Barama istehsalı ilə bağlı müşavirə keçirilib
Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyev aqrar sahənin inkişafını prioritet istiqamət elan edib. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir. Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı sahəsində işlər davam etdirilir.
Onlayn müşavirədə "Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər və əldə edilən nəticələr müzakirə olunub. Bildirilib ki, dövlət dəstəyi nəticəsində ölkədə baramaçılıq sahəsinə maraq artıb. Tədbirdə yaş barama istehsalı və emalı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrozootexniki qaydalarına uyğun tut ipəkqurdlarının bəslənməsinə riayət etməklə barama istehsalının artırılması məsələləri müzakirə olunub. Onlayn müşavirədə baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi məsələlərinə də toxunulub.
Baramaçılıqla bağlı tədbirlər planına əsasən işlərin davamlı təşkili, kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına qulluq işləri və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Müşavirədə baramaçılığın inkişafı ilə bağlı səsləndirilən təkliflər qeydə alınıb, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Azvision.az