“Şuşa İli” çərçivəsində “Vikipediya”nın gürcü dili bölməsində məqalələr yaradılacaq

“Şuşa İli” çərçivəsində “Vikipediya”nın gürcü dili bölməsində məqalələr yaradılacaq
  18 May 2022    Oxunub:1590
“Şuşa İli” çərçivəsində “Vikipediya”nın gürcü dili bölməsində məqalələr yaradılacaq. Təlimlər Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin, “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin, “Qorqud” Vikipediya Metodik Klubunun və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Vikipediya”nın gürcü dili bölməsində “Şuşa İli” çərçivəsində məqalələrin yaradılması ilə bağlı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin idarə heyətindən Leyla Əmrahova və “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mehman İbrahimovla fikir mübadiləsi aparılıb. Yaxın günlərdə mərkəzin gəncləri təlimlərdə iştirak edəcəklər. Burada əsas məqsəd gürcü dili bölməsində Azərbaycana aid və Şuşanın tarixi ilə bağlı məqalələrin yaradılması, eyni zamanda, mövcud olan məqalələrin zənginləşdirilməsidir. Sonda təlimləri uğurlu başa vuran və məqalələr yaradan könüllülərə “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüskarı, Milli Məclisin deputatı Elnur Allahverdiyev və AMEA Mərkəzi Elmi Kitabxananın direktoru professor Məmməd Əliyev tərəfindən sertifikat və fəxri diplomlar veriləcək.

E.Eltürk “Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyətli fəaliyyətin aparıldığını da bildirib. Qeyd edib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 38-dən 39-cü yerə yüksəlib. Keyfiyyət artımı Azərbaycan “Vikipediya” icmasının uğurlu töhfəsidir və onların gərgin əməyinin nəticəsidir. Azərbaycanda “Vikipediya” hərəkatı daha da genişlənəcək. Bu həm də doğma dilimizin varlığının inkişafı deməkdir. Dilimizi qorumaq, yaşatmaq hər birimizin müqəddəs borcudur. “Viki” könüllülər bu işin önündə gəlirlər.

AzVision.az



Teqlər: Şuşa-İli  





Xəbər lenti