Atılmışlar: "Hər kəs haqqını yox, borcunu bilsin!" – Nadir Qocabəylinin yazısı

  Atılmışlar:  "Hər kəs haqqını yox, borcunu bilsin!" –  Nadir Qocabəylinin yazısı
  31 İyul 2021    Oxunub:3596
Yəqin ki, xatırladınız. Vaxtilə Bəxtiyar Vahabzadənin bu adda poeması xeyli populyar idi. Bu poemaya televiziya tamaşası da çəkilmişdi. İnsanlar atılmış körpələrin və atılmış valideynlərin faciəsinə göz yaşları içərisində baxır, günahkarları qınayır, ittiham edir, şairlə həmrəy olurdular.
Məhkəmə qurulsun!
Atılmışların
uzaq, gözdənuzaq sığınacağında.
Vicdanlar əyləşsin o gün hakimin
biri sol yanında, biri sağında.
Məhkəmə qurulsun, hökm verilsin,
hər kəs haqqını yox, borcunu bilsin!
Balasını atan analar ilə
anasını atan balalar gəlsin.

O vaxtdan xeyli keçib. Bu mövzu zaman-zaman gah geri çəkilib, gah da qabarıb. Deyilənlərə və yazılanlara görə, son zamanlar yeni doğulan körpələrin küçəyə, zibilxanalara atılması halları yenə çoxalıb. Çoxalıbsa, deməli, azalıbmış… Onları ya təsadüfü adamlar aşkarlayaraq dövlət qurumlarına təhvil verir, ya da talesizlikdən küçə heyvanlarının hücumuna məruz qalırlar. Dəhşətdir! Bu o deməkdir ki, atılmış çağaları küçədə it-pişik yeyir...

İnsanlar haqlı olaraq belə suallar verirlər: Ana körpəsini niyə küçəyə atır? Balasını qorumaq bütün canlıların əsas instinktlərindəndirsə, hansı səbəblər bir ananı körpəsini atmağa vadar edə bilər? Gəlin bu sualllara cavab tapmağa çalışaq.

Bəli, bizə həmişə təlqin və təbliğ olunub ki, ana-övlad sevgisi sevgilərin ən qüvvətlisi, ən ülvisidir. Buna, əlbəttə, şübhə ola bilməz. Amma məsələ təkcə təbliğatla məhdudlaşmır. Biz həyatda da son dərəcə fədakar, özünü balasına qurban verən, onun yolunda hər şeyindən keçən analar görmüşük və bu gün də görürük. Gənc yaşında əri müharibədə həlak olan, qəzada ölən, xəstəlikdən tələf olan bir çox analar övladlarının taleyini gözə alaraq, yenidən ailə qurmayıb, övladlarına ögey ata, atalıq himayəsi yaşatmaq istəməyiblər. Övladlarını böyütmək, boya-başa çatdırmaq üçün ən ağır işlərdə çalışıb, ən dəhşətli məhrumiyyətlərə dözüblər. Ac, yuxusuz qalıblar, köhnə, nimdaş geyiniblər. Bu gün də bu cür şəhid xanımları az deyil.

Ancaq təəssüflər olsun ki, dünyaya övlad gətirib, ondan dərhal canını qurtarmaq istəyənlər də tapılır və deyilənə görə, bu hallar son zamanlar yenə də artıb. Bir vaxtlar tələbə yataqxanasının zibilliyindən körpə uşaq tapılması faktını xatyırlayıram. Uşağın anasını tanıyırdım, rayondan Bakıya oxumağa gələn normal, şən, enerjili bir qız idi. Təbii ki, yaşamaq, əylənmək, sevib-sevilmək istəyirdi. Ancaq kimsə onun təcrübəsizliyindən, valideynlərinin, qohum-qardaşının uzaqda olmasından, nəzarətsizliyindən sui-istifadə etmiş, sonra da atmışdı. Onları sevgi, yüksək ülvi hisslər, mənəvi duyğular yox, müvəqqəti əyləncə, ani həzz, heyvani instinkt birləşdirmişdi və bu təmasın nəticəsi haqqında düşünməmişdilər. Yalnız aradan bir müddət keçdikdən sonra başa düşmüşdülər ki, “səhv ediblər”. Problemi həll etmək üçün, təbii ki, bu haqda danışıb-məsləhətləşmişdilər, qərar qəbul etməyə çalışmışdılar, ancaq qəbul edə bilməmişdilər. Çıxış yolunu “yükü” atmaqda görmüşdülər. Əvvəlcə “ata” aradan çıxmış, övladının anasını tək qoymuşdu, sonra rüsvayçılıqdan, bədnamlıqdan, hətta potensial ölüm təhlükəsindən qorxan “ana” bu yükdən xilas olmağa çalışmışdı.

Bəs onlar bu “ağır yükdən”, rüsvayçılıqdan qurtula bildilərmi? Əlbəttə, yox. Bir yanlışdan ikincisi, ikincidən üçüncüsü, üçüncüdən dördüdüncüsü doğur, yanlışlar cinayətə keçir və ədədi silsilə ilə sonsuza qədər davam edir.

