Müvəqqəti vergi rejimi tətbiq edilib
Sadələşdirilmiş vergiödəyicisi olan və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu müddət bitdikdən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərlərsə, sahibliyində qalan mallara görə vergi orqanına müəyyən olunmuş formada məlumat təqdim etməlidirlər.
Dövlət Vergi Xidməti tərəfindən belə vergiödəyiciləri tərəfindən təqdim edilməli olan “Sadələşdirilmiş vergiödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2021-ci il yanvarın 1-dən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərkən sahibliyində qalan ictimai iaşə fəaliyyəti üçün alınmış mallar barədə” Məlumat Forması təsdiq edilib və Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Məlumatın təqdim edilməsi sadələşdirilmiş vergiödəyiciləri tərəfindən ƏDV-si əvəzləşdirilməyən malların təqdim edilməsi zamanı yenidən ƏDV-yə cəlb edilməməsi, yəni eyni mala görə 2 dəfə ƏDV-nin ödənilməsi yükünün vergiödəyicisinin üzərində qalmaması məqsədini daşıyır. Təqdim edilən məlumatda göstərilən malların sonradan təqdim edilməsi, o cümlədən ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi ƏDV tutulan dövriyyə hesab edilməyəcək.
Azvision.az