Sınaqlarımız Avropada tanınacaq

Sınaqlarımız Avropada tanınacaq
  01 Aprel 2013    Oxunub:1546
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərzaq məhsullarının sınağı laboratoriyası Almaniya Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunub
Bu barədə AzVision.az-a Standartlaşdirma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, artıq komitənin laboratoriyasının sınaq protokolları Avropa Birliyi ölkələrində tanınacaq
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kənd təsərrüfatı və ərzaq məhsullarının sınağı laboratoriyası Almaniya Akkreditasiya Qurumu (DAkkS) tərəfindən akkreditasiya olunub. DakkS mütəxəssislərinin sınaq laboratoriyasında apardıqları auditin nəticəsində qurulmuş infrastruktur, tətbiq edilən müasir sınaq avadanlıqları, səriştəli kadr potensialı və sınaqların düzgün metodlarla aparılması xüsusi qiymətləndirilmiş, bütün növ ərzaq məhsullarının sınağının İSO/İEC 17025:2005 beynəlxalq standartı əsasında həyata keçirildiyi barədə qərar qəbul edilib. Bundan başqa DakkS AzTEST-in laboratoriyasında bütün növ ərzaq məhsullarının mikrobioloji sınağını, o cümlədən meyvə şirələrində ağır metallar və titrlənən turşuların təyini, qablaşdırılmış içməli sularda kimyəvi analizləri yüksək qiymətləndirmiş, adıçəkilən sahələr üzrə də laboratoriyanı akkreditasiya edib.

Beləliklə, nüfuzlu Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycan Respublikasında qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyət kimi qiymətləndirilməkdədir. Belə ki, Komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınması ilə yerli müəssisələr istehsal etdikləri ərzaq məhsullarının Avropa Birliyi ölkələrinə ixracı zamanı heç bir maneə ilə üzləşməyəcək, ixrac imkanları genişlənəcək, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şərait yaranacaq.


Teqlər:  





Xəbər lenti