Bakıda evlər bahalaşır – RƏQƏMLƏR

Bakıda evlər bahalaşır – RƏQƏMLƏR
  01 Aprel 2013    Oxunub:1546
5 il əvvəlki ipoteka böhranından sonra səngimiş əmlak bazarı sürətlə dirçəlməyə başlayıb.
Ölkə iqtisadiyyatına yatırılan investisiyalar, büdcə xərclərinin artımı və əhalinin pul gəlirlərinin yüksəlməsi özünü əmlak bazarında da göstərir. İlin əvvəlindən bəri mənzillərin qiyməti ilə maraqlanan hər kəs bu prosesdən xəbərdardır. Təkcə son bir ildə Bakıda mənzillərin qiyməti 13% yüksəlib, paytaxtın bəzi rayonlarında isə mini-qiymət rekordları qeydə alınmaqdadır.

Amma dəyişikliklər təkcə qiymətlərlə məhdudlaşmır. Əmlakla aparılan əməliyyatların sayı da artıb. Ən əsası odur ki, bu proses bütün dünyada gedir.
Fevral ayında Bakının daşınmaz əmlak bazarında 2008-ci ilin qiymət artımlarını xatırladan kəskin bahalaşma qeydə alınıb. Təkrar bazar, yəni köhnə mənzillərlə yanaşı, torpaq sahələri və kommersiya obyektləri də bahalaşıb.
Belə ki, məlumatlara əsasən, Bakının demək olar ki, bütün rayonlarında mənzillərin qiyməti bir il əvvələ nisbətən yüksəkdir. Bakı şəhərinin 11 rayonu və Abşeron rayonunu əhatə edən ərazidə 12 rayondan 11-də qiymətlər bir il əvvələ nisbətən yüksəkdir – qiymətlər azı 6% yüksəlib. 6 rayonda qiymət artımı 10%-dən, 2 rayonda 15%-dən yüksəkdir. Qaradağ rayonunda isə qiymətlər 28% artıb. Ümumilikdə Bakıda köhnə mənzillər bir il əvvələ nisbətən 13%-ə yaxın bahalaşıb.

Mənzillərin qiyməti ilə bağlı digər maraqlı məqam ondan ibarətdir ki, tarixində ilk dəfə olaraq yalnız bir rayonda (Abşeron rayonunda) mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1000 dollardan aşağıdır. Qalan bütün rayonlarda qiymətlər 1000 dollardan yüksəkdir.

İndiyədək qiymətlərin 1000 dollardan aşağı olduğu Suraxanı, Xəzər və Qaradağ rayonlarında orta qiymət 1000 dollarlıq həddi keçib. Bakının digər rayonlarında da indiyədək görünməyən yüksək qiymətlər qeydə alınıb. Belə ki, Nərimanov rayonunda orta qiymət ilk dəfə olaraq 1600 dollarlıq, Nəsimi rayonunda isə 1700 dollarlıq həddi keçib. Bakının onsuz da ən bahalı rayonu sayılan Səbaildə isə mənzillərin orta qiyməti 2200 dollardan yüksəkdir.

Uzunmüddətli ucuzlaşma dövründən sonra ilk dəfə olaraq fevral ayında Bakıda torpaqların qiymət artımı qeydə alınıb. Mərkəzdə qiymət artımı cüzi olsa da, şəhər kənarlarında bahalaşma 12-30% arasındadır. Şəhər kənarında qiymətlər artıq bir il əvvəlki həlli keçib.

Əmlak bazarındakı aktivləşmə təkcə qiymətlərin artımından ibarət deyil. Əmlakla əməliyyatların sayı da artıb. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatlarına görə, ilin ilk 2 ayında ölkədə əmlakla aparılan əməliyyatların sayı 25 minə yaxın olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən təqribən 12% artıqdır. Bir il əvvəllə müqayisədə bütün əmlak növləri üzrə əməliyyatların sayı yüksəlib. Özü də bu təkcə bizdə baş vermir. Dünyanın əmlak bazarında baş verən tendensiyaları izləmək üçün ABŞ-dakı vəziyyəti bilmək kifayətdir. Bu da səbəbsiz deyil – dünyanın ən böyük əmlak bazarı olmaqla yanaşı, həm də demək olar ki, bütün ipoteka böhranları ABŞ-dan başlayıb. Ona görə də bu bazardakı tendensiyalar ümumilikdə əmlak sektorundakı əhval-ruhiyyəni əks etdirir. Əhval-ruhiyyə isə son məlumatlara görə pis deyil. Birləşmiş Ştatlarda əmlakın alqı-satqısı artır, mənzil və evlərin qiymətləri isə sürətlə yüksəlməkdədir. Bu ilin yanvar ayında ABŞ-da mənzillərin qiymət artımı 2006-cı ildən indiyədək ən yüksək həddə çatıb. Doğrudur, hazırda qiymətlər böhrandan əvvəlki həddən hələ 30% aşağıdır. Amma analitiklər bu il qiymətlərin daha 6-7% artacağını bildirirlər.

3 il əvvəlki borc böhranından sonra Dubayda hələ də yarımçıq tikinti layihələri qalmaqdadır. Amma hazırda əmirlik yeni əmlak bumuna hazırlaşır, əlbəttə ki, özünəməxsus dəbdəbə və meqa layihələrlə. Bir qədər əvvəl Dubay rəhbərliyi əmirliyin turizm və ticarət imkanlarının artırılması ilə bağlı planlarını elan edib.
Bu plana əsasən Dubayda dünyanın ən böyük ticarət mərkəzi, 100-dən çox hotel və park tikiləcək ki, bu da öz sahəsinə görə Londondakı məşhur Hayd-parkdan 30 dəfə böyükdür. Yerli şirkətlər hətta yeni süni adaların yaradılacağını da bildiriblər. STR Global şirkətinin hesablamalarına görə, qarşıdakı bir neçə ildə Dubayda 19 min yeni hotel nömrəsi istifadəyə veriləcək ki, bu da indiki nömrələrin (63 min) təqribən 3-də biri deməkdir.

Son 1 ildə Bakı şəhəri və Abşeron rayonunun təkrar bazarında qiymət dəyişməsi:
Qaradağ 28,47 %
Nəsimi 16,04 %
Xəzər 15,06 %
Binəqədi 13,49 %
Səbail 12,70 %
Xətai 10,94 %
Nizami 9,76 %
Nərimanov 9,70 %
Sabunçu 9,66 %
Yasamal 8,76 %
Abşeron 6,68 %
Suraxanı -1,66 %


“Baku Post”


Teqlər:





Xəbər lenti