Amerika Yəhudi Komitəsinin baş ravvini ermənilərin iddiasını əsassız saydı

   Amerika Yəhudi Komitəsinin baş ravvini ermənilərin iddiasını əsassız saydı
  01 İyul 2021    Oxunub:1386
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 1 iyul tarixində KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının növbədənkənar sessiyasında iştirak edib.
QMİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, KAİCİİD Direktorlar Şurasının daxili prosedurlara həsr olunmuş onlayn toplantısının gündəmində duran əsas məsələ qurum adından bəyanatların verilməsi üçün meyarların müəyyən edilməsi idi.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə onlayn sessiyada çıxış etdi. Beynəlxalq Mərkəzin bəyanat meyarlarının diqqətlə nəzərdən keçirilməsini vacib kimi dəyərləndirən Şeyxülislam A. Paşazadə bildirdi ki, bununla bağlı Kommunikasiya departamentinin təkliflərini müsbət qarşılayır. QMİ sədri xüsusi vurğuladı ki, dünya dinlərinin təmsil olunduğu Mərkəz olaraq KAİCİİD-in dini məkanların təhqir edilməsi hallarına olduğu kimi, bütün dinlərdə müqəddəs sayılan insan həyatına qəsd hallarına öz birmənalı münasibətini bildirməsi arzu olunandır.

KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Əsasnaməsində siyasətə qarışmamaq barədə müddəanı xatırladan Şeyxülislam A.Paşazadə qeyd etdi ki, baş verən hər hansı zorakılıq hallarında qətl edilən uşaqlar, qocalar varsa, bu siyasi məsələdir və dinə aidiyyatı yoxdur demək, laqeydliklə susmaq düzgün olmaz. Azərbaycanın dini lideri mülki şəxslərə qarşı törədilən hər hansı terror və ekstremist aktlarını, nifrətə çağırışları, xüsusilə də insan tələfatı ilə nəticələnən əməllərin dini və ya qeyri-dini mahiyyəti üzrə təsnif edilməsinin əleyhinə çıxış edərək, KAİCİİD-in motivasiyasından asılı olmayaraq zorakılıq faktlarına dair münasibətin bildirilməsinin məqsədəuyğun olduğuna diqqəti çəkdi. Şeyxülislam A. Paşazadə bunu onunla əsaslandırdı ki, din xadiminin, dini liderin borcu müqəddəs dəyər olan insan həyatının və mənəvi dəyərlərin qorunmasıdır. Bu baxımdan, QMİ sədri KAİCİİD-in yalnız dinlər deyil, mədəniyyətlər arası, yəni toplumlar arası dialoq üzrə ixtisaslaşmasına uyğun olaraq təkcə dini deyil, bəşəri əhəmiyyətli humanitar məsələlərə öz münasibətini bildirməsini məqsədə müvafiq və zəruri hesab etdi.

Bu əsnada çıxış edən Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru baş ravvin David Rosen ölkəsində olan erməni din xadimlərinin ona müraciət edərək, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında guya erməni dini abidələrinin dağıdılması barədə məlumatlar verməsi və buna dair bəyanat verməyə təhrik etdiklərini onlayn sessiya iştirakçılarının diqqətinə çatdırdı. David Rosen qeyd etdi ki, onun bu məsələyə dair hər hansı bəyanat verməkdən imtinasının səbəbi həmin məlumatların həqiqəti əks etdirmədiyini, heç də dini təəssüb deyil, siyasi mahiyyət daşıdığını fərq etməsi olub. Belə ki, D. Rosen Direktorlar Şurasında həmkarı olan Şeyxülislam A. Paşazadənin KAİCİİD tribunasından etdiyi mütəmadi çıxışlardan Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində 67 məsciddən 65-nin, 2 pravoslav kilsəsinin və sinaqoqların dağıdılıb təhqir olunması barədə məlumatlara malik olduğunu bildirdi. Şeyxülislam A. Paşazadə, öz növbəsində, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosenin din xadiminə layiq mövqeyini təqdir etdi və belə bir prinsipial yanaşmasına görə Azərbaycan xalqı adından ona təşəkkür etdi.

Onlayn sessiya məhsuldar keçdi.

Azvision.az


Teqlər: Baş-Ravvin  





Xəbər lenti