Korrupsionerləri əvəz edənlər: `Avromaydan` liderləri necə yaşayırlar

Korrupsionerləri əvəz edənlər: `Avromaydan`  liderləri necə yaşayırlar
  04 Aprel 2014    Oxunub:3599
Ukraynada `Avromaydan` hərəkatı zamanı Yanukoviç hökumətinə qarşı əsas etirazlardan biri də korrupsiya ilə bağlı idi. Çevrilişdən sonra Viktor Yanukoviçin malikənəsinin fotolarını hər kəs gördü. Hətta onun “Mejiqorya”dakı malikanəsində korrupsiya muzeyi yaradılır və ekskursiyalar da təşkil olunur.

Orada həm qır-qızıl, həm göllər, həm fontanlar, həm də heyvanxanalar var... Lakin Yanukoviçin bütün qızılları keçmiş baş prokuror Viktor Pşonkinin varidatı qarşısında sönük görünür. Keçmiş baş prokurorun evində `Faberje yumurtaları`, əntiq əşyalar və daha nələr-nələr tapılıb.

Bəziləri sevinir ki, korrupsionerlər öz bəzəkli yuvalarını qoyub qaçıb. Hakimiyyətə isə dünənki müxalifət gəldi. Ancaq bu `yeni hakimiyyət` - dünənki `Maydan` liderləri necə yaşayırlar?

Başlayaq Yuliya Timoşenkodan. Ukrayna mətbuatının məlumatına görə, onun ailəsinin malikanələr kolleksiyası var.



Fotoda sol tərəfdə gördüyünüz onun Konça-Zaspedəki (Kiyevin cənub-şərqində rayon) rahat `yuva`sıdır. Həmin evə Yuliya Timoşenko 2006-cı ildə köçüb. Malikanənin sahəsi 450 kvadrat metrdir.

Konça-Zaspedə Timoşenkonun şəxsi limanı və Dneprin sahilində çimərliyi var.

Timoşenkonun evindən bir qədər aralıda onun qızı Yevqeniyanın malikanəsi (şəkildə sağdan aşağıdakı ev) yerləşir.

Timoşenko ailəsinin Kiyevdəki evlərinin isə sayı-hesabı yoxdur. Yuxarıdakı iki ev Timoşenko ailəsinin Dnepropetrovskun mərkəzi hissəsindəki evləridir. Sağ tərəfdəkində onun anası bacısı ilə birgə yaşayır. Sağdan ikinci evdə isə Timoşenkonun xalası qızınındır. Timoşenkonun anası ilə bacısının evini daxili həyət ayırır. Bu yaxınlarda isə həmin həyətdə daha bir villa tikilib.

Keçək Vitaliy Kliçkoya. O, Kiyevin düz mərkəzində, qəribə 6 mərtəbəli binada 225 kvadrat metrlik mənzildə yaşayır.



Onun evinə qonaq olan müxbirin söylədiklərinə görə, məşhur boksçunun 3 mərtəbədə 6 yaşayış otağı, 4 vanna otağı və tualet var. İki qonaq otağının üzərində isə (diqqət!) şəffaf döşəməsi və divarları olan kitabxana yerləşir.

Bu mənzil idmançının yeganə evi deyil. Onun paytaxtda daha 5 mənzili var. Bununla yanaşı, iddia edirlər ki, onun əsas malikanəsi Hamburqda yerləşir və 4 mərtəbədən ibarətdir. Kliçko özü isə digər evləri təkzib edərək bildirir ki, onun malik olduğu yeganə mənzil şəkildə gördüyünüz 225 kvadratmetrlik mənzildir.

İndi isə üz tutaq Ukraynanın yeni baş naziri Arseniy Yatsenyukun evinə.



O, keçmiş prezident Viktor Yanukoviçin qonşusudur. Bəli, məşhur “Mejiqoriya”nın yaxınlığında yaşayır. 2013-cü ildə onun evinə qonaq gedən müxbirlər qeyd edirlər ki, hər tərəf mühafizəçilərlə doludur.

Ukraynalı jurnalistlərin məlumatına görə, Arseniy Yatsenyuk yaşayış sahəsi 160 kvadrat metr olan ikimərtəbəli kottecdə yaşayır. Evinin yanında mühafizəçilər üçün yer, hovuz, bağ, uşaq meydançası 114 kvadrat metrlik qonaq evi var.

Ukraynalı siyasətçi və iş adamı Pyotr Poroşenko isə “Ağ Ev”də yaşayır.



Onun yaşayış yeri Konça-Zaspedə, Kozin qəsəbəsində yerləşir. Proşenkonun sarayının yanında bir də nisbətən kiçik evi var. Ondan bir az kiçiyi isə qonaqlar üçün nəzərdə tutulub.

Bundan başqa malikanənin həyətində ayrıca hamamı, günlük çardağı və meşəsi var.

Qeyd edək ki, Pyotr Poroşenko Ukraynanın ən varlı biznesmenlərindən biridir. Ötən ilin fevralında Forbs onun varidatını 1.8 milyard dollar dəyərində qiymətləndirib və onu Ukrayna varlılarının içərisində 5-ci yerə layiq görüb.

AzVision.az bu materialın hazırlanmasında korrespondent.net, segodnya.ua, www.mobus.com, tsn.ua və s saytların yaydığı fotolardan istifadə edib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti