Tarif Siyasəti: Labüddür, amma çıxış yolu deyil – TƏHLİL

      Tarif Siyasəti:    Labüddür, amma çıxış yolu deyil –    TƏHLİL
  02 İyul 2021    Oxunub:2730
Tarif (qiymət) Şurası tərəfindən ölkədə Aİ-92 markalı benzin ilə dizel yanacağı bu ilin yanvarında bahalaşdırıldıqdan, fevralın 1-dən isə suyun qiyməti artırıldıqdan sonra ilin ortasında qazın və işığın da tariflərinə baxılacağı gözlənilən idi. Belə də oldu...
Lakin, sonuncu qiymət dəyişikliyi ilin əvvəlindəki qiymət artımları ilə müqayisədə az əhəmiyyətə malikdir. Belə ki, Tarif Şurasının 30 iyun 2021-ci il tarixdəki məlum qərarına əsasən, məsələn, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın qiyməti dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb .

Elektrik enerjisi üzrə artıma yol verməmək üçün isə elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılaraq , 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. Əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün isə tarif hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb. “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi əksinə, 20 qəpikdən 13 qəpiyə endirilib.

Sözün qısası, bir növ qiymətlərə redaktə edilib. Və bu da təbiidir: İlin əvvəlindəki qiymət artımları inflasiyaya çox təsir etdi. İstehlak bazarında qiymətlər hələ də qalxmaqda davam edir. Belə bir fonda əhali üçün elektrik enerjisinin və qazın tarifi də ciddi şəkildə qaldırılsa idi, bunun təsiri lap çox pis ola bilərdi. Lakin göründüyü kimi, Tarif Şurası buna getmədi.

İstənilən halda qiymətlərə 3-4 ildən bir yenidən baxılmalıdır. Bu, qaçılmaz xarakter daşıyır. Çünki istehlak artır, dünya bazarlarında vəziyyət dəyişir, yeni sərmayə qoyuluşlarına ehtiyac yaranır və s. Ancaq bütün bunlarla yanaşı, idarəetmə də təkmilləşməlidir, səmərəlilik artmalıdır, itkilər durmadan azaldılmalıdır. Başqa sözlə desəm, dövlət idarəetməsində tənzimləyici xüsusiyyət genişlənməlidir.

Yox, əgər bütün işlər yalnız məsələn, Tarif Şurasının benzinin və suyun qiymətinin artırılması haqda məlum əsaslandırmalarından ibarət olacaqsa və səmərəsiz təsərrüfatçılıq fəaliyyəti davam edəcəksə, onda sırf tarif siyasəti ilə heç nəyə nail olmaq mümkün deyil.

Diqqət yetirin: Tarif Şurası hər dəfə qiymət dəyişiklikləri etdikdə əsaslandırmalar eyni cür olur və yalnız bir mahiyyət daşıyır. Yəni, qeyd edilir ki, istehlak artıb, gəlirlər xərcləri ödəmir, dövlət tərəfindən subsidiya verilir, fəaliyyət rentabelsiz xarakter daşıyır və s. Doğrudur, təbii qazın tarifinə yenidən baxılmasına səbəb məhz istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişlənməsi, abonentlərinin sayının 18 faizə yaxın artması nəticəsində xərclərin yüksəlməsidir. Lakin tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı doğrudanmı, azalacaq?! Səmərəlilik artacaqmı?

Və yaxud, məsələn, “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifinin 7 qəpik endirilməsi qurumun xərclərinin ödənilməsinə müsbət təsir edəcəkmi?

Tarif Şurasının qərarında qeyd olunur ki, əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlak həcmi təxminən 1,3 min kubmetrdən 1,6 min kubmetrə, ümumi istehlak həcminin isə 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlmiş və qaz təchizatı üzrə zərər daha da artmış, nəticədə həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanmalı olmuşdu. Odur ki, xidmət səviyyəsini yüksəltmək, dövlət büdcəsindən asılılığı aradan qaldırmaq və investisiya qoyuluşlarını təmin etmək, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərini tam ödəmək üçün tarifləri artırmağa zərurət yaranıb.

Sual edirəm: 2017-ci ildən sonra ölkədə təbii qazın hasilatı və istehlakçıya çatdırılması üzrə təsərrüfat sahəsində hansı keyfiyyət dəyişiklikləri baş verib?! Bəli, abonentlərin sayı artıb, təchizat dairəsi genişlənib. Bəs təsərrüfat fəaliyyətində səmərəlilik və idarəetmədə irəliləyiş olubmu? Xeyr. Halbuki, artıq Avropaya,qaz ixrac edirik.

Sual edirəm: Nəyə görə Azəriqaz SOCAR-ın tabeliyindədir?!

Prezident misal gətirmişdi ki, qazlaşdırma Dövlət Neft Şirkətinin vəzifəsi olduğu halda, büdcənin hesabına aparılır. "Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur? Axı, bu bilavasitə onun işidir, onun vəzifəsidir", - deyə dövlət başçısı qeyd etmişdi.

Ona görə də, əsas çıxış yollarından biri özəlləşdirmədir. Dövlətin payı yüksək olan, səhm paketi 100 faiz dövlətə məxsus qurumların müəyyən hissəsi mütləq özəlləşdirilməlidir. Bu, həmin şirkətlərə investisiyaların cəlb olunmasına, eyni zamanda, idarəçiliyində əyintiləri, səmərəsizliyi aradan qaldırmağa yol açacaq.

Ümumiyyətlə, idarəetməni asanlaşdırmağa və borclanma, o cümlədən, maliyyə hesabatlılığı üzrə nəzarət kimi məsələlərə sırf dövlətin müdaxiləsi yolu ilə nail olmaq əsla mümkün deyil.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Tarif  





Xəbər lenti