Naxçıvanda iqtisadiyyatın inkişafı diqqət mərkəzindədir

Naxçıvanda iqtisadiyyatın inkişafı diqqət mərkəzindədir
  28 Yanvar 2021    Oxunub:2774
Son illər ərzində muxtar respublikada irimiqyaslı və hərtərəfli iqtisadi islahatlar uğurla reallaşdırılıb, həyata keçirilən davamlı tədbirlər sayəsində əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal və emal sahələrinin, həmçinin müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyi əhəmiyyətli investisiya mənbəyidir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, təkcə 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən müxtəlif sahələr üzrə 142 layihənin maliyyələşdirilməsinə 15 milyon 577 min manat məbləğində güzəştli kreditlər ayrılıb. Bu kreditlərin 11 milyon 798 min manatı yeni emal müəssisələrinin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin stimullaşdırılması məqsədilə sənayenin müxtəlif sahələrinə yönəldilib.

Güzəştli dövlət maliyyə dəstəyindən yararlanmaqla rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən sənaye müəssisələrinin yaradılması müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, idxaldan asılılığın azaldılması ilə yanaşı, ixrac potensialının artırılmasında da əhəmiyyətli rol oynayır.



2020-ci ildə kənd təsərrüfatı sahəsində yeni investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi, məhsuldarlığın ilbəil artması ilə bağlı meyvə-tərəvəz məhsullarının tədarükünün daha səmərəli təşkili sahəsində də işlər davam etdirilib. Belə ki, süd məhsullarının istehsalı və qablaşdırılması, quşçuluq, arıçılıq, bağçılıq, əkinçilik, qovurma istehsalı, fermerlərin tələbatdan artıq istehsal etdikləri kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaları üçün soyuducu anbar və əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixana kompleksi sahələrinin yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 131 layihə üzrə 2 milyon 831 min manat dövlət maliyyə dəstəyi göstərilib. O cümlədən ötən il fond tərəfindən 3490 kvadratmetr sahəsi olan 3 istixana təsərrüfatının yaradılmasına 27 min manat, ümumi tutumu 1720 ton olan 6 soyuducu anbarın yaradılmasına 821 min manat güzəştli kredit vəsaiti ayrılıb.

Qeyd edək ki, dövlət maliyyə dəstəyi hesabına ümumi tutumu 1050 ton olan 2 soyuducu anbarın yaradılması davam etdirilir.

Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi son illərdə muxtar respublikanın rayon və kəndlərində xeyli sayda kiçik müəssisələrin yaranmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə təsir edən mühüm amillərdəndir.



Ötən il bu istiqamətdə müəyyən edilmiş tapşırıqlara müvafiq olaraq yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, onların fəaliyyətinin stimullaşdırılması və istehsal sahələrinin genişləndirilməsi üçün 50-yə yaxın ailə təsərrüfatına 603 min 600 manat dövlət maliyyə dəstəyi göstərilib. İl ərzində mütəmadi olaraq fond tərəfindən verilmiş kreditlərin iqtisadi səmərəliliyi araşdırılıb, təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılıb.

Bütün bu faktlar bir daha onu göstərir ki, muxtar respublikada sahibkarlığın inkişafı daim dövlət dəstəyi və qayğısı ilə əhatə olunub və bundan sonra da davam etdiriləcək. Çünki bu, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat   Sahibkarlıq  





Xəbər lenti