Qanundankənar ordu: "Vaqner Qrupu" muzdlu axtarır – ARAŞDIRMA

      Qanundankənar ordu:    "Vaqner Qrupu" muzdlu axtarır –    ARAŞDIRMA
  27 İyun 2022    Oxunub:8801
Bu yaxınlarda Ukraynada əsir düşən “Su-25” hücum və hava dəstək təyyarəsinin pilotu dindirilmə zamanı etiraf edib ki, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinə aid deyil və adını bilmədiyi fərdi hərbi şirkətin muzdlusudur. Yəni Rusiya Federasiyasının Cinayət Məcəlləsinə görə 7 ilə qədər azadlıqdan məhrum edilməlidir. Buna baxmayaraq, Rusiya onu nəinki cəzalandırmayıb, hətta xüsusi hərbi tapşırığı yerinə yetirmək üçün təyyarə belə təqdim edib.
Görünən odur ki, peşəkar hərbçilərini Ukraynada itirən Rusiyanın güc strukturları müxtəlif üsullarla, o cümlədən, muzdlu personal cəlb etməklə vəziyyətdən çıxış yolu axtarırlar. Əvvəllər rekrutlar yalnız xüsusi təyinatlı, snayper, istehkamçı, tank/ZTR ekipajı və ya sanitarlar arasından yığılırdısa, indi tələb olunan peşələr sırasında təyyarəçi, REM (radio-elektron mübarizə mütəxəssisi), PUA və hətta HHM operatorları da var. Yəni, ölkənin silahlı qüvvələrinin bütün sahələri üzrə ixtisaslanmış muzdlu (müddətdən artıq hərbi xidmətlə səhv salmayın) şəxsi heyət tələb olunur.


Ukrayna cəbhəsində hərbi cinayətlər törədən özəl şirkətlər arasında "Vaqner Qrupu" (Группа Вагнера) adı altında fəaliyyət göstərən qurum xüsusi yer tutur. Uzun illərdir ki, Suriya və Afrikada Kremlin "xüsusi tapşırıqlarını" yerinə yetirən muzdlu ordusu mart ayından döyüşlərin ən çətin istiqamətlərinə - Mariupol və Donbasa yeridilib. Verdiyi itkilər az olmasa da, adi hərbi birləşmələrdən qat-qat peşəkar olan "Vaqner Qrupu" imkanlarını genişləndirmək üçün daim axtarışdadır və rekrutlar toplayır.
BVF Ukraynada müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırıb

Şirkətin qapalı mənbələrdə yaydığı "namizədlərə tələblər" siyahısından bəlli olur ki, “Vagner”i 24-50 yaş arasında şəxslər maraqlandırır. Xüsusi sahədə mütəxəssis olan, tam sağlam namizədlər 50 yaşdan yuxarı olsalar belə şirkətə götürülə bilərlər. Həqiqi hərbi xidmət keçməyən, amma muzdlu döyüşçü kimi fəaliyyət göstərmək həvəsində olanlar şirkətin təlimatçıları tərəfindən hazırlanacaqlar. İlkin hazırlıq 2 həftəlik kurs müddətində aparılacaq. Namizəd hazır olmasa, təlimin müddəti uzadıla bilər.

Kurs zamanı taktiki, atəş, istehkamçı, snayper hazırlığı, tibb, rabitə və s. təlimləri keçiriləcək. Hazırlıq müddətində bu ixtisaslar üzrə təkmilləşmək mümkündür:
• HHM (hava hücumundan müdafiə)
• istehkamçı mühəndis
• rabitə
• radio-elektron kəşfiyyat
• radio-elektron mübarizə
• artilleriya
• zirehli maşın/tank ekipajı
• hərbi kəşfiyyat
• PUA
• təxribat və antiterror
• həmlə



Yeni qoşulanlar mövsümi çəkmə, flis parçadan gödəkçə, yun termal alt paltarı, nəm çəkməyən termal alt paltarı, 70 litr həcmində bel çantası, yataq çuvalı, rulon döşək, taktiki oturacaq, 2 dəst sahə uniforması, su qabı, zirehli jilet (6B45), dəbilqə (6B47), taktiki əlcəklər, dizlik, dirsəklik, taktiki ballistik gözlüklər, ixtisas üzrə xüsusi patron çantaları (atıcı, pulemyotçu, snayper) və tibbi ləvazımatı ilə təmin olunurlar. Əgər alışdığınız şəxsi təchizatınız varsa, rəngindən asılı olmayaraq, gətirib istifadə edə bilərsiniz.