Çıxış yolu nədir?
Cəmiyyət bu halı radikal şəkildə pisləyir, əxlaqa, mənəviyyata zidd olduğunu söyləyir, yazarlar bu haqda yazılar yazır, jurnalistlər reportaj hazırlayır, rejissorlar filmlər, rəssamlar rəsmlər çəkir, bəstəkarlar musiqilər bəstələyir, gənclərə yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılamağa çalışırlar. Təbliğat, əlbəttə, lazımdır və etiraf edək ki, problemin minimuma enməsində ciddi rol oynayır. Ancaq yazının əvvəlində qeyd etdiyim kimi, daha çox kampaniya xarakteri daşıyır. Kampaniyaların effekti isə adətən müvəqqəti olur, yəni kampaniya bitdikdən sonra problem qaldığı yerdən davam edir.

Alternativ varmı?
Gəlin düşünək. Hər bir problemin həllini tapmazdan qabaq onu doğuran səbəbləri araşdırmaq, problemin mahiyyətinə varmaq, sosial-psixoloji qatlara enmək lazımdır. İnsan da bir canlıdır və təbii ki, instinktləri, ehtirasları, şəhvət duyğusu var. Təcrübə göstərir ki, insana təkcə moizə oxumaqla, mənəviyyat aşılamaqla onu öz ehtiraslarından tam olaraq çəkindirmək olmur. Təcrübə onu da göstərir ki, sərt qadağalar, ağır cəzalar da çox zaman köməyə gəlmir və hətta əks nəticələr doğurur.

İnsan bir “eqo”dur, yəni ən çox özünü düşünən varlıqdır. Buna heç “özünü düşünmək” də demək olmaz, çünki insan da bütün digər canlılar kimi instinktiv olaraq tələbatlarını ödəməyə, özünü qorumağa məhkum edilib. Tanrımı, yaxud təbitəmi bizi belə yaradıb? Nə qədər pafoslu, gurultulu sözlər danışsaq da, mənəviyyat və əxlaq kitabları yazıb-oxusaq da, insan hər hansı səbəbdən təhlükə ilə üzləşəndə ilk növbədə özünüqoruma instinkti işə düşür və bütün əməlləri, cinayətləri məhz bu instinktin diktəsi altında edir. Ona görə də elə bir mühit yaratmaq lazımdır ki, insanlarda bu instinktin işə düşməsi üçün münbit şərait yaranmasın. Yəni insan özünə qarşı ciddi təhlükə hiss edərək, onun təsiri altında bəd əməllər, cinayət törətməsin. Bətnində nikahsız körpə gəzdirən qadın ictimai qınaqdan, rüsvayçılıqdan, hətta qətlə yetirilməkdən qorxaraq, onu məhv etməsin.

Hər bir qadın ilk nöbədən anlamalıdır ki, köməksiz, aciz bir körpəni küçəyə, zibilliyə atmaq ağır cinayətdir. Bunun təbii ki, inzibati cəzası da olmalıdır. Eyni zamanda, onu da dərk etməlidir ki, hansısa məsuliyyətsiz, yüngül əyləncələr, ani həzlər bu cinayətin əsasını qoyur. Əlbəttə, belə bir təsəvvür var ki, guya bunları hamı bilir, ancaq əminəm ki, çoxları mahiyyəti dərk edəcək qədər ağıllı, ciddi və məsuliyyətli deyil. Bunlar fasiləsiz aşılanmalıdır, ancaq daha təsirli və cəlbedici üsul və formalarla.

Növbəti addım qeyri-qanuni, nikahsız uşaq dünyaya gətirməyə hazırlaşan, yəni artıq bu səhvi edən qadınların, doğulacaq körpələrin ictimai, mədəni və fiziki təhlükəsizliyidir. Tutaq ki, qadın artıq səhvi edib və atılıb. Çıxış yolu cəmiyyətin onu qınaması, söyüb-yamanlaması, intihara sövq etməsi, hətta öldürülməsinə haqq qazandırması ola bilərmi? Məncə, yox. Ən əvvəl ona görə ki, indiyəcən göstərilən bu sayaq münasibətin elə də güclü təsiri olmayıb. Yəni ortada müsbət nəticə, demək olar ki, yoxdur. Elə buna görə, həm də sırf insanı, mədəni, sivil baxımdan yanaşmaqda fayda var. Həmin qadınların sığına, kömək, məsləhət, yardım ala biləcəyi qurumlar, müəssisələr olmalıdır. Onlar anonimliyi, hamilə qadının və doğulacaq körpənin təhlükəsizliyini təmin etməlidirlər ki, bir səhvdən saysız-hesabsız silsilə səhvlər, cinayətlər, bədbəxtliklər, faciələr doğmasın.

Nadir Qocabəyli
Azvision.az



Teqlər: Atılmış-uşaqlar  





Xəbər lenti