serbiyanı dəstəkləməyə hazır olduğunu bildirməsi Blakanlarda Qərb-Rusiya geosiyasi qarşıdurmasının yeni səhifəsinin açıldığından xəbər verir. Silahlı toqquşmalar yaşanacağı halda bu Vaşinqtona NATO-nun daxilində və Qərb ölkələrinin sıralarında mütəşəkkilliyin möhkəmləndirilməsi üçün əlavə şans qazandıracaq. Çünki Rusiyanın Balkanlarda hərbi əməliyyatlarda iştirakı Qərb üçün ən dəhşətli ssenarilərdən biridir. Hərçənd, Ukrayna müharibəsi kimi Serbiya-Kosovo münasibətlərində yaşanan gərginliyin də Rusiyanı müxtəlif regionlarda müharibələrə sürükləmək üçün Qərbin qurduğu xüsusi tələlərdən biri olduğunu inkar etmək olmaz. Amma Moskva da çox ehtimal ki, Serbiyanın vasitəsi ilə Balkanlarda itirilmiş mövqelərini geri qaytarmağa can atır. Digər tərəfdən, Moskva Serbiyanın timsalında nəinki Cənub-Şərqi Avropada, ümumiyyətlə bütövlükdə Avropada özünün yeganə strateji müttəfiqini dəstəkləmək məcburiyyətindədir. Orası da var ki, Serbiya məsələsi Rusiya üçün tarixən taleyüklü əhəmiyyət daşıyıb. Almaniyanın Serbiyaya qarşı 1914-cü ildə, özü də məhz avqust ayında savaşa başlaması məhz Rusiyanın Birinci Dünya müharibəsinə girməsinin formal səbəbi olub.



Deyirlər ki, tarix iki dəfə təkrarlanır: birinci dəfə faciə, ikinic dəfə isə məzhəkə şəklində. Lakin ötən əsrin 90-cı illərində Balkan yarımadasında baş verənlər orada yaşayan xalqlar üçün heç də məzhəkə yox, yeni faciə oldu. Serbiya-Kosovo münasibətlərindəki yeni böhran isə Balkan yarımadasında yeni genişmiqyaslı müharibə üçün qığılcım rolunu oynaya bilər. Böyük güclərin siyasi-diplomatik müdaxiləsindən sonra götürülən taym-autdan sonra bu qarşıdurmanın hansı məcraya yönəlməsi isə Ukraynada gedən müharibədə avqust ayında baş verə biləcək dəyişikliklərdən asılı olacaq. Çünki bu meydançadakı qazanacağı uğuru tərəflərdən hər biri, yəni Qərb və Rusiya Balkanlarda geosiyasi üstünlüyə transformasiya etməyə çalışacaq. Bu isə o deməkdir ki, dünya Balkan yarımadasında yeni hərbi əməliyyatlar meydanına çevrilməsi kimi təlükəli sürprizlə üzləşə bilər.

Sahil İsgənədrov, politoloq

AzVision.az

Teqlər: Balkanlar   təhlükə  







Xəbər lenti