Bu müddəalardan sonra “Vagner”in rəsmiləri iddia edirlər ki, heç bir qanunu pozmurlar, "Rusiyanın maraqlarına cavab verən hərbi fəaliyyət" isə Cinayət Məcəlləsinin "muzdlu döyüşçü" maddəsinə və onun bəndlərinə şamil oluna bilməz...

Rekrutların “Vagner”in bazasına qədər yol xərcləri tam ödənilir. Bunun üçün biletlərin saxlanılması vacıbdir. Məzuniyyətlər də tam şəkildə hesablanaraq, təmin edilir. Təbii ki, o vaxta qədər muzdlu Ukraynanın meşə və çöllərində məhv olmasa...
Müqavilə üzrə ödənişlər/mükafatlar hərbi bazada nəğd şəkildə verilir və ya sənədləri əlavə qeyd olunmuş etibarlı şəxslərin - məsələn, ailə üzvlərinin hesabına köçürülür. Bundan əlavə, Rusiyanın iri şəhərlərinə etibar etdiyiniz şəxslərin adına göndərişlər də mümkündür. Burdan aydın olur ki, "Vagner Qrupu" ən azı maliyyə-vergi çəhətdən Rusiya ərazisində açıq fəaliyyət göstərir.


Müqavilə üzrə ödənişdən əlavə, xüsusi əməliyyatların uğurla həyata keçirilməsindən sonra aylıq məvacibin 3 mislinə bərabər mükafatlar verilir. Ödənişlərin mütəmadiliyi şirkətin imici baxımından vacib olduğundan, vaxtlı-vaxtında aparılır. Məntiqlidir: Axı balaca qeyri-leqal ordunun maaşını gecikdirmək ciddi problemlərlə nəticələnə bilər!..

“Vagner” 2014-cü ildə “Krım əməliyyatı” və Ukraynanın şərqində başladılan hibrid müharibədən bəri 8 ildir ki, bütün ödəniş məsələləri bilavasitə muzdlu və ya onun nümayəndəsi/varisi ilə həll olunur. Bunun üçün hazır sistem mövcuddur. Bu üsulla KİV-ə və ya digər beynəlxalq qurumlara müraciət edərək, hərbi cinayətlərin üstünü aça biləcək narazıların yaranmasının qarşısı alınır.


Şirkətin hazırki vakansiyaları:
• atıcılar, pulemyotçular, qumbaraatan atıcıları, snayperlər
• həkimlər və feldşerlər
• təmirçilər, sürücülər
• TƏİR (tank əleyhinə idarəolunan raket) kompleksi operatorları, minaatan və s. artilleriya personalı, tankçılar, PDM/ZTR ekipajları, zirehli daşıyıcı ekipajları
• PUA operatorları və texniki işçiləri
• rabitəçilər, REM və elektron kəşfiyyat mütəxəssisləri, artilleriya və aviasiya zərbələri tuşlayıcıları
• müxtəlif təyinatlı HHM sistemləri operatorları, döyüş təyyarəsi və helikopter pilotları.

Hans Kloss
AzVision.az üçün

Ukraynadakı müharibə mövzusunda bu yazıları da oxuyun:
Müharibəni uzatmağın reaktiv siyasəti
// ABŞ niyə Ukraynaya cəmi 4 ədəd HİMARS verdi?



Teqlər: Müharibə   Ukrayna   Vaqner  





Xəbər lenti