BNA yanında İctimai Şura yaradılıb

BNA yanında İctimai Şura yaradılıb
  19 Fevral 2021    Oxunub:2183
Şəhər nəqliyyat sisteminin inkişafında, əhaliyə keyfiyyətli, müasir və təhlükəsiz nəqliyyat xidmətlərinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şura yaradılıb. Şuranın tərkibi nəqliyyat üzrə ekspertlər və Qeyri-Hökumət Təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrini təmsil edən 9 nəfərdən ibarətdir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a bildirilib ki, fevralın 19-da agentliyin idarə heyətinin sədri Vüsal Kərimlinin İctimai Şuranın üzvləri ilə ilk görüşü keçirilib. İctimai Şuranın yaradılmasının əhəmiyyətini qeyd edən idarə heyətinin sədri bunun agentliyin öz fəaliyyətində şəffaflığın, aşkarlığın və ictimai nəzarətin gücləndirilməsinə verdiyi önəmin göstəricisi olduğunu deyib.

Hesablama Palatası BNA ilə bağlı Baş Prokurorluğa müraciət edəcək
İctimai Şura şəhər nəqliyyatı sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı agentliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

Görüşdə Şuranın gələcək fəaliyyət istiqamətləri, şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Şura üzvləri agentliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, şəhər nəqliyyatı ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər. Şuranın nəqliyyat sahəsində ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına töhfə verəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti