Berdiməhəmmədov "Cəhənnəm qapısı"nı söndürməyi tapşırdı

Berdiməhəmmədov    "Cəhənnəm qapısı"nı    söndürməyi tapşırdı
  08 Yanvar 2022    Oxunub:2867
Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov səlahiyyətli şəxslərə Qaraqum səhrasında yerləşən və xarici turistlər arasında “Cəhənnəm qapısı” kimi tanınan məşhur qaz kraterini söndürmək üçün üsullar tapmağı əmr edib.
AzVision.az xəbər verir ki, bu barədə ölkə televiziyaları məlumat yayıb.

Dövlət başçısı videobağlantı vasitəsilə hökumətin iclasında çıxış edərək, neft-qaz kompleksinə rəhbərlik edən Baş nazirin müavini Şaxım Abrahmanova məsələ ilə bağlı müvafiq tapşırıqlarını verib. Berdiməhəmmədov qeyd edib ki, uzun illərdir Darvaza rayonunda külli miqdarda təbii qaz yanır. Türkmənistan liderinin sözlərinə görə, bu cür vəziyyət ətraf mühitə və yaxınlıqda yaşayan insanların sağlamlığına pis təsir edir.

- Biz xaricə çıxarıla bilən qiymətli xammalı və bundan əldə olunacaq vəsaitin xalqın rifahının yaxşılaşdırılmasına sərf etmək imkanını itiririk. Bununla əlaqədar mən sizə tapşırıram ki, elm adamlarını toplaya, lazım gələrsə bura xarici mütəxəssisləri cəlb edəsiniz və bu yanğını söndürməyin yolunu tapasınız, - dövlət başçısı deyib.

Qeyd edək ki, bu məşhur qaz krateri ölkənin paytaxtı Aşqabaddan 266 kilometr kənarda, Darvaza kəndi yaxınlığındakı Qaraqum səhrasında yerləşir. 1971-ci ildə təbii qaz axtarışı üçün quyu qazılan zaman burada genişmiqyaslı çökmə prosesi baş verib. Geoloqlar çuxurdan çıxan qazın bir neçə günə tamamilə yanacağına ümid edərək onu yandırmaq qərarına gəliblər. Amma bu günə kimi yanmaqda davam edən qazın yaratdığı alovlar turistləri cəlb edib. Bu ərazi səyahətçilər arasında “Cəhənnəm qapısı” kimi tanınır və diametri təxminən 60 metr, dərinliyi isə 20 metr olan çökəklikdən ibarətdir. Çökəklikdən yüzlərlə alov nöqtələri çıxır. Hər il yanan kraterə xeyli sayda ekskursiyalar təşkil edilir, xüsusən də gecələr bu ərazi möhtəşəm görüntü yaradır.

2018-ci ildə isə krater "Qaraqum səhrasının parıltısı" rəsmi adını aldı. Türkmənlər özləri nadir hallarda krateri görməyə gəlirlər. Onlar “Qaraqum səhrasının parıltısı”nda nəyinsə mistik olduğunu istisna etmirlər. 2019-cu ilin avqustunda isə Berdiməhəmmədovun özünün kraterə idman avtomobili ilə gəlib baş çəkdiyi bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkmənistan   Prezident   Qaz-Krateri  





Xəbər lenti