Prezidentdən 4 saatlıq möhtəşəm master-klass

 Prezidentdən 4 saatlıq möhtəşəm master-klass
  28 Fevral 2021    Oxunub:9722
Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransını tarixi hadisə adlandırmaq olar. Azərbaycanda ilk dəfə idi ki, ölkə rəhbəri 4 saatdan artıq müddətdə canlı yayımla dünyanın 35 ölkəsini təmsil edən 50-dən çox jurnalistin suallarını fasiləsiz cavablandırırdı.
Mətbuat Konfransının Xocalı soyqırımının 29-cu ildönümü gününə təsadüf etməsi xüsusi əhəmiyyət daşıyır. Məhz Xocalı faciəsi qurbanlarının anım günündə soyqırım həqiqətlərinin ölkə başçısı tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni barbarlığının, erməni faşizminin təkzibolunmaz faktlarla ifşasının nüfuzlu KİV-lərin manşet xəbərlərində tirajlanması informasiya cəbhəsində növbəti böyük qələbəmiz oldu.

Əlbəttə, bu, ilk növbədə beynəlxalq medianın Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi Azərbaycana artan diqqətindən xəbər verir. Artıq dünya mətbuatının ölkəmizə münasibəti xeyli dəyişib. Əvvəllər Azərbaycan həqiqətlərinə biganəlik nümayiş etdirən, haqq səsimizi eşitmək istəməyən əcnəbi media mənsubları indi mövcud reallığı öz gözləri ilə görməyə, işıqlandırmağa can atır.

Dünyanın müxtəlif yerlərindən Bakıya təşrif buyuran jurnalistlər üçün Prezident İlham Əliyevin açıqlamaları, verdiyi mühüm mesajlar kifayət qəfər böyük maraq kəsb edirdi. Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra regionda yaratdığı yeni reallıqlar fonunda media nümayəndələrinin müxtəlif suallara cavab axtarışı ilə paytaxta gəlişi, ölkəmizə xüsusi diqqət ayırmaları dövlət başçısının şəxsi nüfuzunun və dünya müstəvisində liderliyinin göstəricisidir. Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə xarici KİV-lərə 30-dan artıq müsahibə verməsi də burada önəmli rol oynayır.

Sözügedən müsahibələrdə Prezident Ermənistanın işğalçılıq siyasətini, bu ölkənin əsl təcavüzkar mahiyyətini ifşa etdi. 44 gün ərzində həm döyüş meydanında, həm də informasiya cəbhəsində düşmənə sarsıdıcı zərbələr vuruldu. Ölkə başçısının Qarabağ mövzusunda heç nədən, heç kimdən çəkinmədən, bütün təzyiqlərə rəğmən qətiyyətli mövqe ortaya qoyması və tarixi faktlara istinadla verdiyi müsahibələrdən sonra Azərbaycana qarşı qərəzli fikirlər müəyyən mənada müsbətə doğru dəyişməyə başladı.

İndi regionda vəziyyət tamamilə fərqlidir, Azərbaycanın yaratdığı geosiyasi reallıq dünya mediasının da diqqətini cəlb edir.

Prezidentin fevralın 26-da geniş müzakirələrə səbəb olan mətbuat konfransı keçirərək yüksək diplomatik məharət, natiqlik nümayiş etdirməsi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirməsi, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırım siyasətinə yönəltməsi informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirir.

Ölkə başçısı müsahibəsində Xocalı və Qarabağ həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə vacib mesajlar da çatdırdı. Həmçinin Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər, hədəflər göstərildi.

Mətbuat konfransında ölkə başçısına ünvanlanan suallar onu göstərir ki, qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası kifayət qədər genişlənib. Bu isə ondan xəbər verir ki, dünyanın aparıcı media qurumları regiondakı hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır, real vəziyyətə dair informasiyanı birbaşa ölkəmizdən əldə etməyə üstünlük verir.

4 dildə müsahibə verən yeganə dövlət başçısı kimi tarixə düşən Prezident İlham Əliyev ikinci Qarabağ müharibəsindən sonra ictimaiyyəti narahat edən bəzi suallara konkret faktlar əsasında detallı şəkildə cavab verməklə vətəndaşlarımız üçün qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirdi.

Xatırladaq ki, 4 saat ərzində ölkə başçısı heç bir sualdan yayınmadı, bütün sualları diqqətlə dinləyərək arqumentlərə söykənən cavablar verdi, hətta təxribatçı sualı belə peşəkarcasına, təmkinlə cavablandırmaqla Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etdi.

Dövlət başçısı Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərində fəaliyyətinin müvəqqəti olduğunu bildirərək, hazırda azsaylı ermənilərin yaşadığı Xocalı və digər ərazilərimizin aqibətinin necə olacağı məsələsinə nöqtə qoydu. Hər kəsi maraqlandıran bu sualın cavabında Azərbaycan lideri “Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar”, -deyə bəyan etdi.

Ölkə rəhbəri, eyni zamanda bəzi dairələr tərəfindən məqsədilə şəkildə gündəmə gətirilən status məsələsində də birdəfəlik aydınlıq gətirdi və bildirdi ki, bundan sonra heç bir statusdan söhbət gedə bilməz.

"O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır".

Bundan əlavə, dövlət başçısı Ermənistanda revanşizm fikrinə düşənlərə də açıq mesaj verdi. Erməniləri belə təxribatçı fikirlərdən daşınmaya çağıran Prezident "dəmir yumruğun" yerində olduğunu xatırlatdı.

Müsahibə əsnasında azad edilmiş torpaqlarda ermənilərin törətdikləri dağıntılar barədə ətraflı məlumat verən ölkə rəhbəri erməni vandalizminin iç üzünü növbəti dəfə dünyaya nümayiş etdirdi. Prezident, həmçinin azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri, Böyük Qayıdışla bağlı planlardan da söz açdı.

Prezidentin hər bir suala dəqiqliklə cavab verməsi, peşəkar xüsusiyyətləri sözün həqiqi mənasında xarici media nümayəndələrini heyrətləndirdi. Təəccübünü gizlədə bilməyən Böyük Britaniyadan olan jurnalist ilk dəfə belə mətbuat konfransında iştirak etdiyini söylədi:

“Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım”.

Ümumilikdə, Prezident İlham Əliyevin 4 saatlıq müsahibəsi xarici media nümayəndələri üçün möhtəşəm master-klass oldu. Dövlət başçısı bununla daha bir ilkə imza atdı. Mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu keçdi.

Bir sözlə, Azərbaycan yenidən dünyanın diqqətini özünə cəlb etdi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik siyasi lider, peşəkar diplomat olduğunu bir daha gördü.

Azvision.az


Teqlər: Prezident   Mətbuat-Konfransı  





Xəbər lenti