Xoşbəxtlik qayğıları – Şahanənin yazısı

   Xoşbəxtlik qayğıları –    Şahanənin yazısı
  12 İyul 2021    Oxunub:4100
“Xoşbəxtlik. Lənətə gəlmiş xoşbəxtlik!” Həmişə ya çox kədərli, ya da çox sevincli olanda belə deyirəm.
Dünyanın altını üstünə, üstünü də altına çevirməyi bacaran biriyəm. Həm mənfi, həm də müsbət mənada. Məsələn, bir də görərsən, beş nəfərin görəcəyi işi edərəm, “yükü” çəkərəm. Zərif çiyinlərim sızlasa da, qayğıdan, problemlərin həllindən qaçmaram.
Bəzən isə yorularam, günlərlə sükuta qərq olaram. Gölməçənin bulanıq suyunda dolaşan balıq kimi var-gəl edərəm. Süquta uğramış ölkə, şəhər kimi mən də çökərəm. Ovulub, ətrafa yayılaram. Ancaq az sonra simam yenə ətrafa sevinc, sevgi, həyat saçar. İçimdə o qədər insan, həyat sevgisi olar ki, onun ətrafa dağılıb, tökülmək təhlükəsi yaranar.

Arada qəzəbləndiyim də olur. O isə başqa bir aləmdir, bir sözlə ifadə etsək, vulkan püskürməsidir…
Mən bu insanam: Boyundan və gücündən də çox şeyləri etməyi bacaran, ayaqlarını yerə ümidlə, ehtiyatla, sevgi ilə basan…

Di gəl ki, “Xoşbəxtlik” sözünü eşidəndə dizimin bağları çözülür, ayaqlarım qatlanır, yerimdə qalıram. Haradan və necə başlayacağımı, nəyi necə həll edəcəyimi bilmirəm. Dünyanın ən gücsüz, aciz bəndəsinə çevrilirəm.

Lənətə gəlmiş xoşbəxtlik hər yanda bizi qarabaqara izləyir. Ona əl uzadanda isə xəyallar kimi boşluğa toxunuruq, yoxa çıxır. Dəli oluruq, həyəcanla, nəfəsimiz kəsilərək arxasınca qaçırıq… Yoxdur, biz onu qovduqca, bir az da uzaqlaşır. İnsan isə ömrünün sonuna, lap elə son nəfəsinə kimi xoşbəxtlik axtarır. Son anında da dərk edir ki, yaradılışımızın məqsədi yalnız və yalnız xoşbəxtlik uğrunda savaşmaqdır. 60-70-80 illik ömrümüzü xoşbəxtliyi axtarmağa sərf edirik. Başqa heç nə…
Təbiət özü bizdən xoşbəxt olmağı tələb edir. Uşağına süd verən Anaya körpəsinə mutluluq ötürməsini şərt qoyur. Hər əməlimizin sevgidən yoğrulmasını diqtə edir. Biz təbiətə qarşı çıxıb, bundan qaça bilmərik.

Həyatda hər şey sevgiyə, xoşbəxtliyə qulluq etməlidir. Aldığımız geyimlər, yediyimiz yeməklər, oxuduğumuz kitablar, sevdiyimiz insanlar, evləndiyimiz qadınlar və ya kişilər, işlədiyimiz yerlər, iş yoldaşlarımız… hamısı xoşbəxtliyin əsgəri olmalıdır.

İnsanın açması saçlarının ucundan dırnağına qədər xoşbəxt olmasıdır. Həyat belə olmalıdır. Bədənimizdən mutluluq süzülməlidir.

Çıxın qabığınızdan. Qorxmayın. Kiçik bir missal: Həmişə işə gedib-gəldiyiniz eyni yolu bir gün dəyişin. Başqa bir yoldan gedin. Yetər ki, sizin üçün yeni yolda dəyişiklik və ya maraqlı nəsə olsun. Həmişə kənardan baxdığınız, bahalı olduğuna görə heç vaxt getmədiyiniz restorana gedin. Siz aylar ərzində işləyirsiniz ki, nəhayətdə özünüzü mükafatlandırasınız.

Uşaq dünyaya gətirəndə “Yaşım keçir, tək uşaqla olmaz” fikrilə ikinci övladı doğmayın. Onlar qoyun və ya quzu deyillər ki, bir baş var, ikinci baş da olsun. Qoyun “atasına bənzəyən gözəl gözlü qızım var, anasına bənzəyən oğlum da olsun” fikri sizi fəth etsin. Doğuşun məqsədi gözəl bir varlığa həyat vermək olsun. Statistikanı artırmaq yox.

Valideyinlərinizin seçdikləri ilə evlənib, ömrünüzün axırına kimi gözünüz orada-burada sevgi axtarmayın. Siz dünyaya 5 dəfə deyil, 1 dəfə gəlirsiniz. Hər yaşda da bir dəfə olursunuz. Hər anınızı sevgi, ehtiras, məhəbbətlə keçirmək sizin doğal haqqınızdır. Çirkin oğlanı (qızı) sevirsinizsə, evlənin. Ailə qurub boşanmış qadını sevirsinizsə, evlənin. Narahat olmayın, insanların sizi qınaması üçün həmişə “səbəb”ləri olacaq. Yetər ki, ürəyinizin xəbəri olmadığı insanla eyni yastığa baş qoymayın.

Axına qarşı getməyə qorxmayın. Şablonları dağıdın. Üsyan edin, mutluluğunuza mane olan hər kəslə, hətta doğmalarınızla böyük müharibələr aparın.

Bircə içinizdəki o qıvırcıq kəpənəkləri öldürməyin. Xoşbəxt olmayan ürək adamsız kəndə, şəhərə, bəlkə də, xarabalığa bənzəyir. Özünüzə qıymayın bunu. Həyat axı, belə olmalı deyil…

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İnsan-həyatı  





Xəbər lenti