Rezidenturaya qəbulun şərtləri elan edildi

 Rezidenturaya qəbulun şərtləri elan edildi
  26 May 2021    Oxunub:1653
2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının vaxtı bəlli olub.
Azvision.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulunun internet vasitəsi ilə aparıldığını deyib.

DİM sədri bildirib ki, imtahanda iştirak etmək üçün namizəd 2021-ci il mayın 26-dan iyunun 4-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

"Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2021-ci il mayın 26-dan iyunun 4-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir)".

M.Abbaszadə qeyd edib ki, əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir.

"Birinci mərhələdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi, ikinci mərhələdə isə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi olacaq. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2021-ci il iyunun 20-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) 2021-ci ilin iyul ayında, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə sentyabr ayında keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar".

DİM sədri, həmçinin vurğulayıb ki, hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır: "Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar. Qəbul elanının tam mətni "Rezidentura" jurnalının 2-ci sayında dərc olunub".

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti