Göz qıyılıb, barmaq tətikdə: Şərqdə atəş açılacaqmı? – VİDEO+FOTOLAR

      Göz qıyılıb, barmaq tətikdə:    Şərqdə atəş açılacaqmı? –    VİDEO+FOTOLAR
  01 Avqust 2022    Oxunub:3826
Uzaq Şərqdəki barıt çəlləyini andıran gərginliyin fonunda ABŞ Konqresinin spikeri Nensi Pelosinin avqustun 4-də Tayvana gedə biləcəyinə dair xəbərlər yayılıb. CNN bildirib ki, Nümayəndələr Palatasının rəhbəri Çinin hədələrinə məhəl qoymadan bu addımı atmağı fikirləşir. Pekinin hədələri isə kifayət qədər ciddi görünür.


Çin Tayvandan cəmi 120 kilometr məsafədə yerləşən Futszyan əyalətində hərbi qüvvə toplamaqda və təlimlər keçirməkdə davam edir. Regiona tanklar, özüyeriyən artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri (RYAS) zenit-raket kompleksləri (ZRK) gətirilir. Atəş məsafəsi 220 km. olan “PHL-16” RYAS-ları adanı rahatca vura bilərlər.



Çinin Xalq Azadlıq Ordusuna məxsus “Z-10” vertolyotları Tayvan körfəzinin sahillərində atış təlimləri keçirirlər. Donanma Tayvanın ətrafındakı sularda irimiqyaslı manevrlər edir. Artıq bir neçə dəfə Çinin təyyarələri Tayvanın HHM sistemlərinin cavabdehlik zonasına daxil olublar.



Cavabında Tayan Tszyai aviabazasından qırıcıları havaya qaldırıb, hava hücumundan müdafiə sistemləri hazır vəziyyətə gətirilib. ABŞ-ın “USS Ronald Reagan” atom aviadaşıyıcı gəmisinin zərbə qrupu Cənubi Çin Dənizində növbə çəkir. Əlavə olaraq “USS Tripoli” və “USS America” gəmiləri də əraziyə göndərilib. Çin isə bundan sonra hipersəs raketlərinin sınaq videosunu yayımlayıb.



Çin Ordusunun şərq komandanlığı rəsmi qaydada bəyan edib ki, ölkənin ərazisinə daxil olan Amerika təyyarələrini vurmağa tam hazırdır. Burada vacib bir dəqiqləşdirməyə ehtiyac var ki, Çin Tayvanı da özünün ərazisi sayır.



Yaranmış vəziyyətdə ABŞ diqqətini Ukrayndan uzaq şərqə yönəldir. Konqresdə Tayvana lend-liz ilə silah tədarükünü nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Respublikaçılar Mişel Stil və Marşa Blekbernin hazırladıqları layihəni hər iki partiya dəstəkləyiblər. Layihəyə görə, Tayvan silahın pulunu 12 il ərzində ödəyə bilər.
Yada salaq ki, bu ilin mayında ABŞ prezidenti Co Bayden Ukraynaya lend-lizlə silah tədarükünü nəzərdə tutan qanunu imzalamışdı.

Belə gərgin şəraitdə Co Baydenin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə söhbəti də gərginliyi azaltmayıb. Cinpin amerikalı həmsöhbətinə bildirib ki, “odla oynamasınlar, yoxsa özlərini yandıracaqlar”.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Uzaq-Şərq  





Xəbər lenti